Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2019
16:58
262
Maştağada Gülçülük massivi – UNUDULMUŞ MƏKAN...

Son illər Bakıətrafı qəsəbələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra işlər görülüb. Yeni yollar salınıb, infrastruktur yenilənib, nəqliyyat xidməti yaxşılaşıb və s.  

Ancaq elə ərazilər var ki, orada müəyyən problemlər var və qalmaqdadır. Belə ərazilərdən biri də Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu adlanan ərazidir. Ərazidə yaşayanların sayı son illər əhəmiyyətli dərəcədə artıb. Ancaq ictimai nəqliyyat sarıdan sakinlər ciddi çətinliklərlə üzləşirlər. Qeyd edək ki, sözügedən əraziyə “Koroğlu” metrostansiyasından 166 saylı avtobus işləyir. Sözügedən marşrut xətti həm də Daş karxanası adlanan əraziyə sərnişindaşıma ilə məşğul olur. Ancaq problem ondadır ki, sözügedən ərazidə yaşayan sakinlər 166 saylı marşrut xəttindən bərk narazıdırlar. Onlar deyirlər ki, saatlarla avtobus gözləməli olurlar. 166 saylı marşrutun sürücüləri vaxt cədvəlinə əməl etmirlər. Nəticədə sakinlər xeyli vaxt itirməli olurlar. Xüsusən də gecə vaxtı daha çox problem olur. Bu marşrut avtobusunda sərnişinlərdən bəzisi qapıdan sallanaraq gedirlər. Bu da onların həyatı üçün ciddi təhlükə yaradır. Bir ay əvvəl belə acınacaqlı vəziyyətə görə sərnişinlərdən birinin etirazı sürücü ilə mübahisəyə səbəb olub. Hadisə baş verən zaman sərnişinlərdən biri əvvəlcə sürücüyə xəbərdarlıq edib, bundan sonra isə mobil telefonla həmin anı qeydə almağa başlayıb. Daha sonra həmin sürücü işdən azad olunub. Ancaq bütün bunlar marşrut probleminin həllinə gətirib çıxarmayıb.

Gülçülükdə yaşayan Naib Mirzəyev “Bakı-Xəbər”ə müraciətində marşrut sarıdan çox ciddi problemlə üzləşdiklərini dedi: “Bu marşrut camaata zülm edir. Kefi istəyəndə gəlir, kefi istəyəndə gəlmirlər. Bəzən saatlarla gözləməli oluruq. Gələndən sonra da yerindən gec tərpənir. Nə qədər “141 - qaynar xətt”ə şikayət etmək olar. Xüsusən də şənbə-bazar günləri daha çox əziyyət çəkirik. Xəttə çox az avtobus olur. Bazar günü “Koroğlu” metrostansiyasından Gülçülüyə getmək üçün 40 dəqiqədən çox 166 saylı avtobusu gözlədim. Hələ məndən əvvəl də gözləyənlər var idi. Məcbur qalıb yolun yarısını 163 saylı avtobusla getdik. Ondan sonra yolumuza piyada davam etdik”.

Digər sakin Əhməd Xəlilov da avtobusların şənbə-bazar günlərində interval qaydalarının “qurban”larından biridir. Hər həftəsonu Gülçülüyə gedənlər onun kimi saatlarla avtobus gözləyir, ümidi kəsilənlər taksilə mənzil başına çatırlar. Nəticədə 2 manat xərcləməli olurlar. Daha doğrusu, buna məcburdurlar. Bu zaman sərnişinlərin vaxt itkisini, pozulan əsəblərini heç demirik.

Avtobus qıtlığı təkcə həftəsonu deyil, hər gün saat 22:00-dan sonra sakinlərin əsas problemlərindən birinə çevrilib. Yay-qış fərqi yoxdur, vəziyyət eynidir. İşdən, istirahətdən, gəzintidən qayıdanlar dayanacaqlarda saatlarla avtobus gözləyirlər. Nəticədə isə evə taksi ilə qayıtmaq məcburiyyətində qalırlar. İllərdir mövcud bu problem sakinləri bezdirib.

Sakinlərin şikayətindən o da aydın oldu ki, taksidən başqa onlar üçün alternativ nəqliyyat yoxdur. Onlar bunu onunla izah etdilər ki, digər marşrutlar ərazidən uzaq məsafədən keçirlər. Məlum oldu ki, Daş karxanasında yaşayanlar lazım gələndə 107, 131, 186 saylı avtobuslardan istifadə edirlər. Düzdür, həmin avtobuslardan istifadə edərkən piyada azı 1 kilometr getməli olurlar, amma nə qədər olmasa da, bu, onlar üçün müəyyən qədər alternativ variantdır. Ancaq Gülçülük sakinləri bundan məhrumdurlar, ona görə ki, məsafə çox uzaqdır. Belə olan halda, yalnız taksidən istifadə olunmalıdır ki, bu da onlara maddi baxımdan sərf etmir. Çünki ərazidə yaşayanların çoxu muzdlu sahələrdə işləyən fəhlələrdir. Az-çox imkanı olan şəxsi avtomobilindən istifadə edir.  

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, Gülçülükdə yollar pis vəziyyətdə olduğu üçün, avtobuslar ora rahat işləyə bilmir: “Ona görə də problemin həlli yolların düzəldilməsindən keçir. Düzdür, işıqfordan sağa döndükdən sonra Daş karxanasındakı 22 saylı məktəbə qədər yollar yaxşı vəziyyətdədir. Ancaq Gülçülük istiqamətində olan yol yaxşı vəziyyətdə deyil. Yəni yol şəraiti normal deyil. O üzdən, yollar düzəlməlidir. Bildiyim qədər, Gülçülükdəki yolların düzəldilməsi ilə bağlı müvafiq qurumlar tərəfindən iş aparılır. Bizim öhdəmizə düşən məsələ isə avtobusların yenilənməsi, əlavə marşrut xəttinin təşkili və xəttə olan avtobusların sayını artırmaqdır. Bu işlər görülür və bundan sonra da görüləcək. Ancaq bununla bağlı birinci növbədə yol infrastrukturu uyğun vəziyyətə gətirilməlidir. Çünki yol infrastrukturu yaxşı olmayanda avtobuslar tez sıradan çıxır”.

Problemin yollarla bağlı olduğunu nəzərə alaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. A.Nəcəfli sözügedən ərazidə yolların onların balansında olmadığını bildirdi: “Sözügedən ərazi bizim yox, Sabunçu Rayon İcra Hakimiyyətinin balansındadır. Ancaq buna baxmayaraq, İcra Hakimiyyətindən müraciət olanda imkan daxilində yolların təmirini həyata keçiririk. Ya da öz imkanlarımız daxilində gələcəkdə bu problem həll oluna bilər. Çünki Maştağanın Savalan yaşayış massivi də bizim balansımızda deyil, amma biz öz imkanlarımız daxilində yolun təmiri ilə bağlı işləyirik. İnşallah, yaxın müddət ərzində işlər yekunlaşacaq. O cümlədən, Maştağanın qəsəbədaxili küçələri var ki, bərbad vəziyyətdədir. Uzun müddət baxımsız qalıb. Daxili imkanlar hesabına orada da müəyyən işlər həyata keçiririk”.

Məsələyə aydınlıq gətirmək üçün Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, buna aydınlıq gətirən olmadı. Çox istərdik ki, müvafiq qurumlar tez bir zamanda problemi həll etsinlər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Maştağa 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 03:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com