Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Noyabr

2016
09:43
1562
İlqar Məmmədov üçün həlledici həftə: siyasətçi azad ediləcəkmi?

REAL sədri İlqar Məmmədovun noyabrın 18-də Ali Məhkəmədə baxılacaq kasasiya şikayətinə sayılı günlər qaldı. Günlər keçdikcə vicdan məhbusunun Ali Məhkəmə tərəfindən azadlığa buraxılacağı ilə bağlı fikirlər cəmiyyət daxilində ayaq açıb yeriməyə başlayıb.

İndiyə qədər İ.Məmmədovun çoxsaylı məhkəmə prosesləri olub. Amma indiki qədər bəlkə də onun azad olunacağına ümidlər olmayıb. Bunun da bir sıra səbəbləri var. Öncəliklə bu ilin martından başlayaraq, Ali Məhkəmənin Avropanın əsas diqqət mərkəzində olan siyasi məhbusları azad etməsi, REAL sədrinin həbsinin yarıdan çoxunu geridə qoyması, eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinin onun azadlığa buraxılması ilə bağlı 6 qətnaməsinin olması ümidlərin artmasına səbəb olan əsas amillərdir. 

Bütün bunlardan əlavə, İ.Məmmədova qarşı hakimiyyətin qərəzli münasibəti də gündəmə gəlib. Təsadüfi deyil ki, onunla birlikdə eyni hadisə üzrə həbs edilən, eyni maddələrlə təqsirli bilinən, əfv müraciəti belə yazmadan Müsavat başqanının müavini Tofiq Yaqublu bu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb. İ.Məmmədov da əfv yazmayıb, lakin azad olunmur. Bütün bunlar bir sıra suallar yaradır.

Image result for Tofiq Yaqublu

T.Yaqublu “Yeni Müsavat”a açıqlamasında ayın 18-də REAL sədri ilə bərabər onun da məhkəməsinin olacağını bildirdi: “Paralel şəkildə mənim də məhkəməm olacaq. Məhkəmənin bu qədər uzadılmasına səbəb bizim Avropa Məhkəməsinə göndərəcəyimiz şikayətin qarşısını almaq idi. Bildiyiniz kimi, həbs-qətimkan qərarı ilə bağlı edilən şikayətə Avropa Məhkəməsi tərəfindən dərhal baxılır. Mənim də bu qərardan verdiyim şikayətə dərhal baxıldı və Azərbaycan hakimiyyəti yüksək məbləğdə cərimələndi. İlqar Məmmədovun qərarda dərhal azad olunması tələb olundu. Hakimiyyət bilir ki, həbs-qətimkan qərarından verilən şikayətə tez baxılıbsa, Ali Məhkəmədəki kasasiya şikayətinin nəticəsindən verilən şikayətə də tez baxıla bilər. Bu qədər müddətdə məhkəmə prosesinin zamanı uzadıla bilməzdi. Ayın 18-də keçiriləcək məhkəmədə sözsüz ki, bəraətdən söhbət gedə bilməz. Şərlənib həbs edilən üzərində öz səhvlərini etiraf edə bilməzlər. İlqar bəylə bağlı bəzi gözləntilərim var. Avropa Şurası Nazirlər Kabinetinin İlqar Məmmədovla bağlı 6 qətnaməsi var. Sonuncu qətnamədə isə hətta məsələ belə qoyulub ki, İlqar Məmmədov azad olunmasa, 42-ci maddə tətbiq olunacaq. Burada sanksiya məsələsindən söhbət gedir. Bu qədər ictimai və beynəlxalq basqını nəzərə alıb onu azad edə bilərlər. Bəraət verməsələr də, başqa yollarla onu azad edə bilərlər. Düşünürəm ki, hakimiyyət bu qərarı verməlidir”.

Image result for mirvari qəhrəmanlı

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı İ.Məmmədovun hakimiyyət üçün təhlükəli olması ilə bağlı deyilən fikirlərlə razılaşmır: “Düşünmürəm ki, İlqar Məmmədov hakimiyyət üçün təhlükəlidir, yaxud hakimiyyət ondan qorxur deyə həbsdən azad etmir. Belə söhbətlər İlqar bəyin xeyrinə işləmir. Bilərəkdən, yaxud bilməyərəkdən söylənilən ”hakimiyyət qorxur, çəkinir" tipli mesajlar ümumiyyətlə müdafiə məqsədli deyil. İlqar bəyin azad olunması üçün bu tipli “müdafiə” dəyişməlidir. O, güclü, ağıllı siyasətçidir. Yəqin həbsinin kökünü də bilir. Ümidvaram ki, İlqar bəy tezliklə həbsdən azad olunacaq".

Xatırladaq ki, İ.Məmmədov 2013-cu ilin yanvarında İsmayıllı rayonundakı hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru