Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 İyun

2015
16:59
5989
Keyfiyyətsiz dondurmaları tanıyaq - ARAŞDIRMA

İsti yay günlərində sərinlik tapmaq üçün dondurmadan istifadə edirik. Dadından və görünüşündən asılı olaraq zövqümüzə görə dondurmanı seçirik. Elə mən də Nərimanov parkında isti günün altında sərinləmək üçün dondurma yeməyə qərara gəldim. Məndən öncəki alıcılar çəki ilə satılan dondurmanın qarışığından alıb getdilər. Düşündüm ki, hər halda bu dondurma daha dadlı olar. Satıcıya yaxınlaşıb 50 qəpik verərək dondurma aldım. Dondurma o qədər boş idi ki, bir dəqiqə çəkməmiş əriyib əlimdən düşdü. Dadı, meyvənin suya qarşığına bənzəyirdi. Həmin satıcıya yaxınlaşıb başqa dondurmaları da soruşdum. 50 qəpikdən tutmuş 2 manat 50 qəpiyə qədər dondurmaları saydı. Bahalı dondurmaların əksəriyyəti xaricdən gətirilən dondurmalar idi. Satıcının dediyinə görə, ən çox satılan dondurmalar isə stəkanda plombir dondurmaları idi: “Hamı ucuz dondurmaya qaçır. Ona görə ən çox satılan dondurma 50 qəpiklik olan plombirlərdir.” Soyuducular isə dondurmaları kifayət qədər soyutmurdu. Onu da deyim ki, bir az əvvəl aldığım dondurmanı yedikdən bir neçə dəqiqə sonra mədəmdə narahatlıq yarandığını da hiss etdim.

Daha bir dondurma satanla söhbətləşdim:

- Dondurmaların qiymətlərini zəhmət olmasa deyərdiz.

- 40 qəpikdən başlayaraq 1 manat 80 qəpiyə qədər qiymətlər artır.

- Xarici dondurmalar satırsız?

- Demək olar ki, yox. Çünki qiymətləri baha olduğundan heç kəs almır. Üstəlik yerli dondurmalar artıq çoxalıb.

- Ən çox yerli satılan dondurmalar hansılardır?

- Dondurma bazarında indi “Paldad”la “İceland” firması rəqabətdədir.

Bu arada kənarda dondurma alan vətəndaşları da müşahidə edirdim. Bakı sakinlərinin əksəriyyəti qablaşdırılmış dondurma deyil, məhz bayaq istifadə etdiyim çəki ilə satılan dondurmalardan istifadə edirdi. Onların arasında xarici dondurma alan bir xanımı gördüm. Xarici dondurmadan niyə istifadə etdiyini soruşanda xanım bildirdi ki, o yalnız bir dondurmadan istifadə edir. Buna səbəb isə həmin dondurmanın daha keyfiyyətlisi olmasıdır.

Araşdırmanı digər dondurma satılan məntəqədə apardım. Xarici dondurmalara baxıb üzərindəki istifadə müddətinə baxdım. Ancaq qeyd edilməsi zəruri olan müddət yox idi. Satıcının cavabı isə özünü gözlətmədi: “İstifadə müddəti dondurma qutularının üzərində olur.”

Dondurma məhsullarına nəzarət necə aparılır ?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ərzaq və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması şöbəsinin müdiri Bayram Əliyev dondurma istehsalı ilə əlaqədar monitorinqlərin aparıldığını bildirib. Onun sözlərinə görə, dondurma istehsal edən müəssisələrdən hazır məhsullar labaratoriyada yoxlanılır, yoxlamalardan sonra müəssisələrlə bağlı addımlar atılır.

Bayram Əliyev şəraitindən asılı olaraq dondurmaların saxlanma müddətindən və tərkibindən FaktXəbər-ə danışıb:

“Dondurmalar soyudulan avtorefrijeratorlarda və ya digər izotermik nəqliyyat vasitələrində (quru buzdan istifadə etməklə),mövcud nəqliyyat növü üçün qüvvədə olan, tez xarab olan malların daşınması qaydalarına uyğun olaraq daşınmalıdır və dondurma daşınan zaman məhsulun temperaturunun mənfi 12 dərəcədən yüksək olmaması təmin edilməlidir. Topdan satış bazalarının və digər müəssisələrin soyuducularında dondurma mənfi 24 dərəcədən yüksək olmayan temperaturda ən çoxu 1 ay, mənfi 18-dən yüksək olmayan temperaturda ən çoxu 5 sutka saxlanılmalıdır. Ticarət şəbəkəsində dondurmanın satış müddəti mənfi 24-dən yüksək olmayan temperaturda 20 sutkadan, mənfi 18-dən yüksək olmayan temperaturda 10 sutkadan, mənfi 12-dən yüksək olmayan temperaturda 2 sutkadan artıq olmamalıdır.”

Dondurmanın tərkibinə hansı qarışıqlar qatılır?

Dondurmanın tərkibi süd, kərə yağı, şəkər, nişasta, yumurta, stabilizator adlanan qarışıqlardan ibarətdir. Stabilizator kimyəvi qarışıqdır. O, dondurmanın tərkibini normal saxlayır. Bunu dondurmanın “klassik resepti” də saymaq olar. Qarışıq əvvəl 90 dərəcədə bişir, sonra 5 dərəcəyə qədər soyudulur, freyzerə verilir, alınan hazır məhsul 40 dərəcədə bərkidilir.

Evdə dondurma istifadə edənlər bunu bilirdinizmi?

Dondurmadan istifadə edən vətəndaşlara ev şəraitində mənfi 18-dən yüksək olmayan temperaturda alındığı gündən etibarən ən çoxu 5 sutka saxlamaq məsləhət görülür.

Dondurma alarkən əgər onun keyfiyyətinə şübhə edirsinizsə...

Komitə rəsmisi Bayram Əliyev dondurmanın keyfiyyətinə şübhə edən vətəndaşlara çıxış yolunu göstərdi:

“Dondurmada istifadə olunan yağ kərə yağı olmalıdır. Məhsulun hazırlanmasında bitki və digər yağların istifadəsi yolverilməzdir. Dondurma alarkən əgər onun keyfiyyətinə şübhə edirsinizsə, o zaman uyğunluq sertifikatı tələb edin. Uyğunluq sertifikatı olmadan satışa çıxarılan bütün dondurmaların keyfiyyətinə zəmanət verilmir.”

Təhlükəli dondurmalar hansılardır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yerli və xaricdən gətirilən dondurmaların keyfiyyətindən danışdı:

“Son illər Azərbaycanda dondurma istehsalına tətbiq edilən yeni texnikalar və avadanlıqlar dondurmaların keyfiyyətinə müsbət təsir edib. Lakin bazarda az da olsa, təhlükəli dondurmalar qalmaqdadır. Bu dondurmaların əksəriyyəti

xaricdən gətirilən dondurmalardır. Dondurmalarla bağlı Azad İstehlakçılar Birliyi tərəfindən qanun pozuntuları da aşkarlanıb:

- Xaricdən gətirilən dondurmaların yararlılıq müddətinin uzun olması;

- Azərbaycanda istehsal olunmayan dondurmaların yararlılıq müddətinin pozulub yenidən yazılması;

- Açıq satılan dondurmaların müşahidəedici sənədlərinin olmaması;

- Eyni dondurmaların təzadlı qiymətlərə satılması;

Dondurmanın təhlükəliliyini necə müəyyənləşdirək?

Azad İstehlakçılar Birliyinin sədri dodndurmaların təhlükəliliyini qabaqcadan müəyyənləşdirməyin yollarını açıqladı:

“Dondurmanı dilin üstünə qoyduqda təzə qaymaq dadı verməlidir. Bəzən dondurma boğaza acılıq verir. Bu o deməkdir ki, dondurmalar standartlara uyğun olmayaraq kərə yağından deyil, bitki yağlarından, marqarinlər, piylərdən hazırlanıb. Dondurmanı orta temperaturda bir müddət saxlamaqla onun tərkibindən xəbərdar olmaq mümkündür. Tərkibində su, buz olan dondurma əriyən zaman sarı və ya boz rəngdə suya çevrilirsə, deməli, dondurma sizin sağlamlığınız üçün təhlükəli ola bilər.”

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev isə dondurma məhsullarının təhlükəsizlik göstəricilərinə diqqət yetirilməsinin vacibliyini vurğuladı:

“Dondurmanın üzərində istehsal edildiyi müəssisə və yararlılıq müddəti haqqında məlumatların olmadığı dondurmaları almaq olmaz. Əriyib yenidən dondurulmuş məhsullar öz keyfiyyətini itirdiyindən onlardan istifadə etmək təhlükəlidir.”

RGEM-nin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev dondurmalarla bağlı yalnız müraciət və şikayət əsasında monitorinqin keçirildiyini deyir:

“Hazırda bizə heç bir müraciət daxil olmayıb. Gigiyenik sertifikatla bağlı dondurma istehsal edən şirkətlərin 3-ü mərkəzin bölgələrdəki idarələrinə müraciət edib.”

Pərvin Zeynal

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru