Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2019
12:29
Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”

Baş nazirin sabiq müavini, hazırda təqaüddə olan Hacıbala Abutalıbov işdən azad olunandan sonra ilk dəfə müsahibə verib.

"FaktXəbər" Hacıbala Abutalıbovun “qaynarinfo”ya verdiyi müsahibəni təqdim edir.

– Hacıbala müəllim, işsiz qaldıqdan sonra özünüzü necə hiss edirsiniz?

– Düzü, ilk günlər bir az çətin idi. Beş-altı gün hər səhər tezdən qalxıb Nazirlər Kabinetinə gedirdim, mühafizəçilər qapının ağzından geri qaytarırdılar ki, artıq işdən çıxmısınız... Sonra başladım axşamdan əlimin üstünə “ruçka”yla “plyus” işarəsi qoymağa.

Səhər duranda həmin işarəni görüb yadıma düşürdü ki, işdən çıxmışam, daha durub Nazirlər Kabinetinə getmirdim. Baş nazirin müavini təyin olunandan sonra da eyni vəziyyətə düşmüşdüm. Səhər qalxıb Bakı Şəhər İcra Hakimiyyətinə gedirdim, orada deyirdilər ki, “Hacıbala müəllim, axı siz Baş nazirin müavinisiniz, burada nə işiniz var?”

Onda da buna güc-bəla ilə öyrəşmişdim.

– Təqaüdə çıxmağınızdan xeyli vaxt keçib. Vəzifəsiz darıxmırsınız ki?

– Mən niyə darıxıram? Qoy, vəzifə mənsiz darıxsın...

– İndi nə işlə məşğul olursunuz?

– Hələlik dincəlirəm. Düzü, bizdə vəzifədə olmaq özü bir növ dincəlməkdir. Ona görə mən hazırda elə dincəlməkdən dincəlirəm.

– Gələcək planlarınız nədir?

– Yenidən fizika ilə məşğul olmaq fikrindəyəm.

– Belə çıxır ki, elmi fəaliyyətə geri qayıdacaqsınız.

– Düz tapmısınız. Söz düşüb, sizə bir sirr açım: Nyutonun səhvini düzəltmək istəyirəm.

– Nyutonun?

– Bəli... Təəccübünüzü başa düşürəm, Nyuton pis alim olmayıb, ancaq yerin cazibə qanunu barədə dediklərinin düzəlişə ehtiyacı var.

– Necə yəni?

– Düzü, əvvəl hamı kimi mən də elə bilirdim ki, Nyuton müəllim haqlıdır, cisimlər yer tərəfindən cəzb olunur. Ancaq indi belə fikirləşirəm ki, bunlar hamısı boş söhbətlərdir. Yerin cazibə gücü yoxdur, yerdəkilərin cazibə qüvvəsi var. Məsələn, Sofi Lorenin, Merlin Monronun... Sonraaa... Sonra Monika Bellucinin... Ancelina Colinin, canım sənə desin, Ketrin Zeta-Consun... Cisimləri yerə cəzb edən onlardır. Bu haqda ətraflı elmi araşdırmalar aparmaq fikrindəyəm.

– Hacıbala müəllim, siz ciddisniz?

– (gülür) Siz nə vaxtsa mənim ciddi olduğumu görmüsünüz?!

– O da doğrudur... Hacıbala müəllim, Bakıya hər dəfə yağış yağdıqdan sonra vətəndaşlar sosial şəbəkələrdə ağız-ağıza verib sizi xatırlayır, şəhərimizi Venesiyaya çevirməyinizdən bəhs edirlər.

– Bütün xalqımıza bu qədirbilənliyinə görə minnətdaram. Açığı, mənim gözəl Bakımızla bağlı planlarım çox idi. Venesiya bunlardan sadəcə biri idi. Məsələn, ən böyük arzularımdan biri o idi ki, Xəzərimizə sunami gətirim, bir balaca zəlzələ-zad olan kimi hündür dalğalar Bakımıza ağuşuna alsın, camaatımızın həyatına rəng qatsın.

Belə şeylərə biz nə qədər televizorda baxmalıyıq? O əjdahalardan başqa ölkələrdə var, niyə bizdə də olmasın? Ya da istəyirdim, Bakıdakı bütün ağacların yerinə dekorativ ağaclar əkim, o ağacların başında dekorativ quşlar oxusun. Hətta Xəzərimizdəki balıqları da dekorativ balıqlarla əvəzləmək arzusundaydım. Ancaq təəssüf ki, vəzifə vəfa etmədi. Nə isə, “ömür qısa, dəyməz qıza”...

– Hacıbala müəllim, nə vaxtsa sizin də şeirlərinizi oxuya bilərikmi?

– Qoy, Nyutonu “neprav” çıxarım, ondan sonra fikrim var, Nizami Gəncəvi ilə balaca bir haqq-hesab çəkim.

– Niyə?

– O gün təsadüfən rastıma çıxdı, baxıb görürəm götürüb yazıb ki, “Bərdə nə gözəldir, necə qəşəngdir...” Mənim Nizami müəllimə böyük hörmətim var, ancaq vaxtilə mənim günbəgün gözəlləşdirdiyim Bakı haqqında niyə bu cür misrası yoxdur? “Xəmsə”ni başdan-ayağa beş-altı dəfə oxudum, heç nə tapmadım. Çox xətrimə dəydi.

– Axı Nizami Gəncəvi bunu səkkiz yüz il əvvəl yazıb...

– Oğul, heç səndən gözləməzdim. İndi mənimlə səkkiz yüz ilin söhbətini eləyirsən?!

Məqalədə : Hacıbala Abutalıbov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
285

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
299

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
494

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
349

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
284

Bakıda maşın iki piyadanı vurub, ölən var

05

Dekabr
15:32
HÜQUQ,HADİSƏ
342

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb

05

Dekabr
15:30
ELM / TƏHSİL
7879
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 06:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru