Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
14:49
Rayon və şəhərlərin gəlirlərini büdcəyə yük olmadan necə artırmaq olar? - VİDEO

Azərbaycanın daxili vəziyyəti ilə heç bir əlaqəsi olmasa belə, qaçılması imkansız olan devalvasiya yaşanadı və manatın dollara nisbətdə dəyər itirməsi ölkədə bir növ yeni iqtisadi proseslərin başlamasını vacib etdi. Son günlərin ən çox müzakirə olunan mövzularından biri də dövlət büdcəsindən maliyələşən rayonlardır. Bir necə ildir gündəmdə olan məsələ son günlər daha ciddi şəkildə müzakirə olunmağa başlayıb. Ekspertlər fərqli fikir və təkliflərlə çıxış edir. Səslənən təkiflərsə demək olar ki eynidir: bölgələrin sənaye, aqrar və turizm imkanlarından maksimum yararlanmaq, Azərbaycana, xüsusilə də bölgələrə xarici investitorları cəlb etmək. İstənilən halda bütün təkliflər şəhər və rayonların daxili büdcələrinin formalaşmasına və ya artırılmasına yönəlir. Bəs ümumilikdə bir rayonun büdcəsi necə formalaşır? Mövcud imkanlar və coğrafi mövqe nəzərə alınmaqla rayon və şəhərlərin gəlirini necə artırmaq olar? Milli.Az xəbər verir ki, Kəpəz TV-nin (Region TV) əməkdaşları məsələni araşdırıb.

Azərbaycanın 10 şəhər və 66 rayonundan paytaxtı çıxmaq şərti ilə cəmi 4 şəhər və 2 rayonu dövlətdən maliyyə yardım almadan öz büdcəsini formalaşdıra bilir. Əgər rayonların bir qisminə mərkəzi büdcədən nisbətən az vəsait ayrılsa da, bəzi rayonların daxili xərclərinin 70-80 faizi ayrılan dotasiyalar hesabına ödənilir. Bu il yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının, başqa sözlə dotasiyanın yerli xərclərin tərkibində xüsusi çəkisi 50,3 faiz, yəni 775 mln. manat təşkil edəcək. Ötən illə müqaisədə bu il şəhər və rayonlara dövlət büdcəsindən ayrılacaq maliyyə yardımı 44,5 mln. manat və ya 5,4 az olacaq. Millət vəkili Vahid Əhmədov deyir ki, mərkəzi büdcədən rayon və şəhərlərə ayrılan dotasiya növbəti illərdə daha da azaldılacaq:

"Şəhərlərin öz büdcələrini formalaşdırması üçün dövlət başçısı Azərbaycan Hökuməti qarşısında məsələ qoyub. Ona görə də biz hər dəfə dövlət büdcəsini müzakirə edərkən, bu məsələyə toxunuruq. Çalışmalıyıq ki, mərkəzi büdcədən bölgələrə az vəsait ayıraq. Get-gedə bunu azaldırıq ki, yerlərdə də bunu hiss eləsinlər ki, dövlət büdcəsindən vəsait az ayrılacaq onlara".

Bu məsələ Rayon və Şəhər İcra hakimiyyətlərinin məsuliyyətini daha da artırır. Dövlət başçısının da qeyd etdiyi kimi, hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Bunun üçün Respublikanın istənilən regionunda potensial da var, imkanlar da. 

Aydın Hüseynov - millət vəkili: "İnfrastrukturlar bərpa olunub. Elə bir rayon yoxdur ki, bu gün orda işıq problemi olsun. Ümumilikdə götürəndə, Azərbaycanın bölgələrinin 90 faizi qazla təmin olunub. Eləcə də, bir çox rayonlarımızda içməli su problemləri qismən də olsa aradan qaldırılıb. Kommunikasiya və İnformasiya Texnologiyaları baxımdan da bu gün bizim problemimiz yoxdur. Rayonların ən ucqar kəndlərində belə internet şəbəkəsi mövcuddur".

Hər il dövlət büdcəsi müzakirə olunarkən, diqqət mərkəzində olan əsas məsələlərdən biri rayonların özü-özünü maliyyələşdirməsi olur. 

Vahid Əhmədov: "Yerli büdcələrin maliyyə məsələsinə baxılanda, orada ilk olaraq əməkhaqqları və sosial müavinətlər nəzərə alınır. Yerli gəlirlərin, yerli iş yerlərinin hesabına yerli büdcəyə nə qədər vəsaitin daxil olduğuna baxılır. Bundan sonra əlavə nə qədər xərc tələb olunur, ona baxılır və mərkəzləşmiş dövlət büdcəsindən rayon və şəhərə çatışmayan maliyyə vəsaiti ayrılır".

Rayon və şəhərlərin yerli büdcəsi əsasən aşağıdakı mənbələr hesabına formalaşır:

- yerli vergilər

- kurort, mehmanxana, avtomobil dayanacaqlarından əldə olunan gəlirlər

- rayon və şəhər ərazisində yerləşdirilən reklamlardan alınan haqqlar

- mövcud qanunauyğun olaraq yerli büdcələrə keçirilən cərimələr

- fiziki və hüquqi şəxlərin, beynəlxalq təşkilatların maliyyə yardımları və qrantları

Yerli büdcənin xərclərinə gəldikdə isə...

Vahid Əhmədov: "Orda yaşayan, işləyən insanların əməkhaqqlarıdır. Xəsətəxanalara verilən dərmanlardır. Yol təmiri xərcləridir və sair".

"Bələdiyyə büdcələrinin şəhər və rayon büdcəsinin formalaşmasındakı rolu hansıdır?" sualına Millət vəkili Vahid Əhmədov Qonşu Türkiyəni misal gətirərək cavab verdi: "Azərbaycanda bələdiyyələr 10 ildən artıqdır ki, fəaliyyət göstərir, amma bələdiyyənin rolu hələ ki, hiss olunmur. Türkiyədə bələdiyyələrin həm statusu çox böyükdür, həm də məsuliyyətləri. Faktiki olaraq, orada yerli büdcələr bələdiyyələrin büdcələri hesabına formalaşır. Onların əldə etdiyi gəlirlər - torpaq vergisi, əmlak vergisi və digər vergilər. Amma Azərbaycanda bələdiyyələr demək olar ki, formalaşmayıb".

Hətta hazırda Azərbaycanda bələdiyyələrin saxlanılması üçün dövlət büdcəsindən hər il 5 milyon manat vəsait ayrılır. Özü-özünü maliyyələşdirə bilməyən bələdiyyələrdən şəhər və rayon büdcəsinə xeyir gələcəyini gözləmək hazırki vəziyyətdə real görünmür.  Bunun yerinə regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi daha məqsədəuyğun hesab edilir.

Vahid Əhmədov: "İndi hər şey yerli icra hakimiyyətinin rəhbərindən asılıdır. Onun səriştəsindən, bacarığından, işgüzarlığından, biznes fəaliyyətini bilib-bilməməyindən, rəhbər vəzifədə necə işləməsindən və sair. Burada daha çox fəallığı onlar göstərməlidir. Onlar çalışmalıdırlar ki, rayonlarda iş yerləri daha çox açılsın, rayonların yerli büdcələrinə vəsait daha çox daxil olsun, yəni burda əsas iş onların fəaliyyətindən asılıdır".

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində respublikanın rayon və şəhərlərində nəzərəçarpacaq dərəcədə irəliləyişlər olub, yeni sənaye və aqrar profilli müəssisələr fəaliyyətə başlayıb. Mövcud vəziyyət regionalarda ənənəvi sahələrlə yanaşı digər sferaların da inkişaf etdirilməsini vacib edir. 

Aydın Hüseynov - millət vəkili: "Yerli xüsusiyyətlər nəzərə alınaraq, emal müəssisələri, xüsusi olaraq, artıq gündəmdə olan bir məsələ də sənaye məhəllələrinin yaradılmasıdır. Yaxşı olar ki, rayonlarımızda sənaye məhəllələri yaradılsın. Bu istiqamətdə dövlət tərəfindən çox böyük güzəştlər var. Bu güzəştlərdən istifadə edərək, əsaslandırılmış şəkildə biznes planı qurub, çox böyük işlər görmək olar" .

Bu sahədə isə sahibkarlara yerli icra orqanları tərəfindən dəstək verilməli, onlara maneəçilik törətmək yerinə, mövcud əngəllərin aradan qaldırılması istiqamətində işlər aparılmalıdır. Çünki bu gün dövlət tərəfindən də sahibkarlara böyük dəstək hiss olunur.

Aydın Hüseynov: "Bildiyiniz kimi, dövlət xətti ilə sahibkarlara 240 milyon manat güzəştli kreditlərin ayrılması nəzərdə tutulub. Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün lizinqlərdən istifadə edilməsi mümkündür. Turizmin fəaliyyət göstərməsi üçün lazımi bazalar var".

Sahibkarlara edilən yardımlar həm onların fəlaiyyət göstərdiyi rayonun büdcəsinin formalaşmasına köməklik göstərə bilər, həm də yerli icra orqanlarının işinə böyük təkan olar. Çünki, bu gün yerli icra orqanlarını ən çox maraqlandıran məsələlərdən biri əhalinin işlə təmin olunmasıdır və yeni iş yerlərinin açılması, onların yükünü bir növ azalda bilər. İqtisadçı-ekspert Məsim Abadov deyir ki, hazırki vəziyyətdə əleyhimizə olan devalvasiyanı, sahibkarlara münbit  biznes şəraiti yaratmaqla, hazırda fəaliyyət göstərməyən və ya qismən fəaliyyət göstərən sənaye obyektlərini tam işə salmaqla leyhimizə çevirə bilərik. 

Məsim Abadov - iqtisadçı-ekspert: "Bugünkü devalvasiyanın müsbət təsiri varsa, o da belədir. Dolların məzənnəsinin qalxması, kənardan gələn məhsulun qiymətinin bahalaşmasına təsir etsə də, yerli istehsala şərait yaradır ki, onun bu rəqabətdə udmasına köməklik etsin".

Ekspertlər də yekdil fikirdədirlər ki, regionların iqtisadi və coğrafi potensialından tam olaraq istifadə edilmir.

Baxmayaraq ki, son illər bu istiqamətdə müsbətə doğru tendensiya müşahidə edilir, amma tam olaraq yerli icra orqanları tərəfindən təşəbbüslərin irəli sürülməməsi elə onların rəhbərlik etdiyi şəhər və ya rayonu əlavə gəlirdən məhrum edir. Tam əminliklə deyə bilərik ki, bu gün regionlarda turizm və sənayenin inkişafı və bu istiqamətdə işlərin görülməsi üçün əsas baza var. Qalır mövcud bazadan düzgün şəkildə istifadə etmək. Bunun üçünsə bir az zəhmət çəkmək lazımdır. Heç şübhəsiz ki, ölkə başçısının yerlərdəki nümayəndələri çəkilən zəhmətin bəhrəsini görməklə yerli gəlirləri qarşılaya və dövlətin yükünü azalda bilərlər. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
120

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
170

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
287

Kabilə bir neçə raket mərmisi atılıb

17

Sentyabr
10:15
DÜNYA
260
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 16:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru