Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 İyun

2017
09:43
619
Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib

Dünən Masallı rayonunda Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib.

Bu dəfə məhkəmədə şahidlər dindirilib.

Şeyx Sərdar haqqında xasiyyətnamə yazan bədən tərbiyə müəllimi imiş

Məhkəmədə Şəhər icra nümayəndəsi Kamal Mazanov şahid qismində dindirilib. O, məsciddə getdiyini, Şeyxin orada “dini ayin” icra etdiyinin şahidi olduğunu deyib. Vəkillərin “dini ayinin” mahiyyəti ilə bağlı suallara cavab verə bilməyən “şahid”, tərtib etdiyi aktın niyə Şeyx Sərdarın iştirakı olmadan baş verdiyini açıqlaya bilmədi. Eyni zamanda vəkillərin demək olar ki, bütün suallarını dodaqucu cavablandıran “şahid”, daha çox “bilmirəm” sözləri ilə cavab verib. Eyni zamanda Şeyx Sərdar üçün tərtib etdiyi xasiyyətnamədə yazdığı “İranın dini-siyasi rejimini dəstəkləyir” ifadəsinin necə sübut edəcəyini bilməyən Kamal Mazanovun ixtisası bədən tərbiyə müəllimidir. Vəkilin “Siz bilirsinizmi ki, sizin bu verdiyiniz xasiyyətnamə ilə qarşınızda gördüyünüz şəxsi həbs ediblər” sualına Mazanovun cavabı olmadı.

Tabeçilik anlayışı təslimçiliyə çevriləndə fəlakət baş verir

Şahidin ifadəsindən sonra çıxış edən Şeyx Sərdar Hacıhəsənli qeyd edib ki, hər zaman məsələlərə tolerant yanaşması olub. ““Cümə” namazlarında çalışmışam ki, insanlara nə isə yaxşı bir şey öyrədim. Onlara xeyirxahlığı aşılayım. Tabeçilik deyilən bir məfhum var. Əgər bu olmasa, dünyada hərc-mərclik hökm sürər. Müəllimin direktora tabeçiliyi, şagirdin müəllimə tabeçiliyi, aşağı çinli məmurun özündən yuxarı məmura tabeçiliyi və s. Tabeçilik həyatımızın idarə edilməsində mühüm rola malikdir. Ancaq bəzən insanlar tabeçiliklə təslimçiliyi səhv salırlar. Məsələn, qanunda yazılar var ki, buna tabe olmaq lazımdır. Amma yuxarı çinli məmura tabe olan burada təslimçiliyi önə çəkir və onun verdiyi qərarı eyni ilə yerinə yetirir. Amma fikirləşmir ki, o ən əvvəl qanuna tabe olmalıdır. Qanuni tabeçilik ölkəni idarə etməyin zərurətidir. Bu olmalıdır. Amma qorxun o gündən ki, tabeçiliyi özündən yuxarıda oturanın təslimçiliyinə çevirəsiniz. O zaman bizi fəlakət gözləyir”.

Onların nəvələri bu gün də babalarının o hərəkətlərinə görə utanır

Şeyx Sərdar Masallıda tarixən olmuş bir hadisəni xatırladır. “Masallıda Sovet dövrünün son katibi Ələddin Həsənov olub. O, öz tabeçiliyində olanlardan özünə təslimçilik tələb edirdi. Yəni “mən nə deyirəmsə olmalıdır” prinsipi ilə yanaşırdı. O adamın istəkləri o həddə çatdı ki, təslimçiliyində olanların nəvələri bu gün də babalarının o hərəkətlərinə görə utanırlar”.

Şeyx üzünü Mazanova tutaraq bildirib ki, qanuna tabe olun, təslimçilik etməyin. 

Çin haqqında danışsam deməli kommunist rejimi təbliğ edirəm, ölkəyə buddizm dinini gətirirəm?

“Siz heç zaman məni görməmisiniz. Deyirsiniz ki, monitorinq keçirmisiniz. Mənim xütbələrimə qulaq asmısınız. Mən xütbəmdə İran haqqında danışmışam, oradakı quruluşu təbliğ etmişəm.  Elə isə sizə sual edirəm. Mən xütbəmdə Çin haqqında danışmışam. O zaman yazacaqdınız ki, mən Çindəki kommunist rejimi təbliğ edirəm, ölkəyə buddizm dinini gətirirəm? Heç Allahdan qorxmursunuz?  Rafil Hüseynovun istəklərinə bu qədər tabe olsanız, sabah misal çəkdiyim Ələddin Həsənovun gününə qalacaqsınız. Sizi heç bir zaman bağışlamayacağam”.

““Cümə” namazına gəlmə” sözü Şeyx Sərdara deyilməyib

Daha sonra məhkəmədə şahid qismində Masallı rayon “Cümə” məscidinin icma sədri Hacı Əhməd ifadə verib. O, bildirib ki, QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov ondan xahiş edib ki, Şeyx Sərdara “Cümə” namazı qılmaması barədə desin. Lakin bunu etmək yadından çıxıb. Həmçinin, şahid vəkillərin suallarına cavab verə bilməyib.  

QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov da ifadəsində bildirib ki, Şeyx Sərdarı o dəvət edib. Lakin sonra Hacı Əhməd vasitəsi ilə Şeyxə xəbər göndərərək gəlməməsini tapşırıb. Şeyx Sərdar isə sual edib ki, məscidlə sizin evinizin arası cəmi 200 metrdir. Niyə gəlib özünüz mənə demədiniz? Sizin qulağınıza bəzi sözlər pıçıldayırlar və sizdə onların dediklərinə inanırsınız. Niyə hər deyilənə inanırsınız? Sizi və düşüncələrinizi təhqir edirlər və abrınızı aradan aparırlar. Mirqiyas Təhməzov isə qeyd edib ki, onun üçün dövlətin qanunları Allahın qanunlarında da üstündür.

Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra digər şahidlər gəlmədiyi üçün iclas 19 iyun tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. Ona qarşı qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham olunur./maide.az

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru