Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 May

2017
08:29
1362
Şeyx Sərdar: Namaz qılmağın cinayət olduğunu qəbul etmirəm

Xəbər verdiyimiz kimi Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin Masallıda məhkəməsi keçirilib.

Ruhani məhkəmə zamanı əli qandallı saxlanılıb. Vəkillərin etirazından sonra isə hakim qandalın açılması barədə göstəriş verib.

İlkin olaraq Şeyx Sərdarın hüquqlarını müdafiə edən vəkillər müxtəlif vəsatətlərlə çıxış edib. Lakin dövlət ittihamçısının etirazı ilə qarşılanan vəsatətlər hakim tərəfindən qəbul edilməyib.

Məhkəmədə Şeyx Sərdar çıxış edib və ona qarşı irəli sürülən ittihamı rədd edib. Bu zaman hakim ruhaniyə sual ünvanlayıb ki, siz özünüzü təqsirli bilmirsiniz? Yəni demək istəyirsiniz ki, namaz qılmamısınız?

Şeyx Sərdar isə cavabında bildirib ki, həqiqətən namaz qılıb: “Cənab hakim siz məni Allahla üz-üzə qoymaq istəyirsiniz? Yəni deyim ki, namaz qılmamışam? Mən sizin ittihamınızı qəbul etmirəm. Namaz qılmağın cinayət olduğunu qəbul etmirəm. O ki, qaldı namaza, o Allahın əmridir ki, icra etmişəm. Əgər siz dediyiniz kimi mən namaz qıldığımı inkar etsəm o zaman bütün ibadətlərimi, bu qədər ömrümü zay etmiş olaram. Yəqin ki, məni yaxşı anladınız”.

Məhkəmə zamanı maraqlı bir məqam yaşanıb. Belə ki, dövlət ittihamçısı məhkəmə zamanı Şeyx Sərdarın ittiham olunduğu maddə barədə dəlil gətirib. O, bildirib ki, ruhaniyə cinayət işinin açılmasına əsas səbəb onun camaatdan öndə dayanıb namaz qılmasıdır. Lakin o bunu qəribə formada izah edib: “Əgər sən 3 addım geridə dayanıb namaz qılsaydın, sənə heç bir cinayət işi açılmazdı”.

Prosesin ikinci hissəsində şahidlərin ifadələri dinlənilib. Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin cənub zonası üzrə baş məsləhətçisi Kamil Bağırov ifadəsində Şeyx Sərdar Hacıhəsənlini 2013-cü ildən  tanıdığını bildirib və xaricdə dini təhsil aldığı üçün ona məsciddə xütbə söyləməsinin qanuna zidd olduğu haqda bilgi verdiyini deyib.  Lakin Şeyx Sərdar Hacıhəsənli şahidin verdiyi ifadələrin həqiqəti əks etdirmədiyini bildirib. Şahidin istintaqa verdiyi ifadə ilə məhkəməyə danışdıqları arasında ziddiyyətlərin olduğunu vurğulayıb. Digər şahid Masallı rayon icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi  Qəşəm Hadıyev də  məhkəmədə ifadə verərkən çaşqınlıq yaşayıb. Belə ki, onun istintaqa verdiyi ifadəsindən xəbərsiz olduğu vəkillərin sualları əsasında ortaya çıxıb. Buna baxmayaraq, şahid Şeyx Sərdara yaxınlaşaraq məsciddə xütbə söyləməsinin qanuna zidd olması barədə xəbərdarlıq etdiklərini məhkəmə heyətinin diqqətinə çatdırıb. Şeyx Sərdar Hacıhəsənli isə öz növbəsində şahidin dediklərinin yalan olduğunu deyib. 

Şahid ifadələrindən sonra növbəti məhkəmə prosesinin iyun ayının 7-si, saat 14:00-da digər şahidlərin ifadələri ilə davam etdiriləcəyi elan olunub. 

Məqalədə : Şeyx Sərdar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru