Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2018
10:28
Dünya bazarında `ağ qızıl`ın qiyməti bahalaşdı

Pambığın 1 tonunun qiyməti 1620 dollara yüksəlib; ölkəmiz ilk dörd ayda 27,2 milyon dollar qazanıb.

Dövlət Gömrük Komitəsi bu ilin ilk 4 ayının ixrac statistikasını açıqlayıb. Qeyri-neft sektoru məhsulları arasında  bu dəfə pambıq ixracından gələn gəlirlərdə ciddi artım müşahidə olunub. Belə ki, bu ilin ilk dörd ayında Azərbaycan pambıq lifi və iplik satışından 27,2 milyon dollar qazanıb. Xaricə 6,6 milyon dollarlıq pambıq iplik, 20,6 milyon dollar dəyərində pambıq lifi ixrac edilib.

Gəlirlər yalnız artan ixrac sayəsində deyil, həm də qiymətlərin bahalaması sayəsində artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin əvvəlindən 16 762 ton pambıq ixrac edilib ki, bu da 2017-ci ilin müqayisəli dövründəkindən 5% çoxdur. Pambığın satışından gəlir bu dövrdə 8,3% artıb. Azərbaycan gömrüyünün məlumatına görə, keçən il ixrac müqaviləsinin orta qiyməti pambığın hər tonuna görə 1570 dollar idisə, bu il qiymətlər 1620 dollara yüksəlib.

Əgər ölkəmiz pambıq istehsalını artırmağa nail olsa, bu, gələcəkdə daha çox qazancın əldə edilməsi deməkdir.

Kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da açıqlamasında bildirdi ki, pambıq texniki bitkidir və ona görə də  burada istehsalı çoxşaxəlidir: “Əgər ölkədə pambıq istehsalı artırsa, bu, növbəti mərhələdə ondan müxtəlif məhsulların yaradılması ilə bağlı sənayenin inkişafına da şərait yaradır. Burada pambığın yığılması, saxlanılması, emalı kimi çoxşaxəli texnoloji proseslərdən söhbət gedir. Ölkəmizdə pambığın istehsalının artması digər sahələrin inkişafına da təkan verdi. Məlum olduğu kimi, illərlə unudulan pambıqçılıq sahəsi yenidən canlandırılır. Bu səbəbdən müəyyən problemlər də var. Əvvəllər mövcud olan tekstil fabrikləri tam gücü ilə işləmir. İndi isə əks tendensiya yaranıb. Pambığı xammaldan birinci və ikinci dərəcəli emal məhsuluna çevirmək üçün avadanlıqlar lazımdır. Dövlətimiz bunu çox yaxşı anlayır. Ona görə də bu ilin ilk 3 ayında idxalın əmtəə strukturunda pambıqçılıqla bağlı avadanlıqlar da mühüm yer tutur. Ölkəyə bu sahədə istehsalın artırılması üçün avadanlıqlar gətirilib”.

Ekspertin sözlərinə görə, bu prosesdə dövlət investisiyaları ilə birgə özəl sektordan investisiyaların cəlb edilməsinə də ehtiyac var: “İxracdan gələn gəlirlər də bu sahənin inkişafı üçün təkrar istifadə olunmağa başlayır. Avadanlıqlar alındıqdan sonra tekstil fabrikləri xammaldan məhsul emal etməyə başlayır ki, bu da daha çox xammalın istehsal edilməsini tələb edir. Ona görə də növbəti illərdə bu sahədə daha çox inkişaf baş verəcək. Pambıqçılıqda istehsal artıq ekstensiv yolla yox, intensiv yolla artırılacaq. Pambıq əkini zamanı seleksiyalar aparmaqla, yeni toxum növləri gətirməklə, meliorasiya sistemini inkişaf etdirməklə, pambıq yığımı ilə bağlı avadanlıqları təkmilləşdirməklə istehsalı daha da artırmaq olar. Göründüyü kimi, bu proses hər iki tərəfdən bir-biri ilə əlaqəlidir. Bir tərəfdən pambıq istehsalı emal müəssisələrinin sayının artmasına səbəb olacaq. Digər tərəfdən, emal sahələrinin yaradılması daha çox pambığa tələbat formalaşdıracaq ki, bu da istehsal prosesində aqrotexniki qaydaların daha da güclənməsinə, tətbiq olunan texnologiyaların daha da güclənməsinə gətirib çıxaracaq”.

M.İbrahimov onu da vurğuladı ki, Azərbaycan bu mürəkkəb bazarda özünə yer tutmağa çalışmalıdır: “Pambıq dünya bazarında mühüm yer tutan bir xammaldır. Neft kimi pambığın da qiyməti müəyyən iqtisadi proseslər fonunda formalaşır, ehtiyatların azalması ilə qiymətlər yüksəlir. Pambıq ona görə strateji xammal hesab olunur ki, tekstil sənayesində istehsal olunan hər bir məhsulun ən azı 20-25 faizi pambıqdan ibarət olur. Pambıq ekoloji baxımdan daha sağlam məhsul hesab olunduğundan, inkişaf etmiş ölkələrin tekstil sənayesində pambığa tələbat çox böyükdür. İxracatında tekstil məhsulları mühüm yer tutan böyük dövlətlər daha çox pambıq alır və rezervlər formalaşdırırlar. Onların rezervlərindəki pambıq həcminin azalması dünya bazarında tələbin artmasına və qiymətlərin yüksəlməsinə səbəb olur. Bu məhsulun üstünlüyü odur ki, biz pambığı həm xammal şəklində, həm də emalın müxtəlif mərhələlərində, o cümlədən son məhsul kimi dünya bazarına çıxara bilərik.

Neftdən fərqli olaraq, dünya pambıq bazarında iştirakçıların sayı daha çoxdur və rəqabət daha yüksəkdir. Burada proseslər daha çətindir. Lakin neftin qiymətinə təsir edən faktorlar da daha çoxdur, nəinki pambıqda. Pambığın isə istehsalına təsir edən amillər çoxdur. Əsasən də iqlim şəraiti pambıq istehsalında önəmli şərtdir". (Yeni Müsavat)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Pambıq ağ qızıl 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 11:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com