Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Avqust

2017
15:38
551
Deputat uşaqları zorlayanların axtalanması üçün məsələ qaldıracaq

Son günlər Azərbaycan cəmiyyəti azyaşlıların zorlanması, pedofil-manyakların yaxalanması xəbərləri ilə silkələnir. Hər gün, Aysellərin, Nigarların, Leylaların, Nicatların, Kərimlərin pedofillərin tələsinə düşdüyünə, bununla da həyatlarının qaraldığına şahidlik edirik. Onlar bizim balalarımızdır, bizim gələcəyimizdir, açmadan solan qönçələrimizdir. Nə yazıq ki, övlad sahibi olan kimsə bu iyrənc əməldən sığortalanmayıb.

Xatırladaq ki, öncə Xırdalan şəhərində azyaşlı uşaqlara qarşı cinsi zorakılıq edən şəxs tutuldu. Onun ayrı-ayrı vaxtlarda bir neçə azyaşlıya qarşı seksual hərəkətlər etdiyi müəyyənləşdi.

Ardınca xalq şairi Söhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahirli Xətai rayonunda baş verən bir vəhşiliyi ictimailəşdirdi.

Onun şahidi olduğu hadisə iyulun 21-də 20:00 radələrində Xətai rayonu Mehmandarov küçəsində baş verib. O qeyd edib ki, hadisə günü avtomobilini təmir etdirmək üçün həmin əraziyə yollanıb. Bu zaman usta ona arxa tərəfdən səs gəldiyini deyib.

“Arxa tərəfə keçəndə baxdım ki, bir kişi şalvarını aşağı çəkib. Həmin vaxt sübutum olsun deyə telefonun kamerasını işə saldım. Həmin adam məni görən kimi qaçmağa başladı. Gördüm ki, balaca bir uşaq da ayağa durdu. Məni görən kimi ağlamağa başladı.Qaçan adamı təqib etməyə başladım. Xeyli qaçandan sonra aradan çıxdı. Uşaq da ağlaya-ağlaya arxamca qaçırdı. Adamı tuta bilmədim”.

Tahir Tahirli deyib ki, uşağın anası Bakıda yerləşən restoranların birində qabyuyan işləyir. Uşağı qoymağa yer olmadığı üçün hər gün özüylə işə gətirdiyini bildirib.

Sabirabad rayon sakini 45 yaşlı Rauf adlı şəxs hadisədə şübhəli şəxs qismində saxlanılıb.

Daha bir qandonduran olay bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda baş verib. Yayılan məlumata görə, əsgərlikdən yenicə qayıdan Ələsgər Məmmədov toyda spirtli içki qəbul etdikdən sonra azyaşlı qızı aldadaraq, kənara aparıb və zorlayıb. Gəncin yerli sakinlər tərəfindən cəzalandırıldığı bildirilir. Hadisədən sonra əməliyyata alınan uşağın öldüyü, hadisənin şokundan atasının dilinin tutulduğu qeyd olunur.

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis-polkovnik leytenantı İlham Babayev bildirib ki, fakt iyulun 30-da qeydə alınıb:

“1994-cü il təvəllüdlü Ələsgər Məmmədov 2013-cü il təvəllüdlü qızı zorlayıb. Faktla bağlı Culfa Rayon Prokurorluğunda cinayət işi başlanılıb və istintaq davam etdirilir”.

Sonuncu iyrənc əməlin sahibi də Naxçıvandandır. Belə ki, 2008-ci il təvəllüdlü Aysel Babayevanın anası ( ad və soyad şərtidir) polisə şikayətində bildirib ki, Babək rayon sakini 1983-cü il təvəllüdlü Aydın Əli oğlu Murad (ad şərtidir) onun qızına təcavüz edib. A.Babayeva A.Muradın baldızı qızıdır. Azyaşlı ekspertizaya göndərilib.

Geniş ictimaiyyət tərəfindən böyük narazılıq və hiddətlə qarşılanan bu olaylardan sonra qanuna dəyişiklik edilməsi barədə təkliflər səsləndirilir. Kimisi cinayətkarın ömürlük azadlıqdan məhrum edilməsini, kimisi edam olunmasını, kimisi axtalanmasını təklif edir...

Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı da istirahətdə olmasına baxmayaraq, məsələyə biganə yanaşmayıb. A.Naxçıvanlı Modern.az-a hər kəs kimi hadisələrə hiddətləndiyini bildirib:

“Hesab edirəm ki, bu faktlar tərbiyəsizliyin, qeyrətsizliyin, şərəfsizliyin ən yüksək zirvəsidir. Mütləq şəkildə parlamentin iclasları başlayan kimi biz ictimaiyyətdən gələn təklifləri nəzərə almağa çalışacağıq ki, qanuna dəyişiklik edilsin. Düşünürəm ki, bu məsələdə dünya təcrübəsi, humanistlik nəzərə alınmamalıdır. Azərbaycanın özünün milli-mənəvi dəyərləri, mentaliteti, qanunları var. Biz azərbaycanlılar olaraq namus məsələsinə ciddi yanaşırıq. Ona görə də pedofillərə, azyaşlılara qarşı zorakılıq əməli törədənlərə elə bir damğa vurulmalıdır ki, ölənə qədər unutmasınlar. Hər kəs kənardan baxanda onun hansı əməl sahibi olduğunu bilsin”.

A.Naxçıvanlı pedofillərin ömürlük həbsini çox yüngül cəza hesab edir:

“Ömürlük həbs cəzası nədir ki? Gedib dövlətin hesabına yeyib-içəcək, yaşayacaq. Bu, onlara azdır. Onların biabırçılıqla yaşaması gərəkədir. Qoy cəmiyyətdə hamı onun necə biri olduğunu bilsin. Biz qanuna ediləcək dəyişikliklə uşaqlara qarşı bu iyrənc əməli törətmək niyyətində olanları çəkindirməliyik. İctimaiyyət, nəsillər namus məsələsini bağışlamayıb. Biz də bağışlamamalıyıq. Belə hallar Azərbaycana utanc gətirir. Bu, yolverilməzdir”.

Xatırladaq ki, 2010-cu ildə millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi haqırlayaraq Milli Məclisə təqdim etmişdi. Qanun layihəsində zorlama cinayətində suçlananların axtalanması təklifi edilirdi.

Məqalədə : Aqiyə Naxçıvanlı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru