Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Avqust

2017
15:16
528
Cəzasızlığın nəticəsidir ki, ermənilər mülki insanları hədəfə alır - XİN

“Ermənistan vəhşiliyinin, xüsusilə azyaşlı uşağı və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq 7 avqustda 13 yaşlı Yusifov Raminin yaralanması ilə nəticələnən növbəti barbar əməli törədib”.

Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qoşunların təmas xəttində baş verən son gərginliyi şərh edərkən deyib. O bildirib ki, mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizmi siyasətidir: “25 ildən artıq dövr ərzində Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, soyqırım və bəşəriyyət əleyhinə cinayət əməlləri törədilib. Xocalı soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir. 2016-cı ilin aprelində Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralanıb, arasında uşaq olmaqla, 6 nəfər həlak olub. Mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri əks-həmlə tədbirləri həyata keçirib, atəş nöqtələri susdurulub və işğal altında olan bir sıra strateji məntəqələr azad edilib”.

H. Hacıyevin sözlərinə görə, Ermənistanın yenilənmiş hərbi doktrinasında cəbhə xətti boyunca asimmetrik hücumların həyata keçirilməsi və bu xüsusda mülki insanların və obyektlərin hədəfə alınması açıq şəkildə təsbit olunub: “Ermənistana münasibətdə hökm sürən cəzasızlığın nəticəsidir ki, Ermənistanın hərbi rəhbərliyi mülki insanlar və mülki obyektlərin hədəfə alınmasından çəkinmədiyini etiraf edən bəyanatlarla çıxış edir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Müasir beynəlxalq hüquqa əsasən bu əməllərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyırlar. Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu danışıqlar prosesinə ciddi maneədir, hərbi risklərin və gərginliyin yaranmasının əsas səbəbidir. İşğala əsaslanan qəbuledilməz və qeyri-davamlı status-kvonun dəyişdirilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin edilməlidir. Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür”.

Məqalədə : xin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru