Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 Oktyabr

2016
12:55
3615
Böyük Yaxın Şərq Layihəsinin məqsədləri və layihəyə daxil olan ölkələr

ABŞ 11 sentyabr hücumlarından sonra suverenliyinin önündəki ən böyük təhdidlərdən birinin "qlobal terrorizm", daha doğrusu özünün yaratdığı və onlara geyindirdiyi İslam donu altındakı radikallar olduğunu açıqladı. "Soyuq müharibə" dövründə ABŞ prezidenti Cim Karterin "Yaşıl Qurşaq Layihəsi" ilə SSRİ-yə qarşı bəslədiyi "qızıl təhlükəyə qarşı yaşıl zərdab" silahının bir nömrəli hədəfi artıq özü olmuşdu. Klassik terrorizmlə mübarizə metodlarının, ancaq "ağcaqanadlar"ı öldürdüyünü görən ABŞ-ın 11 sentyabr hücumlarından sonra "bataqlığı qurutmaq" axtarışları Böyük Yaxın Şərq Layihəsi ilə nəticələndi.

Buna da baxın

ABŞ-ın təhlükəsizlik anlayışı və "quldur" adlandırdığı dövlətlər

İlk dəfə 2003-cü ilin oktyabrında ABŞ Xarici İşlər naziri köməkçisi Mark Qrosman tərəfindən, daha sonra 2004-cü ilin əvvəlində Davosda ABŞ vitse-prezidenti Dik Çeyni tərəfindən dilə gətirilən Böyük Yaxın Şərq Layihəsinin məqsədləri kobud şəkildə bu cür idi:

- Bölgədə sabitliyi təmin etmək,

- Fələstin-İsrail münaqişəsinə iki dövlətli həll,

- Terrora dəstək verən ölkələrlə müharibə aparmaq,

- Yaxın Şərq ölkələrində siyasi və iqtisadi məsələlərə dəstək vermək.

2005-2009-cu illər arasında ABŞ Xarici İşlər Nazirliyi vəzifəsini icra edən Kondoliza Rays "Vaşinqton Post" qəzetinin 07.08.2003-cü il tarixli sayında çap olunan "Transforming the Middle East - Yaxın Şərqi devirmək" başlıqlı yazısında aralarında Türkiyənin də olduğu Mərakeşdən Bəsrə körfəzinə qədər uzanan coğrafiyada 22 dövlətin hakimiyyətinin, sərhəd və xəritələrinin dəyişdiriləcəyini qeyd edib.

Böyük Yaxın Şərq Layihəsi haqqında bəzi siyasi və hərbi dairələr layihənin əsas məqsədlərini adətən bu şəkildə ifadə edirlər:

- İsrailin varlığını qorumaq,

- Fasiləsiz neft axınını davam etdirmək,

- Kütləvi qırğın silahlarını məhv etmək,

- ABŞ-a müxalif rəhbərlikləri zərərsizləşdirmək,

- Terrorun güc aldığı mühiti yox etmək,

- İraqı nəzarət altına almaq,

- Fələstində sabitliyi təmin etmək.

ABŞ rəsmilərinin bu layihəni tanıması isə, qeyd olunan məqsədlərlə üst-üstə düşməklə bərabər, daha müxtəlifdir:

- Enerji resurslarına malik olan bölgələrin nəzarəti,

- Enerji nəqliyyat yollarına nəzarət və istifadə,

- Asimmetrik hədə təşkil edən terror hərəkətlərin qarşısının alınması,

- Radikal dini İslamın (hansını ki özləri yaradıb) yerinə mötədil İslamın gətirilməsi,

- ABŞ milli maraqlarının Yaxın Şərqdə qorunması,

- Bölgədə regional güc mövqeyinə çatmış dövlətlərin bu fəallığının azaldılması, hərbi güclərinin kiçildilməsi və bu qüvvələrdən ABŞ maraqlarına uyğun şəkildə istifadə edilməsi,

- Terror əməliyyatlarda istifadə edilə biləcək kütləvi qırğın silahlarının məhv edilməsi,

- Maliyyə və iqtisadi yardım vasitəsilə bölgədə ABŞ-ın nüfuzunun genişləndirilməsi,

- Qərb əleyhinə olan münaqişələrin aradan qaldırılması.

ABŞ marağı olan və sərhədləri mübahisəli bölgədə 700 milyondan artıq insan yaşayır, 12 milyon kvadrat kilometrlik sahəni əhatə edir. Layihəyə daxil olan ölkələr əsasən beş qrupdan ibarətdir:

1. Şimali Afrika qrupu: Mərakeş, Əlcəzair, Tunis, Misir, Liviya (layihədə varlığı hələ təsdiq edilməyib).

2. Aralıq dənizi ölkələri: Türkiyə, Suriya, Livan, İordaniya, İsrail, Fələstin (Ərəb-İsrail münaqişəsinin iki dövlət şəklində həllini nəzərdə tutur),

3. Qafqaz ölkələri: Azərbaycan, Ermənistan, Gürcüstan.

4. Körfəz ölkələri: Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Oman, Yəmən.

5. Asiya ölkələri: İran, İraq, Əfqanıstan, Pakistan, Banqladeş (layihədə varlığı hələ təsdiq edilməyib).

Regionun tutduğu ümumi mənzərə belədir: Yoxsulluq, geridə qalmışlıq olmayan artım sürəti, sürətli əhali artımı, miqrasiya, anti-demokratik rejimlər, terrorun maliyyələşdirilməsi, anlaşılmazlıq və münaqişələr.

Bu ümumi mənzərə içərisində ABŞ-ın şüarı isə belədir: "Yaxın Şərqə rifah və azadlıq gəlsin", "Yaxın Şərqə demokratiya gəlsin", "Bölgəyə liberal iqtisadiyyat yerləşsin", "Anti-demokratik rejimlər yox edilsin", "Yaxın Şərq ölkələri arasında təhlükəsizlik və əməkdaşlıq olsun", "Dövlət və yerli idarəetmə islahatları aparılsın", "Siyasi və iqtisadi islahatlar keçirilsin", "Bütün münaqişələr həll olunsun", "Bölgə zənginləşsin", "Bölgəyə sülh və sabitlik gəlsin", "İqtisadi inkişaf olsun". 

Bunların heç biri ağlabatan, fikrin qəbul etməyəcəyi şeylər deyil. Amma hamısı əslində tək bir məqsədə uyğundur: ABŞ regionda hegemon olsun.

Reallaşdırılacağı bildirilən bütün məqamlar Yaxın Şərq xalqlarının xeyrinə imiş kimi göstərilirsə də, əsas yanaşma ABŞ maraqlarının qorunması və ABŞ xalqının rifahını təmin edəcək ehtiyatların nəzarət altında saxlanılmasıdır. Bu məqsədlə yeni bir milli təhlükəsizlik strategiyası hazırlanıb.

 ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasına bunlar daxildir:

- Hədəf ölkələrin təhdid qabiliyyəti əldə etmədən vurulması,

- Heç bir beynəlxalq təşkilatın və ya müqavilənin ABŞ-ın maraqları və ABŞ-ın həyata keçirmək istədiklərinə maneə təşkil etməməsi,

- Dünya hökmranlığında ABŞ-a rəqib ola biləcək hegemon gücün olmaması,

- ABŞ maraqlarının əldə edilməsi üçün lazım olduqda hərbi güc istifadə edilməsi.

Avropa İttifaqı və Böyük Yaxın Şərq Layihəsi

ABŞ tərəfindən hazırlanan Böyük Yaxın Şərq Layihəsi əslində Aİ-nin maraqlarına da xidmət edir. Bölgə bəzi Aİ ölkələri üçün də müxtəlif problemlərin mənbəyidir. Bu səbəbdən bölgə ABŞ və Aİ maraqlarının qorunması baxımından müştərək əkin sahəsi halına gəlib.

ABŞ-ın Yaxın Şərqlə bağlı Aİ ölkələrinə verdiyi mesaj bu şəkildədir:

ABŞ-ın və Aİ ölkələrinin milli maraqları bu regionun nəzarət altına alınmasını tələb edir. Radikal İslam yaxın gələcəkdə sizlər üçün də böyük problem təşkil edəcək. Bunun işarələri tədricən ortaya çıxır. ABŞ ilə bərabər olun, layihəyə dəstək verin. Problemləri mənbəyində yox edək. Terrorun qidalandığı alt quruluşu dağıdaq. Böyük Yaxın Şərqdə sabitliyi təmin edək.

ABŞ-ın Yaxın Şərq ilə bağlı bütün dünyaya verdiyi mesaj isə belədir:

Beynəlxalq terrorizm bütün dünyanı təhdid edir. Bu təhdidin mənbəyi Şərqdir. Bölgədən nefti fasiləsiz almırıq. Xammal mənbələrindən istədiyimiz kimi istifadə edə bilmirik. Regiona investisiya qoya bilmirik. Bazar payımızı genişləndirə bilmirik. Bu problemlər davam etdiyi müddət ərzində dünyada təhlükəsizlik sual altına düşür. Rifahımız təhlükə ilə üzləşir. Təhdidlərlə qarşı-qarşıya qalırıq. Təhdidin asimmetrik olmaq xüsusiyyəti bu mübarizədə çətinlik yaradır. Adi təhdid olsa bununla mübarizə aparmaq asandır. ABŞ hərbi gücü dünyada heç bir güc qarşısında zəif deyil. Ancaq təhdidin asimmetrik olmaq xüsusiyyəti mübarizədə bizə çətinlik yaradır. Bu məkan mütləq nəzarət altına alınmalıdır.

Böyük Yaxın Şərq və Yeni Dünya Nizamı

1991-ci ildə Sovet İttifaqının dağılması ilə birqütblü hala düşən dünyada yeni müstəmləkəçilik anlayışı inkişaf etməyə başladı. "Daha çox azadlıq, daha çox sərvət" şüarı ilə yola çıxan ABŞ başında durduğu qloballaşma prosesi ilə dünya hökmranlığını yaratmaq yolunda böyük məsafələr qət edib. Kissincerə görə, qloballaşma Amerika hegemonluğunun başqa bir adıdır. 

Yeni müstəmləkəçilik anlayışının, yəni qloballaşmanın əsas taktikası müstəmləkə halına gətirilməsi güdülən cəmiyyətlərin milli şüurunun silinməsidir. Keçmişdə dünyanı saxlayan imperialist dövlətlərin təcrübələri bu gün də üstü örtülü şəkildə davam edir. "Yeni Dünya Nizamı", ya da "Qloballaşma" adı verilən bu proses fəaliyyətini hər yerdə göstərməkdədir. Bəzi keçmiş müstəmləkəçi ölkələr keçmişdə hakim olduğu ərazilərdə bu gün də fəaliyyətlərini davam etdirirlər. Siyasi müstəqilliyini qazanmış kimi görünən keçmiş müstəmləkə ölkələrində nəzarət hegemoniyası yenə davam edir. Müsəlman ölkələrində İslamdan istifadə bu yolda ən əlverişli vasitədir. Ona görə də, Amerika İslamını hər vəchlə bölgədə yaymağa çalışırlar.

Yeni Dünya Nizamı içində ABŞ-ın tətbiq etdiyi yeni siyasət "parçala, idarə et" əvəzinə, "kiçilt, birləşdir, idarə et" şəklinə çevrilib.

Keçmişdə müstəmləkə üsulları heç bir əvəz ödəmədən əldə edilən mal və xidmətlərin bu gün dəyərindən daha az qiymətlə alınması və yeni bazarların qazanılması ABŞ-ın və digər suveren ölkələrin qloballaşma prosesi içərisində başlıca hədəfidir.

Böyük dövlətlərin federal dövlətlər halına çevrilməsi və bunların bir federasiya çətiri altında birləşdirilməsi Böyük Yaxın Şərq Layihəsinin məqsədlərindən biridir. ABŞ bu cür siyasətlə bölgəyə sülh gətirəcəyini iddia edir.

Bəzi dairələr geniş yayılmış bir fikirlə bu sülhə "Amerika sülhü" adı verirlər. Əslində, bu fikir tamamilə Yeni Dünya Nizamı anlayışının bir hissəsidir. ABŞ bu düşüncəylə region ölkələri ilə olan münasibətlərini və mövqeyini milli maraqları əsasında yenidən nəzərdən keçirir. Bölgədəki hərbi gücü ilə bəzi işlər həyata keçirir. Yeni tətbiqi ilə ABŞ eyni zamanda region ölkələrinə mesaj da verir: Mənim maraqlarım üçün mənimlə birlikdə hərəkət edənlər də var, etməyənlər də. Edənlər və etməyənlər, verdikləri və çəkindikləri dəstəyin qarşılığını alırlar.

Aqil Mehdi

Məqalədə : ABŞ Yaxın Şərq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru