Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Yanvar

2017
09:49
3693
Buzxanalar Naxçıvanın tarixi abidələri sırasında - FOTO

Naxçıvan Muxtar Respublikası ölkəmizin tarixi abidələrlə zəngin regionlarından biridir. Xalqımızın mədəni irsini, özünəməxsus adət-ənənələrini, tarixi keçmişini özündə yaşadan bu аbidələr sırasında xüsusi yer tutan buzxanalardan vaxtilə geniş istifadə olunub.

Bu gün qədim diyarda 3 tarixi buzxana abidəsi var. Həmin buzxanalardan biri Naxçıvan buzxanasıdır. XII-XIV əsrlərə aid olan bu abidə Azərbaycanda ən böyük buzxanadır. Zəngin memarlıq quruluşuna malik olan buzxana uzun müddət isti yay günlərində əhalinin buza olan tələbatını ödəyib.

Naxçıvan şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsi 2013-cü ildə bərpa işlərindən sonra istifadəyə verilib. Naxçıvan memarlıq məktəbinin inkişaf dövrünün yadigarı olan abidənin uzunluğu 20, eni 9, hündürlüyü isə 9,6 metrdir. Binanın damında 3 metrdən bir qurulan tağlararası boşluq çatma tağbəndlə örtülüb. Buzxananın əsas hissəsi yerin altında yerləşir. Havalandırma sisteminin düzgün qurulması burada uzun müddət buzun saxlanılmasına imkan verib.

Abidənin başlıca xüsusiyyəti heç də onun böyük ölçülərə malik olmasında deyil. Həmçinin yüksək texniki səviyyədə kərpicdən qurulan örtük konstruksiyasının mükəmməl həlli, tikilmə forması, bina örtüyünün uzununa yüngül və dinamik konstruksiya sxemi üzərində yaradılması onun səciyyəvi cəhətlərindəndir.

Qeyd edək ki, bu cür oxşar konstruksiyadan Ordubad şəhərindəki buzxanada da istifadə olunub. Hətta o dövrdə Təbriz və Ərdəbildə inşa olunan bazar komplekslərinin örtülü keçidləri də bunun oxşarıdır. Bu da, ilk növbədə, XII-XIV əsrlərdə mövcud olan Naxçıvan memarlıq məktəbinin geniş əhatə dairəsi ilə bağlıdır.

Ordubad buzxanası da regionda ticarət məqsədi ilə inşa olunan obyektlərdən biri olub. Memarlıq abidəsi XIV əsrdə tikilib, XVIII əsrdə yenidən bərpa edilib. 2014-cü ildə Ordubad şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsi yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Abidənin ümumi sahəsi 166 kvadratmetr, hündürlüyü 11 metrdir. Burada 5 günbəz, ümumi zal, giriş və yardımçı otaq mövcuddur. Konstruktiv elementi formaca 4 tağvari sütundan ibarət olan abidənin üzərinə latun örtük vurulub, buzxana hissəsinə enən pilləkənlər bərpa olunub. Xalqımızın minillik məişət mədəniyyətinin göstəricisi olan abidənin tarixi görkəmi qorunub saxlanılıb, divarlar əhəng-gil qarışığı ilə hörülüb.

Şərur rayonundakı Cəlilkənddə yerləşən buzxana kompleksi isə XIX əsrə aiddir. 2015-ci ildə Cəlilkənd buzxanası yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bina dördkünc formalı olub yuxarıda tağabənzər formada tamamlanıb. Yerin altında yerləşən buzxanaya enmək üçün daşdan xüsusi pilləkən düzəldilib. Binanın divarları yüngülcə yonulan boz rəngli qaya parçalarından inşa edilib. İçərisində divarlar boyunca dördkünc formalı şəkillər var.

Yay aylarında yerli əhali istilərdən qorunmaq, yeyinti məhsullarını, şəxsi azuqələrini uzun müddət saxlamaq üçün bu binalardan istifadə edib. Buz əldə etmək məqsədilə qış aylarında binaya çəkilmiş kəhriz suyu zirzəmiyə vurularaq buz halına salınırdı. Buzun əriməməsi üçün onların arasına saman da tökülürmüş.

Hazırda bu tarixi abidələrin hər biri turizm obyekti kimi fəaliyyət göstərir. Burada ziyarətçilərə milli mətbəx nümunələrimiz də təklif edilir. (AzərTac)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2017 15:20

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru