Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Aprel

2017
11:23
1532
Bu gün Əmirəlmöminin Həzrət Əlinin (ə) mövlud günüdür

Bu gün aprel ayının 11-i,hicri qəməri tarixi ilə Rəcəb ayının 13-u Vilayət günəşinin nuru - Əmirəlmöminin Həzrəti Əlinin (ə) mübarək mövlud günüdür.

Möminlərin əmiri, İslamı ilk qəbul edən şəxs, İslamın sütunu, qiyamətədək bütün bəşəriyyətə nümunə olan Həzrət Əli (ə) müqəddəs Məkkə şəhərində, Allah evi–Kəbədə möcüzəli bir şəkildə dünyaya gəlmiş və elə Allah evində də (Kufə məscidində) şəhadət şərbətini içmişdir, "hüsnü-mətlə" müqabilində "hüsnü-xitama" malik olmuşdur. Yəni mövludu gözəl olduğu kimi, xətmi (şəhadəti) də gözəl olmuşdur.

Psixoloqların fikrincə, hər bir fərdin şəxsiyyətinin formalaşmasında üç mühüm amil əsas rol oynayır ki, bunların da hər biri şəxsiyyətin vücuda gəlməsində və formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Bu, insanın ruhiyyəsi, xüsusiyyətləri və təfəkkür tərzi kimi birləşmədən əmələ gələn üçbucağa oxşayır. Deyilən üç amil-Irsiyyət, Təlim-tərbiyə, Yaşadığı mühit (şərait).

İnsanın cismi quruluşu, yaxşı və ya pis xasiyyələri bu üç amilin vasitəsi ilə formalaşıb inkişaf edir. İrsiyyət barəsində bunu demək kifayətdir ki, insanın yalnız qiyafə və bədən qurluşu xüsusiyyətləri övlada irs keçmir, həm də valideynlərin batini sifətləri və əxlaqi ruhiyyələri də irsi olaraq onlara nəql olunur.

İnsan şəxsiyyətinin formalaşmasında digər iki amil-təlim-tərbiyə və mühit, Yaradanın insan zatında əmanət qoyduğu ali-insani səciyyələrin çiçəklənməsində, eləcə də uşağın valideyndən irsi olaraq apardığı xüsusiyyətlərin inkişaf etməsində mühüm rol oynayır. Müəllim bir uşağın, yaxud bir sinfin müqəddəratını tam mənada dəyişə bilər. Çox hallarda mühit tərbiyəsi aşağı səviyyədə olan fərdləri saflaşdıra, yaxud pak fərdləri əxlaqsızlığa uğrada bilər.İnsanın əxlaqının düzgün formalaşmasında bu üç amillə yanaşı öz iradəsi və istəyi az əhəmiyyət daşımır.

Əliyə (ə) irsən yetişən şəxsiyyət - Əbu Talib kimi bir atanın sülbündən dünyaya gəlməsidir. Əbu Talib "Bətha" (Məkkə) vilayətinin böyüyü və Haşimi qəbiləsinin rəisi idi. Onun bütün varlığı başdan-başa mehribanlıq, bəxşiş, səxavət, emosiya, mehr-məhəbbət, tövhid ayininin yolunda olan fədakarlıq və fədailikdən ibarət idi. Peyğəmbər (s)-in babası Əbdül-Müttəlib vəfat edəndə o həzrətin səkkiz yaşı var idi. O gündən etibarən düz qırx iki il sonraya qədər Əbu Talib həmişə Peyğəmbərin yanında olmuş, onun keşiyində dayanmağı öz öhdəsinə kötürmüş və onun tövhid məktəbini yaymaqdan ibarət olan müqəddəs hədəfləri yolunda fədakarlıq etmişdi.

Əbu Talibin öz qardaşı oğlunun gətirdiyi İslam dininə iman gətirməsi barədə olan dəlillər o qədər çoxdur ki, bütün tədqiqatçıların nəzərini özünə cəlb etmişdir. Təəssüflər olsun ki, bəziləri yersiz cəhalətdən doğan təəssübkeşlik üzündən Əbu Talib barəsində tərəddüddə qalmış, başqa bir qrup isə cürətlənərək onu qeyri-müsəlman bir şəxs kimi tanıtdırmışdır. Halbuki əgər tarix və hədis kitablarında Əbu Talibin islamı qəbul etməsi barəsində olan dəlillərin bir qismi başqa bir şəxs haqqında olsaydı, həmin şəxsin iman gətirib islamı qəbul etməsi barəsində əsla şəkk-şübhəyə yer qalmazdı. Amma məlum deyil ki, nə üçün bu qədər aşkar dəlillər "bəzi"lərinin qəlblərini işıqlandıra bilməmişdir!

Həzrət Əlinin anası  Əsədin qızı Fatimə (Fatimə binti Əsəd) və peyğəmbərə iman gətirən ilk qadınlardan biridir. O, besətdən qabaq İbrahim (ə)-ın ayininə itaət edirdi. O, həmin ismətli qadındır ki, doğum ağrısı şiddətlənəndə Kəbənin divarına yaxınlaşır və belə deyir: "İlahi, Sənə, Sənin tərəfindən göndərilən peyğəmbərə, nazil olan kitablara və həmçinin bu evi tikənin–cəddim İbrahimin sözlərinə tam imanım vardır. Pərvərdigara, bu evi tikənin ehtiramına və mənim bətnimdə olan uşağın xatirinə bu uşağın təvəllüdünü (doğuşunu) mənim üçün asan et!"

Bir neçə an keçmədi ki, Fatimə möcüzəli şəkildə Allah evinə daxil oldu və orada uşağı dünyaya gətirdi. Bu böyük və fəzilətli hadisəni tarix, hədis və ənsab elminin alimləri öz kitablarında nəql etmişlər. Sünnü alimlərinin arasında da bir çoxları bu həqiqəti aydın şəkildə göstərmiş, onu Əli (ə) üçün misilsiz bir fəzilət hesab etmişlər. Hakim Nişapuri deyir: "Əli (ə)-ın təvəllüdünün Kəbənin daxilində olması mütəvatir şəkildə bizə gəlib çatmışdır." Tanınmış müfəssir Alusi Bağdadi yazır: "Əli (ə)-ın təvəllüdünün Kəbədə olması dünya millətləri arasında yayılıb məşhurlaşmış və indiyə kimi heç kim belə bir fəzilətə nail olmamışdır."

Əli(ə) dünyaya gələndə Peyğəmbər (s)-in təvvəlüdündən otuz ildən artıq vaxt keçməmişdi və o, qırx yaşında ikən peyğəmbərliyə məbus oldu. Bu dövrdə Əli (ə)-ın həyatında ən unudulmaz hadisə onun şəxsiyyətinin formalaşması və şəxsiyyət üçbucağının ikinci tərəfinin Peyğəmbər (s)-in vasitəsi ilə formalaşmasıdır. Hər insan üçün ömrün bu hissəsi həyatın ən xatirəli və qiymətli anlarından sayılır. Insanın bu yaş dövrü, üzərində çəkiləcək hər cür rəsmi qəbul etməyə hazır olan ağ bir vərəq kimidir. Həyatın bu mərhələsi tərbiyəçilər və müəllimlər üçün ən yaxşı bir fürsət yaradır ki, Yaradanın uşağın təbiətində əmanət qoyduğu əxlaqi fəzilətləri və saf mənəviyyatı inkişaf etdirib çiçəkləndirsinlər, onu insaniyyət, əxlaqi dəyərlər və səadətli həyatın yolları ilə tanış etsinlər. İslamın əziz Peyğəmbəri (s) də Əli (ə)-ın təvəllüdündən sonra bu ali məqsəd üçün onun tərbiyəsini şəxsən öz öhdəsinə aldı. Əli (ə)-ın anası onu Peyğəmbərin hüzuruna gətirdikdə o həzrətin uşağa qarşı sonsuz məhəbbət bəslədiyini gördü. Peyğəmbər (s) ondan xahiş etdi ki, Əli (ə)-ın beşiyini onun yatağının yanına qoysun. Buna görə də, elə ilk günlərdən başlayaraq, İmamın həyatı Peyğəmbərin xas nəvazişi və lütfü ilə birgə idi. Həzrəti Məhəmməd(s)onu bağrına basıb deyərdi: "Bu uşaq mənim qardaşımdır. O, gələcəkdə mənim vəsim, köməkçim, canişinim və qızımın həyat yoldaşı olacaqdır." Əli (ə)-a olan məhəbbətinə görə heç vaxt ondan ayrılmaz və hər vaxt ibadət etmək üçün Məkkədən çıxıb getsəydi, Əli (ə)-ı kiçik qardaş, yaxud sevimli bir övlad kimi özü ilə aparardı. Onu bu cür gözdən yayındırmamaqda Peyğəmbərin məqsədi bu idi ki, Əli (ə)-ın şəxsiyyət üçbucağının ikinci tərəfi olan təlim-tərbiyəsi onun vasitəsi ilə formalaşsın və Peyğəmbərdən başqa heç kəs bu işə təsir göstərməsin.

İslam tarixçiləri yazırlar: "Məkkədə misli görünməmiş quraqlıq oldu və Peyğəmbərin əmisi Əbu Talib uşaqları çox olduğuna görə,ağır iqtisadi şəraitlə üzləşdi. Peyğəmbər Əbu Talibə nisbətən sərvətli olan əmisi Abbasla söhbət etdi, belə razılaşdılar ki, hər biri Əbu Talibin övladlarından birini öz evinə aparsın və bu çətin günlərdə Əbu Talibin işini bir qədər asanlaşdırsınlar. Buna görə də Abbas Cəfəri, Peyğəmbəri-Əkrəm (s) isə Əlini öz evinə apardı."

Əli (ə) kamil surətdə Peyğəmbərin ixtiyarına keçərək, onun ali-insani fəzilətlərindən və gövhərlə dolu olan əxlaq xəzinəsindən  bəhrələr götürdü və Peyğəmbərin (s) rəhbərliyi altında ən yüksək kamal dərəcələrinə çatmağa müvəffəq oldu.

İslam Peyğəmbəri risalətə məbus olmazdan əvvəl hər ilin bir ayını Həra mağarasında ibadətlə məşğul olur, ayın axırında dağdan enib birbaşa Məscidül-Hərama gedərək, Allah evinin ətrafına yeddi dəfə dolanar, sonra öz mənzilinə qayıdardı.

Peyğəmbər (s) Əli (ə)-ı öz evinə apardığı vaxtdan etibarən bir gün də olsun belə, onu tək buraxmamışdı. Tarixçilər yaz:"Əli həmişə Peyğəmbərlə birgə idi, belə ki, hər vaxt Peyğəmbər şəhərdən çıxıb dağa ibadət etməyə gedirdisə, onu da özü ilə aparırdı." İbni Əbil-Hədid yazır: "səhih hədislər göstərir ki, Cəbrail ilk dəfə Peyğəmbərə nazil olub ona risalət məqamını müjdə verəndə Əli onun yanında idi." Həmin gün Peyğəmbərin ibadət üçün Həra dağına getdiyi ayın günlərindən biri idi. Əli (ə) özü bu barədə buyurur: "Peyğəmbər hər il Həra mağarasında ibadətlə məşğul olurdu və məndən başqası onu görmürdü." Bu cümlənin Peyğəmbərin Həra dağında risalətdən sonrakı dövrünü göstərməsi də mümkündür,qeyd olunan əlamətlər, eləcə də Peyğəmbərin Həra mağarasında  peyğəmbərliyə seçilməzdən qabaqkı dövrlərdə olması sübut edir ki, bu məsələ ondan qabaqkı dövrə aiddir.

Əli (ə) özünün ruhi və nəfsani paklığı və  Peyğəmbərin onu müntəzəm surətdə tərbiyə etməsi nəticəsində elə uşaqlıq dövründən adi adamların görə bilmədiyi şeyləri görür, eşidə bilmədiyi səsləri eşidirdi. Bu barədə Imam (ə)-ın özü buyurur: "Mən elə uşaqlıq çağlarında Həra dağında Peyğəmbərin yanında olanda, ona tərəf gələn vəhy və risalət nurunu görür, ondan nübüvvətin pak ətrini duyuyrdum."

Əli (ə) uşaqlıq çağlarında qeybi səsləri eşitməsi haqda belə buyurur: "Peyğəmbərə vəhy nazil olan zaman bir nalə səsi eşitdim. Ərz elədim ki, "bu nalə nədir?" Buyurdu ki, "bu, şeytanın naləsidir. Səbəbi də budur ki, mənim besətimdən sonra yer üzündə pərəstiş olunmaqdan naümid oldu." Sonra Peyğəmbər üzünü mənə tutub dedi: "Mən eşitdiyimi sən də eşidirsən, mən gördüyümü sən də görürsən, bir fərq ilə ki, sən peyğəmbər yox, mənim vəzirim və köməkçimsən."(ahlibeyt.az)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru