Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 İyul

2017
14:32
961
Brilyant balamızla ortaya çıxan olay və yaxud... boynuna alan qarabağlılar
QAT sədr Akif Nağı indiyə qədər demədiklərini birnəfəsə söylədi

Xocalıdan olan Naftalan musiqi məktəbinin 10 yaşlı şagirdi Brilyant Məmmədlini İsveçrədə keçirilən piano və fleyta ifaçılarının beynəlxalq müsabiqəsində qazandığı böyük uğura görə təbrik edirik. Brilyant ötən il Avstriyada  keçirilən beynəlxalq müsabiqənin qalibləri sırasında olmuşdu , dünən gələn xəbərə görə isə, İsveçrə müsabiqəsinin 2-cisi olmağı bacarıb. Onun İsveçrəyə getməsi sual altında idi, yol pulu yox idi. Yaxınlarımız, dostlarımız bir təhər viza, orda qalmaq pulunu toplamışdı. Amma özünün və onu müşayiət edəcək müəlliməsinin bilet pulları, cəmisi 2400 manat tapa bilmirdik. Hamıya ağız açdıq, Mədəniyyət nazirliyinə, Dağlıq Qarabağın Azərbaycanlı icmasına, tanınmış şəxslərə, heç kəs yaxın durmadı. Sanki bu işin onlara heç bir dəxili yox idi. Həsən bəy Zərdabinin başına gələnlər yada düşdü. O yazıq getmişdi Şuşaya ki, uşaqlara məktəb açsın, hansı bəyə, imkanlıya yaxınlaşdısa, ağız büzdülər. Küçəyə çıxanda ulağın belində su satan bir erməni ona yaxınlaşdı ki, erməni məktəbi açırsansa, nə qədər deyirsən pul verim. İndi Həsən bəyin o vaxt dediyi sözləri yada salanda qarabağlıların xətrinə dəyir. Üzeyir bəy o vaxtlar cibinin axırıncı pulunu vermişdi ki, Şövkət Məmmədova gedib İtaliyada musiqi təhsili alsın. İndi Üzeyir bəyin “yurdunda” oturan dünya şöhrətli musiqi xadiminə deyirlər ki, 10 yaşlı qızcığaz gedib İsveçrədə Xocalını təmsil edəcək, kömək elə, cavab verir ki, “heç özüm xaricə getməyə pul tapa bilmirəm.” Bu günlərdə bir bərk gedən Qarabağlı başqa bir bərk gedən Qarabağlı ilə Bodrumda bir həftəlik istirahətlərindən danışırdı. Belə başa düşdüm ki, adama bir 50-60 min xərcləyiblər. Di gəl ki, desək 100 manat ver, Qarabağla bağlı kitab buraxacağıq, deyəcək ki, məndə pul nə gəzir?!

Qısası, Xocalılı qızcığazın yol pulunu tapa bilmədik, qərara gəldik ki, QAT-ın Naftalan şöbəsinin sədri Səyyarə xanım Naftalanda borc pul tapsın, sonra yığıb verərik. Orda da imkanlılar yaxın durmadı, axırda bir “KAMAZ” şoferi çıxardıb pulu verib və deyib ki, 100 manatını kömək olaraq verirəm. Belə alındı ki, “KAMAZ” şoferində olan milli qeyrət çox imkanlılarda olmadı. Amma yaxşı ki, qeyrətlilərimiz tam tükənməyib. Həmin günlərdə bir tədbirdə təsadüfən hörmətli millət vəkili Qənirə Paşayeva ilə görüşdüm, vəziyyəti ona dedim. O, baxmayaraq ki, səhərisi gün Strasburqa uçurdu, oradan “Azərsun”la əlaqə saxladı, “KAMAZ” şoferinin pulunun ödənilməsinə nail oldu. Dəyərli Qənirə xanıma da, “Azərsun” rəhbərliyinə də təşəkkür edirik. Bu işdə ürəkdən çalışan, zəhmət çəkən hər kəsə, Səyyarə  xanıma, Xatirə xanıma, Fəridə xanıma, Naibə xanıma, şofer qardaşımıza, İsmayıl bəyə dərin-dərin təşəkkür edirik. Bu səmimi və vətənsevər insanların sayəsində istedadlı balamız Azərbaycanın, Qarabağın, Xocalının adını uzaq İsveçrədə göylərə qaldırdı. Halal olsun.

Bu iş də Qarabağın azadlığı uğrunda mübarizənin bir hissəsi oldu. Adamların Qarabağ üçün nə isə etmək istəyib-istəmədiyinin şahidi olduq. Bu gün Qarabağ uğrunda dövlətdən kənar mübarizə aparan yeganə qurum Qarabağ Azadlıq Təşkilatıdır. Bizim olduğu üçün demirəm, bu bir reallıq, özü də acı reallıqdı. Hamının, bütün təşkilatların məşğul olmalı olduqları işlə, niyə yalnız biz məşğul olmalıyıq?! QAT-ın qapısını açmır, dalımızca da yüz söz danışıqlar. Hakimiyyətdə olan Qarabağlılar (“Qarabağlı” deyəndə məlum deyimi nəzərdə tuturam: “Nə qədər ki, Qarabağ işğaldadır, hamımız Qarabağlıyıq!”) deyirlər ki, Akif Nağı müxalifətə işləyir, ona görə də ora getmirik. Müxalifətdə olanlar bizi hakimiyyətə işləməkdə suçlayırlar. Bəzi ağzıgöyçəklər İrana, digərləri İsrailə, başqaları Türkiyəyə, bir parası da Rusiyaya işlədiyimizi deyirlər. Axı işləyib neynəmişik, bəlkə  hansınınsa bayrağını, şəklini qaldırmışıq başımızın üstünə?! Bir də axı biz nə boyda fərasət yeyəsi olmuşuq ki, 4-5 ölkəni, müxalifəti iqtidara qarışıdırıb barmağımıza dolayaq, hamısı ilə işləyək, heç birinin də xəbəri olmaya?! Bir də deyirlər ki Akif Nağı Qarabağdan istifadə edib pul qazanır. Vallah, pul elə bir köpəkoğlu şeydi ki, varsa, onu gizlətmək mümkün deyil, özünü haradasa büruzə verərdi və sizlər də görərdiniz. Bir də burda pul varsa, gəlin siz də qazanın da. Siz pulun iyini yaxşı bilirsiniz. Bilirsiniz ki, burda pul adında şey yoxdur. Olsa idi, axınla gələrdiniz. İldə QHT şurasından 10-12 minlik (indi onu da azaldıblar, ya da heç vermirlər) qrant alırıq, ona da Qarabağa dair 5 kitab buraxır, 2-3 xarici ölkədə Qarabağ təbliğatı aparır, 3-4 elmi-praktiki konfrans keçiririk. Hələ qalan işlərimizi demirəm. Bilməyənlər üçün təkrar edirəm: Qarabağ Azadlıq Təşkilatı xüsusi missiyanın daşıyıcısıdır. Vicdanınız olsun, bu missiyanın daşıyıcısına çamur atmayın.

Bu çamur atanlar, boş və hədyan danışanlar ... boynuna alan Qarabağlılardır. Etiraz edənlər üçün başa sala bilərəm: babası, nənəsi, atası, anası, qardaşı, bacısı, övladının qəbri düşmən tapdağında qalan və onun azadlığı üçün heç nə etməyən, gəlib Qarabağ Azadlıq Təşkilatı ilə birgə hərəkət etməyən bir kəs ... boynuna almayıbmı? Niyə gəlib rəhmətlik Famil Mehdi kimi QAT-ın qapısını açıb nə var  nə yox, nə edirsiniz demirsiniz? Çünki ... boynunuza almısınız. Heç kəs böyük elmi nailiyyəti, xalq artistliyi, fundamental əsəri, dəhşətli şeiri ilə qürrələnməsin. Torpağı işğal altında olan alimin, şairin, sənətçinin və sairin uğuru uğur deyil, özünü aldatmaqdır.

Balaca qızcığazla bağlı olay çox şeyləri tərpətdi, çoxdan demək istədiklərimi dedim. Qarabağ uğrunda savaş gedir. Bu savaşı Qarabağ Azadlıq Təşkilatı aparır. Ya bizimlə olun, ya da düşmənlə, orta mövqe yoxdur!

Akif Nağı / Qarabağ Azadlıq Təşkilatının sədri

Məqalədə : Akif Nağı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru