Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Noyabr

2016
14:06
848
Beynəlxalq Bank tikinti sektoruna ciddi zərbə vurdu
Ekspert: Tikinti sektorunda son dövrlərdə 35 faizə qədər kiçilmə müşahidə olunub

Dünyada baş verən iqtisadi böhranın Azərbaycanı da haqlaması bir çox layihələrin ləğv edilməsi və ya yarımçıq qalmasına səbəb oldu. Xüsusilə də manatın məzənnəsinin dollara nisbətdə ucuzlaşmasından sonra bu proses daha aktual hal aldı. Bir çox iş yerləri ixtisarlara getdi, maaşları azaltdı hətta bəziləri tamamilə bağlandı. 

İqtisadçılar hesab edirlər ki, böhranın ən çox təsir etdiyi sahə tikinti sektoru oldu. Bunu ekspertlər söyləməsələr də, əyani şəkildə də görmək mümkündür. Məlumdur ki, ötən illərlə müqayisədə Bakıda artıq tikinti bumu yaşanmır. Paytaxtın müxtəlif yerlərində binalar tikilsə də, bu, kütləvi halda deyil. Eyni zamanda tikinti aparılan yerlərdə bu proses hava şəraitindən asılı olmayaraq, bəzən günlərlə, aylarla fasilələr yaranır. 

Böhran nəticəsində paytaxtda yarımçıq qalan, ümumiyyətlə, işin tamamilə dayandığı tikinti layihələri də az deyil. Misal üçün Bulvarda, metronun “Gənclik”, “Qara Qarayev” stansiyalarının yaxınlığında bu cür tikililərə rast gəlmək olur. Hansı ki, bu layihələr tamamilə yarımçıq qalıb. Bu xüsusda “Xəzər adaları”, “Ağ şəhər”  layihəsini də qeyd edə bilərik. Bütün bu layihələrə milyonlarla vəsait xərclənsə də, başa çatdırıla bilmir. Hesab olunur ki, ölkədəki bankların durumunun pis olması da buna təsir edən faktorlar sırasındadır. Çünki şirkətlər kredit ala bilmədikləri üçün layihələrini də həyata keçirə bilmirlər.

Bəs bu layihələrin taleyi necə olacaq? Hökumət bu layihələri ölkəyə xarici investisiyalar cəlb etməklə davam etdirə bilərmi?

Məsələ ilə bağlı musavat.com-a danışan ekspert Rəşad Həsənov bir neçə məqama toxunub. O, bildirib ki, ölkənin gəlirlərinin azalması, tikinti sektorunu çökdürən əsas səbəblərdən biridir: “Çünki tikinti sektorunda bir zamanlar müşahidə edilən inkişaf, sadəcə olaraq neft vəsaitlərinin hesabına baş verirdi. Hökumət tərəfindən də investisiya xərclərinin həcmi çox sürətlə artırılmışdı. Hətta bu, büdcə xərclərinin 50 faizinə qədər yüksəldilmişdi. Özəl sektorun da bu sferada fəaliyyəti genişlənmişdi. Pul mənbəyi hesab olunan büdcə xərclərinin aşağı düşməsi, bank kreditlərinin verilməsinin dayandırılması, xaricdən ölkəyə gələn vəsaitin azalması, bütövlükdə tələbatı da aşağı saldı. Nəticədə rəsmi statistikaya görə, təxminən tikinti sektorunda son dövrlər 35 faizə qədər kiçilmə müşahidə olunub. Lakin qeyri-rəsmi müşahidələr onu göstərir ki, tikinti sektorunda 2016-cı il ərzində kiçilmə təxminən 60 faizdən artıqdır”.

Ekspert bildirib ki, xarici investisiyaların sektora cəlb olunması məsələsi gündəmdədir: “Bu, çıxış yollarından biri hesab oluna bilər. Ancaq hazırda investisiya cəlb etmək imkanları kifayət qədər məhduddur. O baxımdan ki, reputasiya heç də ürəkaçan deyil. Xarici investorların bu sahəyə yatırımlar etməsi ilə bağlı ümidverici mənzərə yoxdur. Bu baxımdan da qısa müddət ərzində dayandırılmış layihələrin icrası ilə bağlı xaricdən vəsaitlərin cəlb edilməsi çətin ki, mümkün olsun. Bundan əlavə bəhs etdiyimiz sahədə yerli imkanlar da kifayət qədər məhduddur. Belə bir şəraitdə də sektor hələlik müəyyən qısa və orta müddətli dövrdə öz durğunluğunu yaşayacaq”.

Ekspert bir zamanlar tikilməkdə olan yaşayış binalarında da işlərin dayanması və ya mərhələli formada davam etməsi ehtimalına toxunub: “Yaşayış binalarında satış da aşağı düşüb. Vaxtı ilə şirkətlər satışın bir qismini kreditlə həyata keçirirdilər. Bu gün isə kredit borclarının ödənişində ortaya çıxan problemlərin olması, eyni zamanda yeni satışların həcmində müşahidə olunan ziddiyyət, faktiki olaraq maliyyə sıxıntısına səbəb olub. Əvvəlki dövrlərdə banklar da tikinti sektoruna çox rahatlıqla kreditlər verə bilirdilər. Xüsusilə Beynəlxalq Bankda baş verən məlum proses, sektorun özündə yaşanan gərginlik, bu istiqamətə yönələn bank vəsaitlərinin də həcminin azalmasına səbəb oldu. Beləliklə də hazırda tikinti şirkətləri əvvəlki dövrdə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə məcbur olduqları üçün ən azından fəaliyyətdə kimi görünməyə çalışırlar. İkinci bir tərəfdən isə layihənin ən qısa zamanda yekunlaşması da şirkət üçün xərcləri nisbətən azaldır. Çünki bəlli olduğu kimi gün keçdikcə devalvasiya ilə bağlı olaraq, hər gün idxal olunan məhsulların qiyməti artır. Bu isə maya dəyərini artıran səbəblərdən biridir. Əlavə olaraq müddət uzandıqca, saxlanılan işçilərin əmək haqları da ödənilməlidir. Bunların özü də sahibkara təsir edir. Ona görə də cəhd edirlər ki, prosesi yekunlaşdırsınlar. Buna görə də bəzi binalarda mərhələli şəkildə işin davam etdiyini görürük”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru