Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

10 Fevral

2017
10:07
1010
Bakıda kürünün kiloqramı 1500 dollardır

Türkiyə mətbuatının yazdığına görə, son günlər havaların soyuq keçməsi ilə əlaqədar olaraq qardaş ölkədə  balığın qiymətində kəskin bahalaşma müşahidə olunur. Bəs Azərbaycanda balıq və kürü neçəyə satılır?

Paytaxt Bakıda yol kənarlarında və bazarlarda balıq satışına tez-tez rast gəlmək olur. Müşahidə etdik ki, yol kənarında satılan balıqlar əsasən sazan balığıdır. Bunun da səbəbi odur ki, sazan balıqları sudan çıxarıldıqdan sonra daha çox yaşayırlar və onların xarab olma müddəti də digərləri ilə müqayisədə daha uzundur. Öyrəndik ki, hazırda yol kənarlarında satılan çay sazanlarının qiyməti 5-5.5 manatdır. Bundan əlavə,  Naxçıvan sazanı da var ki, onun qiyməti digərlərindən bir qədər bahadır. Hazırda Naxçıvan sazanı 7-8 manata satılır. 

Bazarlarda isə istənilən növ balığa rast gəlmək mümkündür. Məsələn, “8-ci kilometr bazarı”nda içəri və çöl tərəfdə sıra ilə düzülmüş piştaxtalarda balıqlar satılır. Eyni zamanda bəzi satıcılar iri akvariumlarda, vannalarda  diri balıqlar da satırlar.

Bazarın içəri tərəfində piştaxtaların üzərinə səliqəli şəkildə balıqlar düzülsə də, çöl tərəfdəki balıqlar əsasən çirkli vannalarda satılır. Ümumilikdə satıcılar bu balıqları “çay balıqları” adlandırsalar da, konkret olaraq çoxunun haradan tutulması bəlli deyil. 

Image result for balıq bazarı

Satıcılardan öyrəndik ki, hazırda bazarda Kür sazanının qiyməti 4-6 manat, kütüm balığı 9-10 manat,  ilan balığı 70 qəpik, kilkənin kiloqramı 1 manat 60 qəpik, xanı balığı 4.5 manat, çəki balığı 7-8 manata, xəşəm 12 manata satılır. Nərə balığına gəlincə isə göldə böyüdülən nərənin qiyməti 40 manata, dəniz nərəsinin qiyməti isə 60 manatadır.

Satıcılar bildirdilər ki, son zamanlar balığın qiymətində heç bir artım yoxdur. Lakin müştərilər heç də belə düşünmürlər. Elə balıqların qiyməti ilə maraqlandığımız zamanı söhbət etdiyimiz müştərilər bildirdilər ki, qiymətlərdən razı deyillər. 

Bazarda satılan balıqlar əsasən çay və göllərdən tutulanlardır. Satıcıların sözlərinə görə, bu il dəniz balığı demək olar ki, satmayıblar. Çünki Xəzərdə bu il balıq az olub.  

Kürülərin qiymətinə gəlincə isə qırmızı kürünün  yarım kiloqramı 90-120 manatadır. Nərə  balığının kürüsünün bir kiloqramı 1200 manata satılır. Ən bahalı kürü isə ağ balığın kürüsü hesab olunur.  Belə ki, bu kürünün qiyməti 1500 dollardır.  Satıcılar bildirdilər ki,  əgər balıq müştərinin gözü önündə yarılıb, kürüsü çıxarılıb satılırsa, onun qiyməti daha baha olur. Çünki bu kürü təmiz hesab olunur və heç bir qatqısı olmur. Kənardan gətirilən kürüyə isə çox zaman yumurta və digər maddələr vurulur. Ona görə də onların qiymətləri bir qədər aşağı olur. Lakin onu da qeyd edək ki, bazarlarda açıq şəkildə bu cür bahalı kürünün satışına rast gəlmək mümkün deyil. Belə ki, söhbət etdiyimiz satıcılar bildirdilər ki, sifariş olanda onlar bu cür kürünü təşkil edə bilirlər. Onu da kiloqramla deyil, qramla satırlar. Bildirdilər ki, kiloqramla qara kürü sifariş verən çox az müştəri olur.  

Related image

1991-1992-ci illərdə  o dövrdə fəaliyyət göstərən “Azərbalıq” İstehsalat Kommersiya Assosiasiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”a bildirdi ki, hazırda Azərbaycanda balığın qiyməti çox bahadır: “Mənim işlədiyim dövrdə qara kürünün kiloqramı  90-110 dollara idi. Balığın da kilosunu 4.5 dollara satırdıq. Söhbət nərə balığından gedir. Ancaq misal üçün, göl balıqlarını təxminən 2-3 manata mağazalarda açıq şəkildə satdırırdıq. İndi isə qiymətlər çox bahadır. Hazırda dünya bazarında qara kürünün qiyməti 1200-1500 dollaradır. Kürünü bir kənara qoyaq, bu gün Azərbaycanda balığın da qiyməti çox bahadır. Elə bir vəziyyətdir ki, bunu süni şəkildə qaldırırlar. Bu barədə dəfələrlə demişəm və bunları söylədiyimə görə məni qınayanlar da olub ki, niyə belə deyirsən. Azərbaycanda bu gün göl balıqlarının kiloqramı 3 manatdan artıq olmamalıdır. Ancaq bazarda 6-12 manata qədər qiymətdə olan balığa rast gəlmək olur. Bunların hamısı monopoliya ilə bağlı olan məsələlərdir. Nəticədə isə süni şəkildə qiymətlər qalxır. Bizim vaxtımızda belə bir şey yox idi.  Mağazalarda açıq şəkildə kürü satılırdı və icazə vermirdik ki, 150-200 qramdan artıq kimsə bunu alsın. Yəni belə bir əmrimiz var idi. Bu gün Azərbaycanın 6 aylıq büdcəsini  balıq və kürü  satışı ilə təmin etmək olar. Biz bunu deyirik, ancaq bizlə düşmən olurlar. Xalqın öz sərvətləri hələ ki özünə qismət olmur. Belə getsə, heç olmayacaq da”.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com