Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 Mart

2017
16:47
8208
Azərbaycan qadınını yerdən yerə vuran rejissorlara

İllərdir Azərbaycan mediasındayam. Amma ilk dəfədir bu mövzu barədə yazıram. Səbəb də sonda deyəcəm.

Bu günə kimi işimin gərəyi müxtəlif peşə sahibi olan insanlarla həmsöhbət olmuşam. Təbii ki, söhbətlər zamanı az da olsa adət-ənənələrdən, insani münasibətlərdən, dəyərlərdən danışılıb. O adət-ənənələrdən, insani münasibətlərdən, dəyərlərdən ki, hər bir ailədə var və bunu milli-mənəvi adlandırırıq, qorumağa çalışırıq.

Diqqət edək Qərb filmlərinə. Bu filmlərdə ailə dəyərlərin yaşadılması üçün nəsə görmək mümkündürmü? Məncə xeyr. Kütləvi olmasa da, filmlərdə təbliğ olunan məsələlər bundan ibarətdir: 

- heç də evlənmək üçün əks cinsin nümayəndələrinin seçməyə ehtiyac yoxdur, kişi kişi ilə, qadın da qadınla evlənə bilər

- valideynin səni danlayırsa, get otağına, qapını bağla, onun da otağa girməsinə icazə vermə

- həftəsonu dostlarınla gecə saatlarına kimi diskotekada keçir

- baxmayaraq ki, dostunun anasıdır və ya atanın dostudur, amma xoşun gəlirsə, onu sevə, hətta görüşə çıxa bilərsən

- həyat yoldaşın sənə xəyanət edirsə, demək sən də analoji addımı ata bilərsən və bu sənin haqqındır

- gecə saatlarında evə qayıdırsansa, yoldaşının nəyə görə evə gəc gəlməyin barədə sənin hesab istəməyə haqqı yoxdur və sair.

Bu siyahını uzatmaq da olar. Və bura Qərb kinomatoqrafiyasının son işlərindən biri olan “Gözəl və bədheybət” filmidir ki, bur barədə bir başqa yazıda qeyd olunub. Amma bu yazıda məqsəd o deyil. 

İllərdir Azərbaycanda film sahəsinin inkişaf etmədiyini hər yerdə dedik, danışdıq. Və nəhayət bu sahədə işıq ucu görünməyə başladı. Son zamanlar çəkilən filmlərin və serialların hamısı olmasa da, bəzilərinin cəmiyyətə verdiyi mesajlar müsbət yöndəndir. Amma bəzən rejissorların özlərinin də bilərəkdən və bilməyərəkdən buraxdıqları səhvlər uzun müddət qurulmuş işi alt-üst etməklə yanaşı, cəmiyyəti də mənfi yönə sürükləyən mesajlar ötürür. 

Adi bir misalı çəkmək yerinə düşərdi ki, türk rejissorları çəkdikləri filmdə maşına oturan adamın kəmər bağlaması məsələsini belə, çox yüksək peşəkarlıqla göstərirlər. Bununla cəmiyyətə “Etmək lazımdır!” kimi bir mesaj göndərirlər.

Qayıdaq Azərbaycana. Ölkəmizdə və onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanan və ATV telekanalında yayımlanan “Vicdan haqqı” serialına. Serial ilk gündən tamaşaçını özünə cəlb etməyi bacardı. Buna səbəb serialda ələ alınan mövzunun gündəmlə səsləşməsi idi:  arvad uşağını burada qoyub Rusiyaya qazanc dalıyca gedən Azərbaycan kişisinin orada özünə bir Nataşa tapmasından.

Serial barədə yazmaq fikrim yoxdur, baxan baxıb və mövzunun necə davam etməsindən xəbərdardır, baxmayan da texnologiyanın imkanlarından istifadə edib baxa bilər.

Məsələ bundan ibarətdir ki, filmdə baş qəhrəmanın - Kamil müəllimin (Elxan Yunis) həyat yoldaşı Dilarə xanım (Kəmalə Müzəffər) bir neçə seriyadır gözə dəymir. Belə göstərildi ki, Dilarə xanım ərinin ona hədiyyə etdiyi evdən bir fırıldaqçı vasitəsi ilə qovuldu. O isə hər bir qadının son sığınacaq yeri olan qardaşı Əbdülün (Cavidan Novruzun) evinə getdi. Əbdül isə yorğun olduğunu və onu dinləməyə vaxtının olmadığını söylədi. Bacısının da evinə gedə bilməzdi, çünki bacısının da ailəsində problem vardı və bacısının əri onu evindən qovmuşdu. Qalırdı bir dənə oğlu, o da atası ilə barışmadığı üçün anasını qəbul etmirdi.

Və Dilarə xanım heç kimə xəbər vermədən ortadan itdi, daha doğrusu rejissor və ya ssenarist tərəfindən itirildi. İtirildi ona görə deyirəm ki, Kəmalə Müzəffər mediaya verdiyi açıqlamasında ondan asılı olmadan serialdan uzaqlaşdırıldığını söyləyib.

Təbii ki, hansı aktyorun və ya aktrisanın çəkilməsini filmin rəhbəri müəyyənləşdirir. Amma bir məsələ var, o da tamaşaçı rəğbətidir.

Tamaşaçı heç zaman filmin mənfi qəhrəmanına qarşı rəğbət bəsləyə bilməz. Misal üçün, heç kəs deyə bilməz ki, “Vicdan haqqı” serialında mənim İmrandan və “Qırmızı Telman”dan xoşum gəlir. Amma yəqin ki, hər zaman haqsızlığı, ədalətsizliyi, namussuzluğu qəbul etməyən Əbdül barədə bunu söyləyə bilməzlər. Eləcə də qürurlu Azərbaycan qadınını canlandıran Dilarə xanımı.

Sual edirəm filmin rejissoru və ya ssenaristindən: Siz Azərbaycan qadınını necə görürsünüz? Məsələn mən bir tamaşaçı və ya vətəndaş kimi Azərbaycan qadınını elə Dilarə kimi görürəm:  mətin, ərinin namusunu qoruyan, ailəsini sevən, qürurlu, balaları üçün ömrünü fəda edən, sınmayan, bağışlanması çox çətin olan ər xəyanətini bağışlayan. Budur Azərbaycan qadını! Amma gəlin görək Azərbaycan qadını üçün filmdə yaradılmış bu obrazı kulminasiya nöqtəsinə qədər qaldıran və qəfildən yoxa çıxaranlar nə fikirləşirlər? Minlərlə Azərbaycan xanımının da başına gələn bu hadisə (Rusiyaya gedib orada rus qadını almaq) ilə ekran başında oturanlara nə mesaj vermək istəyirlər, gördün alınmır, get intihar elə? Məgər Azərbaycan qadınını alçaltmaq bu qədərmi asandır? Yəni tamaşaçıya çatdırmaq istəyirlər ki, filmdə hər kəs düz edir, bir dənə səhv edən qürurlu Azərbaycan qadınıdır? 

Hesab edirəm ki, illərdir serial arzusunda olan Azərbaycan vətəndaşına bu cür film təqdim etməzlər. Kimlərinsə istəyi və ya arzusu ilə məğrur, qürurlu Azərbaycan qadını obrazını oynayan şəxsi yox saymaq, itirmək, məğlub göstərmək, ailəsinin dağılmasına səbəbkar, rus qadınına dəyməyən kimi göstərmək olmaz. Bu barədə düşünsəniz yaxşıdır. 

Aqil Mehdi

Şərhlər
Əfqan Nəsirli tərəfindən 03-03-2017 21:40:42 tarixində yazıldı
Fikir bildirmək
Mən Aqil müəllimin film haqqında yazdıqları ilə razılaşmıram. Fikrimcə, filmin sujet xətti çox cəlbedicidir, tamaşaçını intizarda saxlamaqdadır, eyni zamanda reallığı tam əks etdirir. Rejissor həm də göstərir ki, bu gün Aqil müəllimin təqdim etdiyi Azərbaycan qadınını hansı cəmiyyət, hansı mühit məhv edir və ssenarist Dilarə xanımı qeybə çəkməklə, onun bu mühitə layiq olmadığını göstərir və həm də sonrakı hadisələrdə göstərilir ki, bu başa gələnlərin heç də səbəbkarı Azərbaycan qadını deyil.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  f[email protected]


Valyuta.com


Рейтинг@Mail.ru