Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Fevral

2017
11:25
850
Azərbaycanın ilk milli naviqasiya sisteminin təqdimatı keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün “AzNav” - ölkənin ilk milli naviqasiya sistemini ictimaiyyətə təqdim edib.

Tədbirdə müasir texnologiyaların tətbiqi ilə hazırlanan naviqasiya sisteminin təqdimatı və canlı rejimdə fəaliyyəti nümayiş etdirilib.

Təqdimatda çıxış edən Komitənin sədr müavini Rüstəm Şahbazov qeyd edib ki, dövlət başçısının fərmanı ilə ƏMDK tərəfindən informasiya-kommunikasiya texnologiyalarının, coğrafi informasiya sistemlərinin tətbiqi ilə Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) yaradılıb. Onun sözlərinə görə, GPS naviqasiya sistemi "Aznav" ÜRİS-in məlumatları əsasında hazırlanıb: "Aznav" həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər və digər fəaliyyətlərdə son dərəcə faydalıdır. Eyni zamanda, naviqasiya sistemindən istifadə etməklə ünvan axtarışı məsələləri sadələşəcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq. Bu sistem həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malikdir. Sistem "Android", "iOS" (Apple), "Windows CE" əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda, həmçinin telefon və planşetlərdə işləyir".

R.Şahbazov bildirib ki, "Aznav" Azərbaycan dili ilə yanaşı bir neçə dilləri dəstəkləyir: "Sistem rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini dəstəkləməklə yanaşı, sadalanan dillərdə interfeysə malikdir. Bu isə ölkəmizə səfər edən turistlərin və əcnəbi vətəndaşların ünvan tapma işini daha da asanlaşdıracaq. Bununla belə, nəqliyyat vasitəsi hərəkətə başladıqdan sonra istifadəçi gedəcəyi yerə nə zaman çatacağı barədə məlumatı əvvəlcədən öyrənir. Eyni zamanda, proqramda odometr funksiyası da aktivdir. Proqram vasitəsilə başqa istifadəçilərlə əks əlaqə imkanı da var".

Sədr müavini vurğulayıb ki, proqramın digər spesifikası Azərbaycan xəritəsi ilə yanaşı, başqa ölkələrin xəritələrini də özündə əks etdirir: "Bu, Avropa, Cənubi Amerika, Şimali Amerika, Afrika ölkələridir. Milli Naviqasiya Sistemi hazırda özündə 353 şəhər və qəsəbə, 5 321 yaşayış məntəqəsi, 759 227 bina və tikili, 77 972 maraq nöqtəsi (POİ obyektlər), 117 körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir".

Təqdimatda həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, “Azəravtoyol” ASC, Bakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC, habelə ölkədə fəaliyyət göstərən naviqasiya, yükdaşıma və taksi xidmətləri, turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru