Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
09:31
Azərbaycandan barmaqla göstəriləcək insanlardan biri - Elvin Əliyev

Astara rayonunun Vaqo kəndində anadan olan, Lənkəran Dövlət Universitetinin (LDU) elm şöbəsinin müdiri, kimya və biologiya kafedrasının dosenti Elvin Əliyev ölkəmizin cənub bölgəsinin ən gənc alimidir.

FaktXəbər-in "AzərTAc"a istinadən məlumatına görə, 26 yaşında Türkiyədə doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru alimlik elmi dərəcəsi almış həmyerlimiz hazırda LDU-da elmi tədqiqatlarını uğurla davam etdirir.

E.Əliyev 2006-cı ildə Astara rayonundakı Pensər kənd 2 nömrəli tam orta məktəbini bitirdikdən sonra Türkiyənin Kars Kafkas Dövlət Universitetinə daxil olub və 2010-cu ildə universitetin biologiya bölməsini fərqlənmə diplomu ilə bitirib. O, elə həmin il Türkiyənin Atatürk Universitetinin tibb fakültəsinə daxil olaraq 2012-ci ildə tibbi biokimya ixtisası üzrə “Tiroid xəstəliyi” mövzusunda magistratura işini müdafiə edib. Elə həmin ildə də bu ali təhsil ocağının doktoranturasına daxil olaraq 2015-ci ildə tibbi biokimya ixtisası üzrə “İnsanda bədxassəli xərçəng xəstəliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru alimlik elmi dərəcəsi almış soydaşımız uzun müddət Türkiyənin universitet və xəstəxanalarında ixtisası üzrə fəaliyyət göstərib, Atatürk Universitetində dərs deyib.

Gənc alim daha sonra fəaliyyətini Azərbaycanda davam etdirib. Səhiyyə Nazirliyinin “Sağlam ailə” Tibb Mərkəzində çalışıb, AMEA-nın Genetika İnstitutunda insan genetikası bölməsinin rəhbəri olub.

Elvin Əliyevin dünyanın nüfuzlu jurnallarında bir sıra elmi-metodik məqalələri dərc edilib. Onun elmi əsərlərinə Amerika, İtaliya, İspaniya, İngiltərə, Almaniya, Fransa kimi ölkələrin impakt faktorlu jurnallarından 60-dan çox istinad verilib.

Atası və qardaşı həkim olan Elvinin bu sənəti özünə peşə seçməkdə məqsədi tədqiqatçı kimi insanların sağlamlığı keşiyində dayanmaqdır. O, ölkəmizin cənub bölgəsində fəaliyyət göstərsə də, milyonların qəniminə çevrilən xərçəngin müalicəsini tapmaq istəyinə nail olmaq üçün yorulmadan çalışır. Gənc alimin ən diqqətəlayiq cəhəti onun doğulduğu kəndə, rayona, bölgəyə qəlbən bağlılığı, mənsub olduğu xalqa, ölkəyə sevgisidir. Məhz bu səbəbdən də deyir: “Bölgədə işləməklə də böyük elmi uğurlara imza atmaq olar”.

Gənc tədqiqatçı xərçəngin kimyəvi müalicəsinin tam əleyhinə olduğunu bildirir:- “Kimyəvi terapiya xərçəngi yaradan genləri məhv etdiyi kimi, orqanizmə lazımlı olan hüceyrələri də dağıdır, bədənin müdafiə qabiliyyətini yox edir”.

Bu xəstəliyin daha çox genetik olduğunu vurğulayan E.Əliyev irsiyyətin araşdırılmasını, genlərin öyrənilməsini, xərçəngin müalicəsində nano metodları daha səmərəli hesab etdiyindən tədqiqatını da bu istiqamətdə aparır.

Həmyerlimiz bu sahədə elmi kəşfə də imza atıb. Bu kəşfi milyonların dərdinə dəva ola biləcəkmi, Azərbaycanımızı dünyaya tanıda biləkmi? Cavabı zaman göstərəcək. Hər halda, istək var və xeyirxah məqsəd işin yarısıdır.

Gününün çox hissəsini çalışdığı ali təhsil müəssisəsində keçirən, əldə etdiyi elmi nailiyyətlərlə Azərbaycanımızı dünyada tanıtmaq amalı ilə çalışan, “həyatın ən böyük neməti cansağlığıdır”- deyən Elvin Əliyevin insanlara arzusu da sağlam həyat, can sağlığıdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Elvin Əliyev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 05:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com