Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

27 Dekabr

2016
09:19
716
Azərbaycanda yaşlıların təhsili və ixtisasartırma kursları təşkil olunacaq

Azərbaycanda yaşlıların təhsili və ixtisasartırma kursları təşkil olunacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, 2017-ci ildə yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili ilə bağlı normativ hüquqi bazaya zəruri dəyişikliklər barədə müvafiq dövlət qurumları məsləhətləşmələr apararaq, peşə təhsili sahəsini sistemli şəkildə tənzimləyəcək liberal və demokratik qanunvericilik bazasının yaradılması istiqamətində müvafiq təkliflər hazırlayacaqlar.

Bundan başqa, 2017-2019-cu illərdə yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili ilə bağlı aidiyyəti tərəflərlə müzakirələrin aparılması nəzərdə tutulur. Təhsil Nazirliyi müvafiq dövlət qurumları və işəgötürənlər ilə birlikdə yaşlıların təhsili və ixtisasartırma kurslarına tələbatın olduğu prioritet sahələr üzrə kursların təşkili imkanlarını, müəssisə və təşkilatların kadr hazırlığına investisiya qoyuluşunu stimullaşdıracaq mexanizmləri, yoxsul və aztəminatlı insanların həmin kurslarda iştirakı ilə bağlı xərclərinin dövlət tərəfindən təmin edilməsi imkanlarını müəyyən edəcək, eləcə də həmin kurslar üçün təhsil proqramlarının (kurikulumların) tərtibini, müvafiq müəllim-pedaqoji heyətin seçilməsini və lazım olduğu təqdirdə, onlar üçün əlavə təlimlərin təşkilini həyata keçirəcək.

Eləcə də Təhsil Nazirliyi aparılan araşdırmalar və müzakirələr nəticəsində əldə olunan məlumatlar və normativ hüquqi bazada edilən dəyişikliklər əsasında peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili üzrə mexanizm hazırlayacaq. Bu mexanizm çərçivəsində işsizlərin əmək bazarında tələb olunan sahələr üzrə yeni bacarıqları əldə etməsi üçün modul tipli çevik kurslar, işləyənlərin səriştəsinin artırılması və özünüinkişaf imkanlarının yüksəldilməsi üçün ixtisasartırma kursları, eləcə də əhalinin istənilən təbəqəsi üçün müəyyən sahələr üzrə təlim kursları (kompüter, dil, tikiş, toxuculuq, çilingər, qaynaqçı və s.) təşkil ediləcək. Müvafiq dövlət qurumları qeyd edilən kursların təhsil proqramlarını (kurikulumları) özəl sektorla əməkdaşlıq yolu ilə hazırlayacaqlar. Yaşlıların təhsili üzrə resurs mərkəzləri (peşəyönümü, məlumat, maarifləndirmə, təbliğat və s. funksiyaların icrası üçün) də yaradılacaq.

Bu prioritetin real ÜDM-i 1 milyon manat həcmində artıracağı proqnozlaşdırılır. Bu təsir yaşlılar və dövlət təşkilatları tərəfindən ixtisasartırma kurslarına sərf ediləcək məbləği əks etdirir və adambaşına təxminən 400 manat məbləğində iştirak haqqının ödəniləcəyi gözlənilir. Yaşlılar üçün kursların iştirakçılarının sayı 2020-ci ilədək 17 faiz artım tempinə malik olacaq. Bu prioritetin icrası nəticəsində bütövlükdə 177, bilavasitə peşə təhsili sektorunda isə 140 yeni iş yerinin yaradılacağı gözlənilir.

Yaşlıların təhsili üçün kurslarda istifadə olunması məqsədilə tərtib ediləcək yeni kurikulumlar (tədris vəsaiti, kitablar, onlayn dərsliklər daxil olmaqla) üçün 300 min manat həcmində vəsait tələb olunacağı proqnozlaşdırılır. (Trend)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : yaşlılar təhsil kurs 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com