Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
10:13
Azərbaycanda qəbir yerlərinin ölçüləri müəyyənləşib

Azərbaycanda dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılacaq.

Bu, yeni təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.

Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir.

Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir.

Qəbir yeri qazıldıqda, qəbrin dibi qrunt sularının axın səviyyəsindən 0,5 metrdən az olmayan hündürlükdə olmalıdır.

Azərbaycan vətəndaşının xarici ölkədən gətirilmiş kremasiya olunmuş meyitinin külü saxlanılan urnanın qəbiristanlıqda dəfn edilməsi üçün hüzn divarında (kolumbaridə) ölmüş şəxsin soyadı, adı, atasının adı, doğum və ölüm tarixlərini bildirən lövhə vurulmaqla, uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,4 metr ölçüdə oyuqlar və ya ümumi torpaq sahəsi 2 kvadratmetr olmaqla uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,8 metr ölçüdə qəbir yeri nəzərdə tutulur.

Kremasiya olunmuş meyitin külü saxlanılan urnanın daxili həcmi ölmüş şəxsin çəkisindən asılı olaraq, külün miqdarına görə 4 litrə qədər olmalıdır. Formasından asılı olmayaraq urnanın divarının qalınlığı 0,02 metr olmalı, onun oyuğa rahat yerləşdirilməsi üçün hündürlüyü 0,35 metrə qədər olmaqla, təbii daş və ya metaldan hazırlanır.

Dəfndən sonra qəbrin üzərinə 0,5 metr hündürlükdə torpaq tökülür.

***

Nazirlər Kabineti “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nı təsdiqləyib.

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Nazirlər Kabineti “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli qanununun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 18 yanvar tarixli Fərmanının 3-cü hissəsinə əsasən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqləyib.

Yerli icra hakimiyyəti orqanlarına bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətində təhvil verilməsini təmin etmək tapşırılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qəbiristanlıq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 07:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com