Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Fevral

2017
13:29
2826
Azərbaycanda 2 ailədə nadir xəstəlik aşkar olunub

“Azərbaycanda nadir rast gəlinən xəstəliklərdən və patologiyalardan biri Bruqada Sindromudur (BS)”. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının müdir əvəzi, tibb elmləri doktoru İsax Mustafayev deyib ki, bu sindrom genetik olaraq nəsildən-nəslə keçərək həyat üçün təhlükəli ürək aritmiyaları yaradır.

Onun sözlərinə görə, aritmiyalar ürəyin dayanmasına və qəfləti ölümə səbəb olur. İ.Mustafayev qeyd edib ki, şəxsi təcrübəsində Azərbaycanda iki ailədə bu sindrom müşahidə olunub: “Bizə 18 yaşında gənc qız çox ağır bayılma epizodu ilə müraciət edib. Həmin qızda klinik və laborator müayinələrdə patologiya aşkar olunmadığı, bayılma baş verdikdən sonra tez müddətə ayıldığı üçün ailəyə təsəlli verdim ki, qorxulu bir şey yoxdur. Bayılma halları təkrar olunarsa, onu uzadaraq ayaqlarını bir az yuxarı qaldırmaq bəs edər. Lakin atası bizə ciddi şəkildə xəbərdarlıq etdi ki, onun həyat yoldaşı 45 yaşında yuxuda ürəyi dayanaraq dünyasını dəyişib. Ötən il isə oğlan övladı 17 yaşında eyni səbəbdən yuxuda ölüb. Bundan sonra həmin qızın təkrar ürək elektrokardioqramına baxdıq. Bu zaman bruqada sindromumun göstəricilərini müşahidə etdik. Həmin qıza müvafiq aparat taxdıqdan sonra ölüm halı baş vermədi”.

İ.Mustayev əlavə edib ki, Bruqada Sindromu ürəkdə heç bir struktur patologiyası olmayan insanlarda müşahidə olunan anadangəlmə (birincili) kanalopatiyadır ki, autosom-dominant tip irsiyyətlə ötürülür. Onun sözlərinə görə, bu sindrom uşaqlıq yaşından başlayaraq özünü büruzə verə bilər və müalicə olunmadıqda xəstə 30-40 yaşlarında ölür.

Sindromun yayılmasının həqiqi göstəricilərinin məlum olmadığını deyən müdir əvəzi bildirib ki, ümumi məlumatlara əsasən, Uzaq Şərqdə və Cənubi Şərqi Asiyada bu sindrom daha çox yayılıb. Onun sözlərinə görə, Bruqada Sindromu izah olunmaz qəfləti ölümlərin 4-12 faizini təşkil edir: “Strukturu normal ürəkdə baş verən qəfləti ölümlərin isə 20 faizinin əsas səbəbi bu sindromdur. Kişilərdə qadınlara nisbətən bu sindroma yoluxma 8-10 dəfə çox olur. Sindrom olan xəstələrdə dərman müalicəsindən geniş istifadə olunmur. Çünki bu patalogiya zamanı ölümü ciddi azaldan dərman preparatı hələlik icad olunmayıb. Sindromun aradan götürülməsi üçün ən effektiv metod elektroimpuls terapiyası (EİT) hesab edilir”.

Mütəxəssisin sözlərinə görə, əgər xəstənin nəslində qəfləti ölüm halı olubsa və ya tez-tez bayılmalar yaranırsa, ona mütləq şəkildə  kardivertor deffibulyator (İSD) aparatı qoşulmalıdır: “Bu müalicə üsulu Azərbaycanda uğurla icra olunur”.(apa)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 04:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru