Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2018
14:09
AİP hicab şəhidi Vaqif Abdullayevin vəfatının 6-cı ildönümü ilə bağlı başsağlığı verdi

Azərbaycan İslam Partiyası bu gün Hacı Vaqif Abdullayevin şəhadətinin altıncı ildönümü ilə əlaqədar başsağlığı verib. Partiyanın sədr əvəzi Hacı İlham Əliyevin başsağlı açıqlamasında deyilir: 

“Hacı Vaqif Abdullayev Azərbaycan İslam Partiyasının tanınmış, hörmətli simalarından idi. O, uzun illər siyasi qurumun təşkilat məsələləri üzrə sədr müavini kimi fəaliyyət göstərib. Sağlam mənəvi dünyagörüşə, siyasi təcrübəyə və möhkəm, sarsılmaz əqidəyə malik Vaqif Abdullayev ömrünü cəmiyyətimizdə müqəddəs dinimizin nüfuzunun artmasına, təbliğinə sərf edərək, eyni zamanda dünyanın harasında olursa olsun müsəlman xilqətinə qarşı ədalətsiz münasibətlərə ciddi cəhdlə etirazlar edir, sözünü deyirdi.

Siyasi fəaliyyətə AİP sıralarında başlayan Hacı Vaqif qurumun rayon təşkilatları, bütün üzvləri, ölkə ictimaiyyəti arasında hörmət və nüfuza malik idi. O, partiyanın siyasi xəttini ölkə qanunları çərçivəsində Nizamnamə və Məramnaməyə uyğun olaraq həyata keçirməyə var qüvvəsini sərf edir, gənc kadrların hazırlanmasında siyasi təcrübəsindən səmərəli istifadə edirdi. V. Abdullayev Azərbaycanı, xalqımızı, müqəddəs torpaqlarımızı canı qədər əziz tutur, özünü torpaqlarımızın bütövlüyü yolunda qurban verməyə həmişə hazır bilirdi.

Şəhid Hacı Vaqif Abdullayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq. Ucaldığı məqam inanırıq ki, Allah Təala və bəndələri tərəfindən yüksək dəyərləndiriləcək.

Bildirməliyik ki, Şəhid Hacı Vaqif Abdullayev 2011-ci ildə şərlənərək həbs olunmuşdu. Əqidəsinə və cəsarətli siyasi fəaliyyəti ilə əlaqədar mövqeyinə görə ağır cəzalandırılmışdı. Zindanda səhhətinin ağırlaşmasına baxmayaraq ailəsi ilə son görüşə belə icazə verilməyən Vaqif Abdullayev cəzaçəkmə müəssisəsinin divarları arasında dünyasını dəyişərək şəhid oldu.

Azərbaycan İslam Partiyası və onun bütün üzvləri adından şəhid Hacı Vaqif Abdullayevin ailəsinə, onu sevənlərə, əqidədaşlarına və bütün möminlərə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.”

***

AİP sədrinin müavini Vaqif Abdullayevin həbsxanada vəfatından 6 il keçdi. O, 2012-ci ilin iyul ayının 12-də  Pentensiar Xidmətinin Müalicə müəssisəsində dünyasını dəyişib.

Vəfatından bir gün öncə ailəsi onunla görüşmək istəsə də, buna şərait yaradılmamışdı. Səhhətində olan problemlərə görə vəkili bir neçə dəfə əlaqədar orqanlara onun ev dustaqlığına buraxılması üçün müraciət etmişdi, amma müraciətlər cavabsız qalmışdı.

Xatırladaq ki, Vaqif Abdullayev 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hacı Vaqif Abdullayev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 12:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com