Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2019
09:45
2163
Alınan bu qədər silah və texnika nə zaman istifadə ediləcək?
Silahimız düşməni məhv edəcək qədər çoxdur - EKSPERT

Polkovnik Şair Ramaldanov: “Ali Baş Komandan demişdi ki, Azərbaycan və Ermənistanı təkbətək qoysalar, ordumuz qısa bir zamanda işğalçı ordunu darmadağın edər”

Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silahlarla, hərbi texnika ilə təchiz olunması dövlətimizin prioritetləri sırasındadır. Havadarlarına arxalanan Ermənistanın işğalı altında olan ərazilərimizin azadlığı təbii ki, ordumuzun düşməndən dəfələrlə üstün olmasından keçir və bütün resurslar bu hədəfə yönəldilib.

Silahlı Qüvvələrimizin silah-sursatla təchiz olunması istiqamətində İsraillə, Türkiyə, Rusiya, Pakistanla sıx əməkdaşlıq edilir. Son zamanlar isə bu sıraya ölkəmizin digər müttəfiqi Belarus da əlavə olunub. Məlumata görə, son illər Belarus şirkətləri Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasında yer alan “S-125 Peçora” və “Osa” zenit raket komplekslərinin modernləşdirilməsi proqramına qatılıblar. BMT-nin Adi Silahlar Registrinə təqdim edilən hesabata əsasən, Azərbaycan 2005-2017-ci illərdə Belarusdan 153 ədəd T-72 tankı, 60 ədəd BTR-70, 158 ədəd haubitsa əldə edib. Bu haubitsalardan 12-si 203 mm-lik “Pion” (atış məsafəsi 50 kilometr) özeyeriyən artilleriya sistemi, 26-sı 2017-ci ildə alınmış “Giatsin-B”, 120 ədədi isə D-30-dur. Bunlarla yanaşı, Azərbaycan adıçəkilən ölkədən 11 ədəd “Su-25" döyüş təyyarəsi əldə edib. Bu təyyarələr modernləşdirilib.

Qeyri-rəsmi informasiyaya görə, on illik əməkdaşlıq ərzində Minsk Bakıya təxminən 500 milyon dollarlıq silahlar, hərbi təyinatlı texnika və avadanlıq satıb. Son zamanlar Belarus Ermənistanı Azərbaycana satdığı “Polonez” raket kompleksləri ilə şok vəziyyətinə saldı. “Polonez”in üzərində döyüşə hazır 8 raket var. Kompleks düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Bu isə Ermənistanın “İsgəndər” təhdidlərinə tutarlı cavabdır.

Üstəlik, Azərbaycan 2018-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının alışını 85,7% artırıb. Məlumata görə, əgər 2017-ci ildə Azərbaycanın Türkiyədən aldığı müdafiə və aviasiya məhsullarının qiyməti 34,143 milyon dollar təşkil etmişdisə, 2018-ci ildə bu göstərici 63 milyon 409 min dollara bərabər olub.

Amma sadə respondentlərin daha çox ünvanladıqları suallardan biri budur: Azərbaycan bu qədər müasir silah-sursat, hərbi texnika alırsa, bəs onlardan düşmənə qarşı nə zaman istifadə olunacaq? Əslində haqlı yanaşmadır. Bəli, düşmənin mövqeyi bəllidir. Ermənistan sülh yolu ilə yola gəlmək istəmir. Əksər ekspertlər də deyir ki, ikinci aprel zərbəsi lazımdır ki, düşmən konstruktiv mövqe sərgiləsin. Elə isə yolumuzu kəsən nədir?

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, alınan, yaxud istehsal olunan silahların dərhal tətbiq olunması mütləq deyil: “Çünki silahlı qüvvələr formalaşır, inkişaf edir, yeni silahlar, yeni imkanlar üzə çıxır. Bununla əlaqədar qarşıya qoyulan tapşırıqlar çərçivəsində silahlı qüvvələr formalaşır. Bu, təbii, normal bir prosesdir, hər bir dövlət öz silahlı qüvvələrini müasir silahlarla silahlandırmağa çalışır”. O ki qaldı Azərbaycan Silahlı Qüvvələrinə, Ş.Ramaldanov dedi ki, burada əsas məqsəd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin üzərinə düşən vəzifələri yerinə yetirməkdir: “Həm də təbii ki, qarşımızda böyük bir vəzifə durur və Silahlı Qüvvələrimiz də buna hazırlaşır. Söhbət işğal altındakı Qarabağ torpaqlarının azad olunmasından gedir. Bununla əlaqədar Azərbaycan Silahlı Qüvvələri, əlbəttə, silahlanır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı öz çıxışında demişdi ki, Azərbaycan və Ermənistanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri qısa bir zamanda işğalçı ordunu darmadağın edərək ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bu da təbii ki, Azərbaycanın bugünkü silahlanması, bugünkü potensialı ilə bağlıdır. Azərbaycan Silahlı Qüvvələri bu gün o resursa malikdir ki, işğal olunmuş ərazilərin azad edilməsi funksiyasını yerinə yetirsin. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı var və silahlı qüvvələrimiz onun əmrini yerinə yetirir. Ona görə də Azərbaycan Silahlı Qüvvələri bu gün daim gündəlik fəaliyyətində özünün döyüş hazırlığını yüksəldir, mütəxəssislərin peşəkarlığını artırır və bu fəaliyyətini davam etdirir”.

Polkovnik Ramaldanov Azərbaycan ordusunun gücünün beynəlxalq miqyasda təsdiq olunmasına da diqqət çəkdi: “Beynəlxalq qurumların reytinqinə görə, Azərbaycan ordusu dünyanın 50 güclü ordusunun sırasında özünə yer alıb. Bu qiyməti biz verməmişik, ən nüfuzlu beynəlxalq qurumlar verib. Bu gün Azərbaycanın hərbi mütəxəssisləri istər Gürcüstan və Türkiyə ilə birgə təlimlərdə, istər hansısa yarışlarda - Rusiyada tankçıların, Qazaxıstanda topçuların, ya da Türkiyədə xüsusi təyinatlıların yarışlarında, istərsə də Əfqanıstanda sülhməramlı qüvvələrin öz tapşırıqlarını yerinə yetirməsi - Azərbaycan Silahlı Qüvvələri öz inkişafı və peşəkarlığı ilə seçilir”. 

Azərbaycan ordusu üçün alınan silah-sursatdan, hərbi texnikadan nə zaman düşmənə qarşı istifadə olunacağına, yaxud işğalçılara qarşı əməliyyatlara başlanacağına gəldikdə, Ş.Ramaldanov aşağıdakıları söylədi: “Bilirsiniz ki, bununla əlaqədar Azərbaycan prezidenti hələlik Qarabağ məsələsinin sülh yolu ilə həll imkanlarının tükənmədiyini deyib. Qeyd edib ki, əgər sülh yolu nəticə verməsə, biz güc yolu ilə öz torpaqlarımızı azad edəcəyik. Danışıqlar bərpa olunub və bu istiqamətdə artıq müsbət addımlar da atılmaqdadır. Qarşı tərəfdə, Paşinyan hökumətində də sülh yolu ilə tənzimləmə istiqamətində müəyyən meyllər hiss olunur. Azərbaycan Silahlı Qüvvələri əmr alarsa, tapşırığı yerinə yetirməyə hazırdır. Azərbaycan ordusundakı müasir silahlar və döyüş hazırlığı buna tam imkan verir”. ("Yeni Müsavat")

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Silah müharibə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 00:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com