Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Oktyabr

2016
16:44
4033
ABŞ-ın təhlükəsizlik anlayışı və `quldur` adlandırdığı dövlətlər - ANALİZ
Yaxın Şərq, Orta Asiya və Xəzər regionu ABŞ-ın yaşayış sahəsi kimi görünür

Bu gün Amerika Birləşmiş Ştatları Kanada, Meksika və Latın Amerikası ilə birgə bütöv halındadırlar. Avropa Birliyi də birlik üzvü olan ölkələrdə baş verən iqtisadi böhranlara baxmayaraq, bütövlüyünü qorumaq istəyir. Rusiya baş verən proseslər içərisində toxunulmazlıq əldə edib. Çin qarşısıalınmaz inkişaf səviyyəsinə çatıb. Yaponiya isə Krım statusunda olan bir ərazi kimi ABŞ-ın çətiri altındadır. Nəticə olaraq onu deyə bilərik ki, bu gün dünyada suveren deyiləcək bölgələr olaraq, yalnız Orta Asiyanın bir hissəsi, Böyük Yaxın Şərq, Mərkəzi və Cənubi Afrika qalıb. Orta və Cənubi Afrikanın ikinci dərəcəli iqtisadiyata malik olması, sosial və iqtisadi problemlərinin başa düşülməyəcək həddə çatması, eləcə də terror təhdidi üçün də səbəb olmaması, bu bölgələri hələlik hegemon güclərin maraq dairəsi xaricində qoyub.

Günümüzdə Balkanların Avropa İttifaqı prosesi çərçivəsində getdikcə problemli bölgə olmaqdan çıxarılması məqsədi güdülür. Orta Asiyanın bir hissəsində, o cümlədən Qafqazlardakı münaqişə və problemlər Rusiyanın kifayət qədər nəzarəti altında - məqbul bir ölçüdə saxlanılır.

Bu ümumi mənzərə içərisində suverenlik təsis edilməmiş ərazilərdə enerji və xammal mənbələrinə əl atmaq, strateji hərəkat üçün baza və asan həyat şəraiti yaradacaq nöqtələri ələ keçirmək, dəniz və hava nəqliyyat yollarını idarə etmək ABŞ-ın məqsədləri arasına daxil olub. ABŞ bu məqsədlərinə çatmaq yolundakı addımlarını, "azad və demokratik dünyanın yaradılması" ritorikası adı ilə həyata keçirir.

İndi hədəfdə olan region Yaxın Şərqdir. Çünki dünyadakı ən böyük istifadəyə yararlı neft ehtiyatları Yaxın Şərqdədir. Bu ehtiyatların ABŞ-ın milli maraqları istiqamətində nəzarət altına alınması planları həyata keçirilir. Yaxın Şərqdən neft axınının fasiləsiz olaraq davam etdirilməsi üçün neft nəqliyyatında istifadə edilən yolların təhlükəsizliyinin təmin olunmasından əlavə, Orta Asiyadan Hind okeanına qədər uzanan enerji dəhlizinin da açıq saxlanılması lazımdır.

Bu qədər geniş bir coğrafiyada yalnız öz hərbi gücünü istifadə etmək əvəzinə, yeni müttəfiqlər qazanmaq, yeni bazalar yaratmaq və yeni təhlükəsizlik sistemləri qurmaq ABŞ-ın nəzərində iqtisadi inkişaf səviyyəsinə qaldırılıb. Bu "inkişaf səviyəsi"nin işığında ABŞ-ın ümumi məqsədi qısa müddətdə İraqdan başlayaraq Şərqi formalaşdırmaq və Körfəz bölgəsinə hakim olmaq, orta perspektivdə Avrasiyaya nəzarət etmək, uzun perspektivdə isə dünya suverenliyini bərpa etməkdir.

Sözügedən məqsəd içərisindəki digər bağlı istəklər isə böyük neft ehtiyatlarına qovuşmaq, təhlükəsizliyini möhkəmləndirmək, iqtisadiyyatını inkişaf etdirmək, regionda nüfuzunu gücləndirmək, dünyada yeganə hegemon güc olmaq xüsusiyyətini davam etdirmək, Qafqaz, Orta Asiya, Cənubi Asiya və Yaxın Şərqin, o cümlədən AB, Rusiya, Çin və Yaponiyanın ABŞ milli maraqlarına təsir edəcək dərəcədə inkişafına mane olmaqdır.

ABŞ və XXI əsr

1998-ci ildə prezident Bill Klinton dövründə ABŞ "XXI əsrin formalaşdırılması layihəsi" adlı yeni strateji xətt hazırlayıb. Bu strateji xətdə ABŞ qarşısına dünyanı öz milli maraqları əsasında formalaşdırmağı məqsəd qoyur. 11 sentyabr 2001-ci il hücumundan sonra Əfqanıstana müdaxilə və 2003-cü ildə İraqın işğalı bu strategiyanın ilk addımlarıdır.

"XXI əsrin formalaşdırılması layihəsi" Amerika xalqının əsas həyat qayğılarının ortadan qaldırılması və malik olduqları rifah halının davam etdirilməsi mövqeyindən qaynaqlanır. Buna görə də Yaxın Şərq, Orta Asiya və Xəzər regionu ABŞ-ın yaşayış sahəsi kimi görünür. ABŞ sözügedən regionlarda möhkəm suverenlik təmin etməyi öz varlığını davam etdirməklə eyni səviyyədə görür.

Bu strategiya ilə ABŞ-ın yaşayış sahəsi Amerika qitəsi çərçivəsindən kənara çıxır. Çünki eks-prezident Buşa görə, "Artıq okeanlar ABŞ-ı müdafiə etməyə kifayət etmir". Böyük Yaxın Şərq Layihəsi də ABŞ-ın bu strateji planı içərisindədir.

ABŞ bugünkü yeni strateji konsepsiyasında Yaxın Şərqi bütün sahələrdə daha sıx şəkildə təsir altında saxlamağı məqsəd güdür. Onsuz da strateji baxımdan Yaxın Şərqi əvvəlcədən "Mərkəzi Hərəkat Sahəsi" kimi təsvir edib. CENTCOM adlandırdığı və bölgədə yaratdığı komandanlığın fəaliyyət sahəsini də Yaxın Şərq və Afrika kimi müəyyənləşdirib.

Təhlükəsizlik anlayışı və "quldur" adlandırdığı dövlətlər

ABŞ ortada dəlil olsun, ya da olmasın, fərq etmir, öz varlığı üçün təhlükə və ya təhdid təşkil etdiyinə inandığı hər şeyə qarşı, heç bir qanuna bağlı olmayaraq müdaxilə etməkdən çəkinmir. Sovet İttifaqının devrilməsi və Varşava Paktının dağılması ABŞ-a bütün dünyada hərəkət azadlığı verib. 

ABŞ Baş Qərargah rəisinin əmri ilə fəaliyyət göstərən Strateji və Beynəlxalq Əlaqələr Mərkəzi (CSİS) dünyanın formalaşdırılmasında əsas rəhbərdir. CSİS ABŞ-ın milli maraqları üçün təhlükə və təhdid yaradacaq dövlətləri əvvəlcədən müəyyənləşdirib. Bunların ilk qrupunda əksəriyyəti Yaxın Şərq dövlətləri yer alıb. Ümumiyyətlə isə ABŞ üçün təhlükəsizlik problemi kimi qiymətləndirilən 3 növ dövlət var və bunlar "quldur dövlət" adlandırılır:

- Quldur dövlətlər: Liviya, İran, İraq, Suriya və Şimali Koreya.

- Quldur dövlətlərə namizədlər: Türkiyə, Pakistan, Cənubi Koreya, Misir, İndoneziya, Səudiyyə Ərəbistanı və Hindistan.

- Quldur dövlətlərə namizəd namizədləri: Rusiya, Çin.

"Quldur dövlət" anlayışı ilk dəfə 1991-ci ildə ABŞ-ın keçmiş Baş Qərargah rəisi Karl Edvard Vuono tərəfindən istifadə edilib və ABŞ-ın təhlükəsizlik strategiyası halına gətirilib. "Quldur dövlət" anlayışı nə edəcəyi əvvəlcədən bilinməyən, dünya sülhü üçün təhlükə yaratdığı və terroru dəstəklədiyi iddia edilən dövlətlər təsvir olunur. Həqiqətdə isə ABŞ maraqları üçün təhlükə yaradan və ABŞ-ın arxasınca getməyən ölkələr bu siyahının içindədir.

ABŞ-ın dediyi ilə oturub-durmayan "Quldur dövlətlər" kateqoriyasına daxil olan ölkələr araşdırılarkən Şimali Koreya və İran istisna olmaqla digər ölkələrlə iş artıq həll olunub. Suriya isə təhlükəsizlik təhdidi olmaqdan çıxarılacaq ilk ölkə kimi gözləyir. 

Ardı var

Aqil Mehdi

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru