Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Oktyabr

2016
14:42
2790
ABŞ-ın Səudiyyə barədəki qərarı Krallıqda qorxu yaradıb – ÇEVRİLİŞ GÖZLƏNİLİR

Son günlər Səud krallığını tənqid edən ABŞ, onları təkfirçilər tərəfindən həyata keçirilən bombardmanlar və müharibələrin arxasında olmaqda günahlandırır. Bütün bu baş verənlər isə ağıllara bir sual gətirir: Krallığın sonu çatıbmı? Amerika və müttəfiqləri isə Səud ailəsindən qalacaq nəhəng sərvətə göz dikmiş vəziyyətdə gözləyir.

FaktXəbər-in məlumatına görə, bu barədə "Əl-Aləm"də araşdırmaçı yazar Mustafa Said məqaləsi dərc olunub.

Dünya üzərində terrorun yayılması məsələsində inkaredilməz rola malik olan vəhhabi Səudiyyə Ərəbistanı Krallığı yarandığı gündən bu yana ilk dəfə ciddi təhlükə ilə üzləşib. Öz maraqlarını əldə etmək üçün Səud ailəsindən istifadə edən Amerika isə cütləşdikdən sonra erkəyini yeyən "qara dul" hörümçəyi kimi vəzifəsini tamamlayan və özü üçün yük halını almağa başlayan vəhhabiləri artıq yox etmək istəyir.

Ancaq vəhhabiliklə Səud ailəsi eynilə yapışıq gəzən siam əkizləri kimi ayrılması çətin əlaqə qurublar. Belə ki, krallıqdakı vəhhabi qurumları üçün həyata keçiriləcək hər hansı bir məhdudiyyət də Səud ailəsi üçün böyük çətinliklərə səbəb ola bilər. Ər-Riyad rəhbərliyinin ölkədə geniş yayılmış və təsirli olan vəhhabi qurumların qəzəbi və üsyankarlığı ilə qarşılaşma ehtimalı çoxdur. Digər tərəfdən isə vəhhabilər mürtəce və sərt qaydaları olan hakimiyyətlərində islahatlara getməyi rədd edirlər. Elmə, müasir həyata, hətta bəşəriyyətə qarşı olan vəhhabilərin verdikləri fətvaları, davranışları və ideyaları artıq qəbul olunacaq ölçüdən çıxmış vəziyyətdədir. Bütün dünya üzərində ölüm ilə qorxu saçan və bir çox ölkəni qan gölünə çevirən terror təşkilatlarının böyük bir qisminin vəhhabilikdən qidalandığı və legitimlik qazandığı artıq hər kəs tərəfindən bilinir. Bu məsələ onlar üçün qlobal tələb halına gəlmişdi, ta ki, Səud ailəsinə böyük xidmətlər təqdim edən müttəfiq ölkələr, artıq beynəlxalq arenada onları müdafiə edib dəstəkləməyəcək vəziyyətə gələnə qədər.

Səudiyyə Ərəbistanı müdafiə naziri vəliəhd şahzadə Məhəmməd ibn Salmanın başlatdığı krallıqdakı müasirləşmə cəhdləri ciddi addım kimi görünmür. Çünki bu təşəbbüs vəhhabi terrorçularının Avropa torpaqlarına daşıdığı terror fəaliyyətlərinə qarşı, Avropa ölkələrinin hirsini yayındırmağı hədəfləyən kağız parçasından başqa bir şey deyil.

Kağız üzərində olan bu yeniliklərə baxmayaraq, Səudiyyə torpaqlarındakı orta sinfin və xarici universitet məzunlarının vəhhabi hakimiyyətinin zülmü altında yaşamaq imkanları yoxdur. Hüququn, konstitusiyanın, partiyaların, seçkilərin, qanunvericilik kabinetinin və müasir dövlət qurumlarının olmaması ilə bu elit sinfin krallıq ərazisində iqtisadi və ideoloji fəaliyyətini yox səviyyəsinə salır. Bu vəziyyət isə ölkə içində üsyan üçün lazım olan bütün amilləri bir yerə cəmləyir.

Digər tərəfdən, şiə məzhəbini qəbul edən müsəlmanlar isə Səudiyyə torpaqlarında son dərəcə sərt, qatı və zorakı rəftarla üzləşir. Səud rəhbərliyi onları cəmiyyətdən uzaqlaşdırmaqla kifayətlənmir, şiə vətəndaşların hər hansı bir vəzifə tutmasının və xidmətdən istifadəsinin qarşısını alır. Bundan başqa, krallığa bağlı böyük din xadimləri fətyvalarında şiələrin hamısını açıq şəkildə kafir elan edir və şiə vətəndaşlar daim təhlükəsizlik orqanlarının izlənməsinə məruz qalır. Hər gün ölkənin müxtəlif nöqtəsində təkfirçi qrupların törətdiyi partlayışlar və hücumlar ilə üzləşən şiələrin əsəbləri isə artıq qorxu divarının sınma nöqtəsinə çatıb. Bu, illərdir yığılmış qəzəb, onları Səudiyyə torpaqlarında daha əvvəl görünməmiş şəkildə küçələrə tökür.

Vəhhabi krallığın qarşılaşdığı xarici problemlər isə neft qiymətlərini aşağı salmaq üçün bazarları batıran Səudiyyə krallığının siyasətlərindəki təhlükəni artırır. İran, Rusiya, İraq və Venesuela kimi özünə müxalif olan neft istehsalçısı ölkələri çətin duruma salmaq üçün bazarlarla oynayan Səudiyyə Ərəbistanı qiymətləri saldıqda, əslində ən böyük zərərlə özü üzləşir. Bu vəziyyət isə ölkəni iqtisadi böhrana sürükləyən səbəblərin ən mühümüdür.

Çirkli siyasəti ilə dostlarını düşdüyü bataqlığa sürükləyən Səudiyyə Ərəbistanının üzləşdiyi ən böyük təhlükə isə dörd tərəfdən ətrafını bürüyən nifrət çevrəsidir.

Son olaraq Yəmən müharibəsində Səudiyyə qüvvələrinə dəstək verən Birləşmiş Ərəb Əmirlikləri cəbhədə verdiyi itkilərin artması ilə Ər-Riyad rəhbərliyindən uzaqlaşmağa başlayıb. Havadarları tərəfindən tək qoyulmağa başlanan Səudiyyə Ərəbistanı körfəz ölkələrində ideyalarının yayılacağından qorxulan İxvan Camaatından kömək istəyir.

Baş verən proseslərdən sonra mənimsədiyi siyasətlərdə dəyişik edən Qətər rəhbərliyi də İranla münasibətləri normallaşdırmaq istəyini açıqlayıb.

Müharibə və zorakılıq dalğası ilə boğuşan Səudiyyə gəmisindən ən çox uzaqlaşan ölkə isə Küveytdir. Vəhhabi Səudiyyə Ərəbistanının bombalanması üzərində qurulmuş siyasətlərdən sıçrayan qəlpə parçalarının özünə istiqamətlənməsindən ehtiyatlanan Küveyt rəhbərliyi, heç şübhəsiz, Səudiyyə Ərəbistanının özünü atdığı odun içinə düşməkdən qorxur.

Səudiyyə siyasətlərindən uzaqlaşan bir başqa ölkə isə Oman sultanlığı olub. Balanslı siyasət yürütməyə üstünlük verən Oman rəhbərliyi də İranla möhkəm əlaqələr qurmağa başlayıb. Dostlarının bir-bir uzaqlaşması ilə Səudiyyə Krallığı üçün Bəhreyndən başqa etibarlı ölkə qalmayıb. Krallığa göstərdiyi etimadı hər şeydən üstündə tutan Bəhreyn rəhbərliyi, dinc yollarla islahat istəyən xalqının qarşısında krallığın köməyinə müraciət edib.

Səudiyyə krallığına qarşı sürətlə yayılan nifrət atəşinin ən böyük mənbəyi isə Yəmən oldu. Hər gün müxtəlif silahlarla bombardmanlara məruz qalan Yəməndə sanki, qan çayları axır. Məktəblər, xəstəxanalar, bazarlar, yollar, evlər hətta körpə və uşaqların olduqları parkların belə hədəf alındığı Yəməndə Səudiyyə qüvvələri bombalanmamış yer qoymur.

Vəliəhd şahzadə Məhəmməd bin Salman Yəmənlə olan müharibənin mübarizədən ibarət olduğuna inanırdı. Çünki Yəmən ordusunun zəif silahlarına qarşı Səudiyyə Ərəbistanı krallığı silah idxalında dünya miqyasında ilk sırada yer alır. Ancaq şahzadə Salman Yəmən xalqının möhkəm iradəsi qarşısında çaşqın vəziyyətə düşüb. Səudiyyə krallığı dünyanın bütün qitələrindən gələn pullu əsgərlərə baxmayaraq, Yəmən döyüşçülərinin bacarığı qarşısında uğur əldə edə bilmədi.

İŞİD terrorçuları tərəfindən torpaqları işğal edilən, yandırılıb dağıdılan, hər bir guşəsində bombalar partladılan İraqa gəlsək, ölkə Səudiyyə krallığı üçün yeni bir münaqişə namizədidir. İŞİD İraq vətəndaşlarına qarşı müasir dövrdə görünən ən şiddətli vəhşilikləri tətbiq etdiyi bir vaxtda, Səudiyyə Ərəbistanı ölkənin daxili işlərinə qarışmaq istədi. Ölkədə məzhəbçilik fitilini alışdırmağa çalışan krallıq, diplomatik böhranlara səbəb oldu. İraqlılar isə İŞİD-in günahlarının yükünü Səudiyyə Ərəbistanının üzərinə qoydu. Zəif bir İraq istəyən Səudiyyə Ərəbistanının ölkəyə qarşı törətdiyi cinayətlər, iki ölkə arasında baş verə biləcək münaqişəni qarşısıalınmaz səviyyəyə gətirib.

İordaniya da artıq krallığın tutduğu yolu təqib etmək məsələsində o qədər də həvəsli sayılmır. Səudiyyə macərasında təhlükə hiss edən İordaniya rəhbərliyi, bu macəranın sonunda ödənəcək qiymətdən özünə də böyük pay düşəcəyini bilir. Buna görə də İordaniya ərazilərində terrorçuların yetişdirilməsi, ya da Suriya ilə İraq müharibələrində tərəf olmaq məcburiyyətində qalaraq bahalı əvəz ödəyəcəyi qorxusu ilə Səudiyyə Ərəbistanının siyasətlərindən uzaq durmağa üstünlük verir.

Səud-Misir münasibətlərinə baxdıqda isə iki ölkə arasındakı problemlərin üzə çıxmağa başladığı görünür. Misirin iqtisadi gözləntiləri fonunda Ər-Riyad rəhbərliyini məmnun etmək cəhdlərinə baxmayaraq, Səudiyyə Ərəbistanın öz gücündən artıq istəkləri iki ölkə arasında böhrana səbəb olub. Misir milli təhlükəsizliyinə zərər verən Səudiyyə Ərəbistanı krallığının daxil olduğu bataqlığın palçığına daha çox bulaşmaq istəmir. Xüsusilə Misirin təhlükəsizliyi və maraqları ilə əks olan Suriya müharibəsi siyasəti Misirin Ər-Riyad rəhbərliyindən uzaqlaşmasını təmin edib. Bu səbəbdən də Misir lideri Sisi Suriya böhranının həllini müzakirəsi tərəfdarıdır. Suriyanın birliyi, terrorla mübarizə və problemin həlli üçün dialoq tələb edən Misir siyasəti, Rusiya və İranın məsələ haqqındakı fikirləri ilə harmoniya yaradır. Səudiyyə Ərəbistanına olan mövqeyi Suriya siyasəti ilə məhdudlaşmayan Misirin Əzhər Şeyxi Qroznı Konfransındakı çıxışında vəhhabiliyin sünni məzhəblərdən ayrı müzakirə edilməsi lazım olduğunu vurğulayıb. İki ölkə arasında gərginliyə səbəb olan bu çıxış, Səudiyyə tərəfindən qəzəb dalğası və təhdidlərlə yadda qaldı. 

Vəhhabi Krallığının ətrafını bürüyən nifrət çevrəsi məhz bu şəkildə genişlənib. Hər an baş verə biləcək bu nifrət ən yaxşı ehtimalla Səudiyyə Ərəbistanının yaşadığı qorxu atmosferini bəsləyib, böyüdəcək kimi görünür. Hər an alovlana biləcək vəziyyətdə olan nifrət çevrəsinin şiddətli böhranla Krallığı ağuşuna alacağı gözlənilir.

Səudiyyə Ərəbistanı müttəfiqləri tərəfindən bir-bir tək qoyulduğu vaxt müttəfiqi olan Amerikadan da zərbə aldı. Ötən həftə ABŞ Senatında qəbul edilən qərar Ər-Riyad rəhbərliyində vahimə ilə qarşılanıb. ABŞ Senatı tərəfindən səs çoxluğu ilə qəbul edilən qərar 11 Sentyabrda baş verən terror aktının qurbanlarına hadisə ilə bağlı dövlət və mülki şəxslərə qarşı məhkəmə iddiası qaldırmaq hüququ verir. Əksəriyyəti Səudiyyə Ərəbistanından olan terrorçuların bir qismi isə son vaxtlar gizli şəkildə Səud həbsxanalarından azad edilib. Bu hadisə terror hücumunu törədənlərin Səudiyyə rəhbərliyi ilə əlaqəli şəxslər olduğunu açıq şəkildə göstərir. ABŞ-da qəbul edilən qərardan sonra Səud krallığı dostu olan və ya siyasətlərini dəstəkləyən bütün ölkələri toplayaraq, qərarı pisləmələrini istəyib.

Amerikan rəhbərliyinin verdiyi qərarın vaxtı Səudiyyənin hakimiyyət ailəsində qorxunu artırıb. Üstündən bu qədər il keçəndən sonra 11 Sentyabr dosyesinin təkrar hansı səbəbdən açılması müzakirə mövzusu olub. Sonra isə geniş beynəlxalq kampaniya çərçivəsində bu qərar elan edilib. Krallığı pisləyən ABŞ, Səudiyyə ailəsini təkfirçilər tərəfindən edilən bombardmanların və müharibələrin arxasında olmaqda günahlandırır. Bütün bu baş verənlər isə ağıllara bir sual gətirir: Krallığın sonu çatıbmı? Amerika və müttəfiqləri isə Səud ailəsindən qalacaq nəhəng sərvətə göz dikmiş vəziyyətdə gözləyir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru