Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2019
21:34
ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA

Səudiyyə Ərəbistanında neft qurğularına hücumdan sonra ABŞ öz neft ehtiyatlarını dövriyyəyə buraxa biləcəyini açıqlayıb.

Neftin qiyməti qalxandan sonra prezident Donald Tramp neft tədarükündəki problemi aradan qaldırmaq üçün ABŞ-da təcili hallar üçün saxlanan neft ehtiyatını bazara çıxara biləcəyini bildirib.

Söhbət Texas və Lousiana ştatlarındakı yeraltı duz mağaralarında saxlanan 645 milyon barrel neftdən gedir.

"Strateji ehtiyat" ideyası 1970-ci illərdə yaranıb.

Ehtiyatların Beynəlxalq Enerji Agentliyinə üzv ölkələrin 90 günlük tələbatını ödəməsi nəzərdə tutulur. Ən çox neft ehtiyatına sahib olan ölkə ABŞ-dır.

Ehtiyat neft ideyası niyə yarandı?

Neft ehtiyatı yaratmaq fikri ABŞ-da 1973-cü ildəki neft böhranından sonra ortaya çıxmışdı.

Həmin ildəki Ərəb-İsrail müharibəsində ABŞ İsraili dəstəklədiyi üçün Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) neft embarqosu tətbiq etmiş, dünyada neftin bir barrelinin qiyməti 3 dollardan 12 dollara yüksəlmişdi.

Yanacaqdoldurma stansiyalarında benzin üçün növbəyə durmuş avtomobil növbələri o dövrün simvollarından birinə çevrilmişdi.

1975-ci ildə ABŞ Konqresinin qəbul etdiyi "Enerji siyasəti və mühafizəsi haqqında" qanunla Strateji Neft Ehtiyatı yaradılmışdı.

Neft ehtiyatı harda saxlanır?

Neft ehtiyatlarını saxlamaq üçün dörd yer müəyyən edilmişdi: Texas ştatındakı Freeport və Uinnie bölgəsiylə Lousiana əyalətindəki Leyk Çarls və Baton Rouq bölgəsi.

Bu bölgələrdə neft yerdən 1 km dərinlikdəki duz mağaralarına yığılır. Nefti yerin üstündə və barellərdə saxlamaq həm daha bahalı, həm də təhlükəlidir. Yeraltı mağaralardakı təzyiq və duz neftin sızmasına mane olur.

Freeport-dakı ən böyük neft ehtiyatı 245 milyon barrel həcmindədir.

Strateji Neft Ehtiyatının saytındakı məlumata görə, 13 sentyabr 2019-cu il tarixə bu mağaralarda 645 milyon barrel neft olub.

ABŞ-dakı rəcmi instansiyaların məlumatlarına görəsə 2018-ci ildə amerikalıların bir günlük neft istehlakı 20,5 milyon barrel olub. Yəni hazırda ABŞ-da hər hansı böhran şəraitində ölkəyə 31 gün bəs edəcək qədər neft ehtiyatı var.

Neft ehtiyatı necə dövriyyəyə buraxılır?

Qanuna görə, "enerji tədarükündə ciddi şəkildə fasilə yarananda" prezident neft ehtiyatlarıını dövriyyə buraxmaq hüququna malikdir.

Ancaq fiziki imkanlar baxımından onları bazara çıxarmaq iki həftə vaxt ala bilir.

Bundan başqa, ehtiyatlar ancaq xam neftdən ibarətdir və nəqliyyat vasitələrində istifadə edilə bilməsi üçün emal edilməsi lazımdır.

ABŞ-ın enerji naziri Rik Perri CNBC-yə verdiyi açıqlamada bildirib ki, Səudiyyə Ərəbistanının neft qurğularına hücumlardan sonra ehtiyatlardan istifadə barədə danışmaq "bir az tezdir".

Ehtiyatlardan tez-tezmi istifadə edilir?

Neft ehtiyatlarından sonuncu dəfə 2011-ci ildə istifadə edilib. "Ərəb baharı" zamanı baş verən üsyanlar neft tədarükündə fasilələr yaratmış, Beynəlxalq Enerji Agentliyinin üzvü olan ölkələr bazara toplam 60 milyon barrel neft çıxarmışdı.

ABŞ bir sıra başqa hadisələr zamanı da neft ehtiyatlarının bir qismindən istifadə edib. 1991-ci ilədki Körfəz müharibəsi zamanı prezident ata Buş, 2005-ci ildəki "Katrina" qasırğası zamanı isə prezident kiçik Buş 11 milyon barrel ehtiyat neftin istifadəsi barədə qərar verib.

Ancaq bəziləri hesab edir ki, ölkədə enerji istehsalının sürətlə artdığı bir dönəmdə böyük ehtiyatların saxlanması doğru deyil.

Hətta Vaşinqtondakı bəzi qurumlar onların tamamilə ləğv edilməsini təklif ediblər.

2017-ci ildə Trampın komandası federal büdcə kəsirini bağlamaq üçün ehtiyatların yarısını satmaq ideyasını müzakirəyə çıxarmışdı.

1997-ci ildə - prezident Bill Klintonun zamanında büdcə kəsirini bağlamaq üçün 28 milyon barrel neft satılmışdı.

Məqalədə : neft 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda dərman istehsal olunacaq - FOTO

09

Dekabr
21:12
İQTİSADİYYAT
326

Erkin Qədirli seçkiyə gedir

09

Dekabr
16:45
SİYASƏT
323

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

09

Dekabr
16:09
ELM / TƏHSİL
328

Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ

09

Dekabr
16:00
HÜQUQ,HADİSƏ
405
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 08:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru