Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2019
12:01
Elm və Din qarşıdurması: iddia və cavab

Ziya Balıyev


Hər zaman qeyri teistlərin, yəni dini inanca sahib olmayan insanların ortaya atdığı bir iddia vardır: Din və elm bir-birinə zidd olan iki məfhumdur və elmin inkişafı zamanla dini aradan çıxaracaq. Əvvəlcə din və elmin nə olduğuna qısaca göz atıb, daha sonra iddianın əsaslarını ələ alaq.

Öncə, dinin nə olduğuna baxaq. Din sözü ərəb mənşəllidir və mənası “İnanc və ibadət qaydaları sistemi”dir. Yəni, bir insanın nəyə inanacağını və necə ibadət edəcəyini formalaşdıran və qaydalar formasında təqdim edən sistemə din deyilir1. Din sözü ingilis dilində Religion`dır və mənası “İnsan üstü varlıqlara, fövqəltəbii şeylərə inanmaq”dır2. İngilis dilindəki religion sözü öz kökünü latıncadakı “Religare” sözündən götürür ki, bunun da mənası “Bağlılıqdır” yəni “Tanrı və insanlar arasındakı bağlılıq”3.

Elm sözünün kökü də ərəb mənşəllidir və “Bilgi, xüsusən də nəzəri bilgi” mənasındadır4. Çox zaman dilimizdəki elm sözü ingilis dilindəki science sözüylə eyniləşdirilir. Science sözü öz kökünü latıncadakı Scientina sözündən götürür və “Bilgi, daha çox təcrübi bilgi” mənasındadır5. Əslində science sözünün ərəbcə tam qarşılığı Fənn sözüdür ki, dilimizdə də istifadə edilir6. Fənn, tam olaraq science kimi, təcrübi bilikləri özündə ehtiva edir7.

Elm sözünün edilən iddialarla əlaqəsi olmasa da, çox insan tərəfindən belə qəbul olunduğu üçün, məqalədə fənn sözündən yox elə elm sözündən istifadə etmək məcburiyyətindəyik.

Elm və din qarşıdurmasının tarixi

Elm və dinin bir-biriylə qarşı-qarşıya gəlməsi çox qədimə dayanan bir hadisədir. Tarixdə ilk elm-din qarşıdurması Qədim Yunanıstanda qarşımıza çıxır. Tarixin ilk filosofları Fales və Anaksimander yunan miflərinə qarşı gəlirlər. Yunan miflərindəki yaradılış və başqa mövzularda deyilənlərə tam yeni, naturalist bir baxış bucağı gətirdilər. Ardından gələn Afina məktəbi və digər filosoflar da, bu cərəyandan yan keçmədilər. Zaman içində hər birinin iddiaları yunan mifləriylə ziddiyətlər təşkil etməyə başladı. Yunan fəlsəfəsinin zirvəsi sayılan Sokrat da, bucür iddiaları nəticəsində kafir damğasıyla edam edildi. Bu cərəyanlar zamanla yunan mifologiyasını sarsıtdı və Xristianlığın gəlişi bu mifləri tarixin səhifələrində qalmağa məcbur etdi.

Antik dönəmdə bucür hadisələr haqqında məlumatlı olsaq da, din-elm qarşıdurması heç şübhəsiz Xristianlıqla əlaqəlidir. Orta əsrlərdə Avropanı qaranlıq çağa salan kilsə inkvizisiyası, elmin qarşısında ən böyük sədd olmuşdur.

İnkvizisiya, katolik kilsəsinin həyata keçirdiyi siyasətin adıdır. Orta əsrlərdə başda İspaniya olmaqla, Fransa, Almaniya, İtaliya kimi ölkələrdə inkvizisiya həyata keçirilirdi. Bu hadisələrin yönəldiyi əsas məsələ, bir çox alimin dinin ehkamlarına qarşı çıxması iddiası idi. Alimlərin dedikləri sözlər, dinin ehkamlarına qarşı çıxdığı üçün, inkviziyaya görə onlara işgəncə verilir, diri diri tonqalda yandırılır və ya həbs edilirdilər. İnkvizisiya çağında bir çox alim bu aqibətlərlə rastlaşdı.

İnkvizisiya çağında bəlkə də ən ağır aqibətlə rastlaşan alim Cordano Bruno olmuşdur. Göy cisimlərini araşdıran Bruno, iddialarına görə kafir adlandırılmış və yaşadığı yerlərdən qovulmuşdur. Bruno bir neçə mülahizə irəli sürürdü: maddi göy sferalarının olmaması, Kainatın hüdudsuzluğu barədə, ulduzların ətrafında planetlərin fırlandığı uzaq günəşlər olması barədə, bizim Günəş sistemi daxilində o zamanlar naməlum planetlərin mövcudluğu barədə. Ən sonda katolik kilsəsi bu iddiaları kafirlik kimi qiymətləndirildi. Cordano Bruno ya dediklərini inkar edib üzr istəyəcəkdi, ya da cəzalandırılacaqdı. Bruno ikincini seçdi və diri diri tonqalda yandırıldı. Dilinə taxta parçası da keçirmişdilər ki, son sözlərini deyə bilməsin.

1633-cü ildə isə hamının gözü Qalileo Qalileydə idi. Məhkəməyə çıxarılan Qaliley də eyni şərtlərlə qarşı-qarşıya qoyulmuşdu. Lakin, Qaliley Bruno kimi cəsarətli addım atmadı və məhkəmədə dedi: ”Mən, Günəşin kainatın mərkəzində olduğunu dediyim üçün mühakimə edilirəm və bu cür fikirləri şiddətlə qınayıram. Eyni zamanda, müqəddəs Katolik kilsəsinə qarşı gəlməyi də lənətləyirəm”. Bu sözlərindən sonra Qalileyə sadəcə ömürlük ev həbsi verildi və 9 ildən sonra öz əcəliylə vəfat etdi.

İnkvizisiyadan çəkinən və uzun müddət fikirlərini gizli saxlayan başqa bir alim də Kopernikdir. Göy cisimlərini müşahidə edən Kopernik belə bir qənaətə gəlir ki, Ptolemeyin nəzəriyyəsi yanlışdır. Otuz illik gərgin əməkdən, uzun müşahidələrdən və çətin riyazi hesablamalardan sonra Kopernik sübut etdi ki, Yer bir planetdir və bütün planetlər Günəş ətrafında dövr edir. Kopernik bildirirdi ki, “Yer kürəsindəki müşahidəçi Yerin tərpənməz olduğunu, Günəşin isə onun ətrafında fırlandığını düşünür. Əslində isə Yer Günəş ətrafında fırlanır və bir il ərzində öz orbiti ətrafında tam dövrə vurur”. 1543-cü ildə Kopernik “Göy cisimlərinin fırlanması haqqında” əsərini çap etdirmək qərarına gəlir. Dostları çap olunmuş kitabın bir nüsxəsini gətirib ona verəndə alim artıq ölüm ayağında idi. Kopernikin kəşfi elmdə çevriliş yaratmışdı.

Kilsənin bucür elm düşmənçiliyi həmin dövrdə elmə böyük zərbə vursa da, bir zamandan sonra bu hərəkətlər dinə mənfi təsir göstərməyə başladı. Elmi iddiaların doğru olduğunu görən insanlar, zamanla dindən uzaqlaşdılar və Avropa böyük Renessans çağına qədəm qoydu. 2000-ci ildə Roma Papası İnkvizisiyanı qınadı və buna görə üzr istədi9.

İslam dünyasının alimləri elmə böyük tövhələr versələr də, İmam Qəzzali adli bir kəlamçının ortaya çıxışı, bütün İslam düşüncəsinə təsir etdi. İmam Qəzzali “Elmlərin dirçəlişi” adlı əsərində elmləri 3 hissəyə bölür; Faydalı, zərərsiz və zərərli. İmam Qəzzaliyə qədər İslam alimləri hər bir elmlə məşğul olsa da, Qəzzalidən sonra artıq İslam dünyasında zərərli elm deyə bir düşüncə formalaşmışdı. Bu bölgü zaman keçdikcə İslam daxilində elmə qarşı nəzəri tamamilə dəyişdi və İslam öz çiçəklənmə dönəmini yekunlaşdırdı10.

Din yoxsa Xurafat?

İstər İnkvizisiya çağında Katolik kilsəsinin elm düşmənçiliyinin, istərsə də Qəzzalidən sonrakı dönəmdə İslam coğrafiyalarında elmə baxış bucağının dəyişməsinin əsas səbəbinin nə olması çox vacib məsələdir. Bucür hadisələr hər zaman “Dinin elm düşmənçiliyi” adlandırıldı, lakin bütün bunların din ilə heç bir əlaqəsi yox idi. Elmə qarşı atılan bütün addımlar bir başa Xurafatla, yəni dinə sonradan əlavə edilmiş və din kimi təqdim edilən məsələlərlə bağlıdır.

Xurafat, ərəb dilindən tərcümədə “əsası olmayan, heç bir səhih mənbəyə dayanmayan sözlər və rəvayətlər” mənasına gəlir. Yəni, xurafat dediyimiz şeylər, dinin əsas mənbələrində yer almayan, lakin sonradan hansısa səbəblərə görə qəbul edilən və dinin bir parçası kimi təqdim edilən məfhumlardır. Biz əgər qədim dövrdəki elm düşmənçiliyinə baxsaq, bunun din yox, xurafat olduğunu asanlıqla görə bilərik.

Cordano Bruno və Qaliley kimi insanlar Günəşə ulduz dediklərindən, yerin kainatın mərkəzində olmadığını bildirməklərindən dolayı cəzalara məruz qaldılar. Bu hadisələr hər zaman Xristianlıq elm düşmənidir deyə təqdim edildi. Lakin, Xristianlığın mənbə kitablarında heç bir zaman bunun əksi deyilməz.

İlk dəfə Ptolomeyin “Almagest” əsərində irəli sürülən Geosentrik nəzəriyyə, heç bir dini mətndə yer almır. Nəzəriyyənin təməlində duran başlıca anlayış odur ki, yer kainatın mərkəzindədir və bütün cismlər onun ətrafında fırlanırlar. Yer özü isə sabitdir və heç bir hərəkət həyata keçirmir. Ptolomeyin geosentrik nəzəriyyəsi bir müddətdən sonra tamamilə Xristian kilsəsi tərəfindən mənimsənildi. Kilsə, yunan filosofonun fikirlərini Allahın nəzəri kimi təqdim etməyə çalışdı. İstər Brunonun, istərsə də Qalileyin dedikləri ancaq və ancaq Ptolomeyin fikirləri ilə ziddiyət təşkil edirdi, Tövrat və İncillə deyil. Ptolomeyin fikirlərini isə din kimi təqdim etmək din yox xurafat idi.

Bununla yanaşı Aristotel metafizikası da özünü tamamilə kilsəyə yansıtmış və din kimi təqdim edilməyə başlanılmışdı. Bütün qarşıdurmaların səbəbi elə məhz buradan, yunan fəlsəfəsindən qaynaqlanırdı. Zaman keçdikcə kilsə öz səhvini anlamağa başlayırdı. Nəhayət Martin Luterin 95 tezisi hər şeyin sonunu gətirməyi bacardı və Xristianlıq təmizlənib özünə qayıda bildi.

İslamda da elm qarşılığının ən böyük səbəbi məhz bucür xurafatlar olmuşdur. İstər Təkamül nəzəriyyəsinə, istərsə də başqa elmi kəşflərə İslam dünyasında radikal münasibətin bir başa qaynağı xurafatlar idi. Qərbdən əsrlər öncə təkamüldən bəhs edən İslam alimləri olduğu təqdirdə, sonrakı dönəmlərdə ortaya çıxan bu qədər radikal tutumun başqa bir açıqlaması ola bilməz.

Nəticə odur ki, din elmə düşməndir sözü olduqca səthi bir yanaşmadır və dinlə xurafatı ayıra bilməməkdən irəli gəlir. Əslində Din özlüyündə heç bir zaman elmə qarşı olmayıb, onu elmlə üz üzə qoyan xurafatçı din adamları olmuşdur.

Din elm üçün təhlükədirmi və elmin inkişafı dinin sonunu gətirə bilərmi?

Bertran Rassel özünün “Elm və Din” adlı məqaləsində deyir:”Elmin inkişafı zaman içində dini tamamilə sıradan çıxaracaq”. Ateistlərin hamısı bucür fikirdədirlər ki, din elm üçün tarix boyu böyük təhlükə olmuşdur. Bu məsələyə yuxarıdakı bölmədə cavab verdik. Əsas məsələ odur ki, elmin zaman içində inkişafı, dinə zərbədirmi və dinin varlığı üçün təhlükə doğura bilərmi? Əslində tarixin bizə göstərdiyi şey tam əksidir, elmin inkişafı din üçün yox, Ateizm üçün təhlükə rolunu oynayır. Bunu biz zaman içində irəli sürülən elmi iddialarla müşahidə edə bilirik.

Bunun ən baris nümunələrindən biri də Big Bang (Böyük partlayış) nəzəriyyəsidir. Bir başlanğıc olarsa fəlsəfi olaraq Ateizmə böyük zərbə olduğunu anlayan ateistlər, 20-ci əsrə qədər Kainatın əzəli olduğunu deyirdilər. Din, təkidlə kainatın bir başlanğıcının olduğunu müdafiə etdiyi təqdirdə, ateistlər bu fikri boş və puç adlandırırlar. Nəticədə, "Big Bang" nəzəriyyəsinin ortaya çıxışı isbat etdi ki, var olduğumuz kainat heç də əzəli deyil və onun bir başlanğıcı var. Əslində bu elmi kəşf Ateizm üçün çox böyük zərbə idi, lakin ateistlər dərhal fikirlərini dəyişib bununla ayaq uydurmağa çalışdılar. Buradan görünən odur ki, əslində elmi kəşflər nəinki din üçün təhlükədir, əksinə, bu kəşflər dini açıqlamaqda bizə kömək edirlər.

Bu iddianın kökündə duran ən böyük nəzəriyyə isə, heç şübhəsiz Təkamül nəzəriyyəsidir. Ateistlərin iddiasına görə Təkamül nəzəriyyəsi din üçün böyük bir zərbə oldu və torpaqdan yaradılış fikrini alt üst etdi. Əslində bu iddia da tamamilə absurd və əsassız bir iddiadır. Çünki, Təkamül fikri Darvindən 8 əsr öncə İslam alimləri tərəfindən deyilirdi. Bunlara nümunə kimi Əl-Cahizi, Bin Xəldunu11 göstərmək olar. Böyük elm tarixçisi Uilyam Dreper “Din və elm ziddiyətinin tarixi” kitabında bu sözləri qeyd edir:

“İslam dünyasında bəzən təəccübləndirici bir formada, bizim zamanımızda və bizim tərəfimizdən irəli sürülməsiylə öyündüyümüz fikirlərlə qarşılaşırıq. Bizim müasir təkamül fikirlərimiz onların məktəblərində öyrədilirdi”12

İslamda elmin yeri

İslam dinində hər zaman elmə xüsusi bir yer verilmiş, hətta bəzən elm ibadətdən belə üstün tutulmuşdur. “Kim elm öyrənmək üçün yola çıxsa, Allah onun cənnətə gedən yolunu asanlaşdırar13”, “Elm üçün yola çıxan insan, evinə qayıdana qədər Allah yolundadır14”, “Çində də olsa, elmi axtarın, çünki, elm öyrənmək müsəlmana fərzdir15”, “Axirət günü alimin mürəkkəbi şəhidin qanıyla ölçüləcək və mürəkkəb şəhidin qanından daha ağır gələcək16”, “Bilik Ağlın Çırağıdır17” və.s kimi hədislər hər zaman İslam dinində mühim yerə sahib olmuşdur. Eləcə də İslam dini çox böyük elm adamları və elmi kəşflər ilə tanınmışdır.

İslamın ortaçağ dönəmi haqqında bütün dünya xəbərdardır. Əndəlüs mədəniyyəti haqqında və İslamın iltibah dövrü haqqında araşdırsanız, görərsiniz ki, müsəlman elm adamları dünyaya nə kimi elmi faydalar veriblər. Müsəlman alimlər bir vaxtlar qaranlıq dövrü yaşayan qərbi və xristian dünyasını aydınlığa çıxarıblar. Məsələn, bu gün dünyada istifadə olunan bütün cərrah alətlərinin dizaynını Əl-Zəhrəvi adlı müsəlman hazırlayıb. Onun hazırladığı alətlərdən 200-ə yaxını bu gün də istifadə edilir. Cərrahi və tibbi alətlər üzrə Əl-Zəhrəvinin traktatı ilk dəfə Peter Argellata tərəfindən 1531-ci ildə latıncaya tərcümə olunmuşdur18.

Bundan əlavə minlərlə müsəlman alim dünya elminə yeniliklər gətirmişdir. Çox olduqları üçün və qaynaqların çox yer tutmaması üçün onların kiçik bir hissəsini qeyd edək:

1. İlk əczaçılıq kitabını yazan -İbn Baytar

2. İlk qitə səyahətnaməsini yazan – İbn Battuta

3. Fosforu ilk tapan – Bəşir

4. İlk kimya laboratoriyasını quran – Cabir ibn Həyyan

5. Göyqurşağını ilk dəfə elmi izahını verən – Qutbəttin Şirazi

6. Səsin fiziki açıqlamasını ilk dəfə izah edən – Fərabi

7. Optikanın təməllərini qoyan – İbn Heysəm

8. Günəşin üzərindəki ləkələri ilk dəfə tapan – Fərqani

9. Dünyanın döndüyünü kəşf edən – Əl Biruni

10. Onluq kəsrləri ilk dəfə işlədən -Qiyasəddin Cəmşid

11. Triqonometriya kitabını yazan – Nəsrəddin Tusi

12. Triqonometriyanı ilk dəfə tapan – Battani

13. ”0″rəqəmini kəşf edən – Xarəzmi

14. ”Kiçik qan dövranı”nı tapan – İbnnünnəfis

15. Retina təbəqəsini tapan – İbn Rüşd

16. Vərəm mikrobunu tapan – Kambur Vesim

17. Vəbanın yayılan olduğunu aşkar edən – İbn Xətib

18. İlk kağız fabriki quran – İbn Fazil

19. Çiçək xəstəliyini kəşf edən – Razi

20. Mikrobu ilk tanıtdıran – Ağşəmsəddin

21. İlk göz əməliyyatı edən – Əmmar

22. İlk xərçəng əməliyyatı edən – Əli ibn Abbas

Tarixdə iz qoymuş İslamın İltibah Dövrü barədə Qərb filosof və tarixçiləri, hətta məşhur ateistlər belə qeyd ediblər. Məşhur filosof Bertran Rassel yazır:

“Bizim 600 ilə 1000-ci illər arasındakı dövrü “qaranlıq əsrlər” olaraq xarakterizə etməyə meyilli olmağımız, baxış nöqteyi-nəzərimizin nə qədər də Qərbi-Avropa ilə məhdud olmasına bir dəlildir. Həmin illərdə Hindistandan İspaniyaya kimi möhtəşəm İslam mədəniyyəti çiçəklənirdi. Sözügedən dövrdə xristianlıq üçün itki, eyni zamanda bütün sivilizasiya üçün itki demək deyildi, vəziyyət tam əksinə idi. Biz elə zənn edirik ki, mədəniyyət, Qərbi-Avropa mədəniyyətidir. Ancaq bu çox dar bir baxış tərzidir.”19

Bütün alimlər böyük hissəsi ateistdirmi?

Nobel mükafatı almış ən məşhur alimlər arasında aparılan araşdırmada aşağıdakə nəticələr məlum olmuşdur:

Fizika üzrə Nobel mükafatçıları arasından yalnız 7 nəfəri Yaradıcıya inanmırdı: Cəmi 4,7%

Kimya üzrə Nobel mükafatçıları arasından yalnız 9 nəfər Yaradıcıya inanmırdı: Cəmi 7%

Tibb üzrə Nobel mükafatçıları arasından yalnız 15 nəfər Yaradıcıya inanmırdı: Cəmi 9%20

Nobel Mükafatı almış alimlərin cəmi 10.5 % ateist, aqnostiq və s. görüşlərdədirlər.

Kitabdan sitat

“Atheists, agnostics and freethinkers comprise 10.5% of total nobel prize winners”21

Məlum olmuşdur ki, Nobel almış alimlərin çox böyük bir hissəsi bir Yaradıcıya və ya bir dinə inananlardan təşkil olunmuşdur.

Mənbələr:

1. www.etimolojiturkce.com/kelime/din

2 .en.oxforddictionaries.com/definition/religion

3 .www.etymonline.com/word/religion

4. www.etimolojiturkce.com/kelime/ilim

5. www.etymonline.com/word/science

6. www.azleks.az/online-dictionary/fənn?s=my

7. www.etimolojiturkce.com/kelime/fen

8. en.oxforddictionaries.com/definition/lore

9. Ziya Paşa-Ortaçağın Karanlık Çehresi: Engisizyon Mahkemeleri, (İlkharf yayınevi, 2011)

10. Yrd.Doç.Dr. Hasan Aydın – Klasik İslam Düşüncesinde Bilgi Ve Bilim Karşıtı Bir Düşünür: Gazzâlî

11. Əl-Cahiz, Kitabül hayavan, (Qahirə, 1945), c. 4, s. 24, istinad: Məhmət Bayraqdar, İslamda təkamülçü yaradılış nəzəriyyəsi, (Ankara: Kitabiyat, 2001), s. 49, İbn Xəldun, Müqəddimə, tər. Süleyman Uludağ, ( İstanbul: Dergah Yayınları, 1982), c. 1, s. 364-365, İbn Xəldun, Müqəddimə, tər. Süleyman Uludağ, ( İstanbul: Dergah Yayınları, 2012), 8-ci nəşr, c. 1, s. 283

12. Uilyam Dreper, Din və elm ziddiyətinin tarixi, (Nyu York: Appleton and company, 1875), s. 118

13. Tirmizi, elm,2

14. Tirmizi, elm,2

15. Câmiü’s-Sağîr, 1/310

16. Mizanül hikmət, Bilik və nadanlıq, 4450

17. Mizanül hikmət, Bilik və nadanlıq, 4453

18. Mənbələr: Assisted delivery has walked a long and winding road, OBG Management, Vol. 19, No. 6, June 2007, p. 84., Jump up to:a b Holmes-Walker, Anthony (2004). Life-enhancing plastics: plastics and other materials in medical applications. London: Imperial College Press. p. 176., Bioqrafiyası: https://en.m.wikipedia.org/wiki/Abu_al-Qasim_al-Zahrawi

19. History of Western Philosophy, London, 1948, p. 419

20. 100 years of Nobel Prizes, Pages. 57-59

21. 100 years of nobel prizes , p.57

Məqalədə : elm və din Ziya Balıyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya "YouTube"un rəqibini yaradacaq

16

Dekabr
11:15
DÜNYA
30

Qusarda kütləvi zəhərlənmə olub

16

Dekabr
10:50
ÖLKƏ
130

AMB-nin valyuta məzənnələri

16

Dekabr
09:44
İQTİSADİYYAT
160
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 11:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru