Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2019
10:45
2598
Yağış bitkiçiliyə zərər, heyvandarlığa xeyir verir

Azərbaycanda bir həftədir müşahidə olunan qeyri-sabit hava şəraitinin səbəbi Rusiya ərazisindən keçən antisiklondur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib. 

Onun sözlərinə görə, bu ilin avqust ayı Azərbaycanda anomal hava şəraiti ilə keçir: “Bu, yalnız bizdə belə deyil. Şimal qonşumuz olan Rusiyada iyulun sonundan başlayaraq Arktikadan soyuq hava kütlələrinin daxil olması nəticəsində havanın temperaturu hazırda şimal enliklərdə sentyabr ayının temperaturuna yaxındır - norma göstəricilərindən 7-8 dərəcə aşağıdır. Vaxtaşırı olaraq bu prosesin təsiri Azərbaycanda da özünü göstərir.

Soyuq atmosfer cəbhələri Qafqaz ərazisindən keçir: bəzi günlərdə güclü küləklər, bəzi günlərdə indiki kimi, güclü yağışlar müşahidə olunur”.

Departament rəhbərinin sözlərinə görə, avqustun 10-dan etibarən Azərbaycan ərazisində hava şəraiti sabitləşəcək: “Dünən və bugünkü yağıntılı hava şəraiti bizim üçün gözlənilən idi, bu barədə əvvəlcədən də müvafiq xəbərdarlıq yaymışdıq. Lakin artıq bulud sistemi ölkəmizin ərazisini tərk etməkdədir, yağıntılar demək olar ki, tamamilə kəsilib. Düşən yağntının miqdarı Abşeron yarımadasında 3-6 mm olub. Daha dəqiq desək, Zabrat stansiyası 6 mm verib ki, bu da aylıq normanın 98 faizini təşkil edir. Bakıda yağıntı 4 mm olub - yarım aylıq normaya yaxın, Maştağada 4 mm - aylıq normanın 52 faizi, Binədə 3 mm - aylıq normanın 49 faizi həcmində yağıntı düşüb. Yəni qısa müddət ərzində yarım aylıq və aylıq norma həcmində yağıntı düşüb. Güclü yağışlar yalnız Bakı və Abşeron yarımadasını əhatə edib, rayonlarda əsasən zəif və mülayim yağntılar qeydə alınıb. Hazırda havanın temperaturu çoxillik norma göztəricilərindən 2-4,3 dərəcə aşağıdır”.

U.Tağıyeva bildirir ki, avqustun 10-da Bakı və Abşeron yarımadasında hava sabitləşəcək, avqust ayı üçün xarakterik olan isti hava - 34-35 dərəcə - müşahidə olunacaq, cənub şərq küləyi əsəcək. Amma avqustun 11-də yenidən güclü şimal küləyi gözlənilir, Bakıda və Abşeron yarımadasında, respublikanın bəzi rayonlarında küləyin sürəti 15-20, arabir 23-28, günorta saatlarında yarımadanın bəzi ərazilərində 30-35 metrsaniyəyədək güclənəcək. Biz bu barədə müvafiq xəbərdarlıqları aidiyyəti qurumlara göndərmişik. Külək uzunmüddətli olmayıb, avqustun 12-si səhərə yaxın səngiyəcək. 12-13-də avqust ayı üçün xarakterik olan mülayim-isti hava şəraiti olacağı gözlənilir".

Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov hesab edir ki, Azərbaycanda avqust ayı üçün belə havanın müşahidə olunması iqlim dəyişikliyinin nəticəsidir. İnstitut direktorunun sözlərinə görə, regionda küləklərin sürəti dəyişir: “Bu, böyük bir siqnaldır. Çünki iqlim dəyişmələri hər şeydə təzad yaradır. Bu iqlim dəyişikliyi kənd təsərrüfatına, insanların sağlamlığına mənfi təsir göstərə bilər. Ona görə də iqlim dəyişikliyinə, belə hallara hazırlıqlı olmaq və adaptasiya olunmaq lazımdır”.

BMT-nin hesabatında fəsil anlayışının artıq yaddan çıxacağı əksini tapıb: “Yəni yaz, payız, qış fəsilləri anlayışı olmayacaq. Məsələn, yay aylarında 40 dərəcə isti ola, 5 gündən sonra qar da yağa bilər. Anoloji hadisə 2015-ci ildə Azərbaycanda da qeydə alındı. Yayda Qubada qar yağmışdı. Bütün bu təzadlar iqlim dəyişikliyinin nəticəsidir”.

R.Məmmədov deyir ki, iqlim dəyişikliyi insanın fəaliyyətinin, ətraf mühitə təsirinin nəticəsidir: “İlk növbədə ABŞ, Çin, Hindistan kimi ölkələr atmosferə atılan karbon qazının miqdarını azaltmalıdırlar. Ancaq təəssüf ki, bu dövlətlər karbon qazının səviyyəsinin azaldılmasına maraq göstərmirlər. Çünki bu, iqtisadiyyat üçün böyük maliyyə vəsaiti tələb edir.  Buna görə də Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ atmosferə atılan karbon qazının azaldılmasını nəzərdə tutan Paris sazişindən çıxdı. Nəzərə almalıyıq ki, dünyada istehsalın 37 faizi məhz ABŞ-da cəmləşib. Əgər böyük dövlətlər maraq göstərmirsə, hansı nəticəyə nail ola bilərik? Nəticədə də belə ekstremal halların həm diapazonu genişlənəcək, həm də təkrarlanma sayı artacaq”.

İqlim dəyişikliyinin yaratdığı fəsadlar - vaxtsız yağntılar bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sektor üçün böyük təhdidlər formalaşdırır. Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, son üç gündə havaların kəskin dəyişməsi kənd təsərrüfatı bitkiləri üçün müxtəlif risk amilləri yaradır: “Hazırda müşahidə olunan hava dəyişmələri bizim bölgəmiz üçün xarakterik deyil, belə görünür ki, illər üzrə bitkilər üçün stress amilləri daha da güclənməkdədir”.

Belə hava kənd təsərrüfatının ayrı-ayrı sahələrində problemlərə yol açır: “Meyvəçilikdə - mövsümün bu çağında yağıntıların düşməsi nəticəsində havada nəmlik normasının artması bağlarda  təhlükəli xəstəlik olan ”dəmgil"in aktivləşməsinə səbəb olur. Bağban dəmgilə qarşı yalnız kimyəvi mübarizə tədbiri aparmalıdır ki, bu da qulluq işlərinin artması və məhsula çəkilən xərclərin yüksəlməsi ilə müşahidə olunur. Bundan əlavə, nəm havalar mövsümün əsas zərərvericiləri olan “şərq meyvəyeyəni”, “şərq alma yeyəni” və Kaliforniya yastıcasının aktiv fazasıdır, onlara qarşı da ayrıca mübarizə aparılmalıdır".

Qəfil soyuqlaşma Azərbaycanda prioritet sahələrdən biri olan üzümçülüyə də zərər vurur: “Temperaturun qəflətən düşməsi  üzüm tənəkələrində su və metobolizm balansını pozur, məhsulun keyfiyyət göstəricilərinə-şəkərlilik və turşuluq göstəricilərinə  mənfi təsir göstərir. Yağıntıların baş verməsi üzümçülükdə  təhlükəli xəstəlik olan ”boz çürümə" xəstəliyinin yayılmasına münbit şərait yaradır. Suvarılmayan sahələrdə, dəmyə əkinlərində yağış yağması nəticəsində gilələrdə partlam əmələ gəlir ki, nəticədə məhsulun əmtəə görünüşündə eybəcərlik baş verir, fermerə iqtisadi ziyan dəyir. Bu cür qeyri-sabit iqlim amillərinin baş verməsi meyvədə yetişmə dinamikasının pozulması ilə müşayiət oluna bilər. Çünki meyvədə şəkər toplama üçün temperatur sabit olmalı, gecə-gündüz temperaturu arasında ampiluitut normal həddə tərəddüd etməlidir. Yəni gündüzlər kəskin isti, axşamlar isə xeyli soyuq olması, o cümlədən gündüzlə gecə temperaturu arasında fərqin az olması yetişməyə mənfi təsir göstərir. İyul-avqust, sentyabr ayları bəzi meyvələr üçün yetişmə,  şəkərtoplama baxımından mühüm aydır. Xüsusən üzüm, əncir, narda gec yetişmə baş verə bilər".

Kəskin hava şəraitinin əkçinliyə də mənfi təsirləri var: “Mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çugunduru sahələrində güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti bar orqanlarının zədələnməsinə, tam qırılmasına gətirib çıxarır ki, bu da sahədən əldə olunan məhsuldarlığı aşağı salır.

Heyvandarlıq yeganə sahədir ki, belə havalar iri və xırda buynuzlu heyvanlarda, eyni zamanda quşçuluqda ideal havalar sayılır. Heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə gediciliyi artır, heyvan daha iştahla yeyir və özünü bir növ komfortda hiss edir".("Yeni Müsavat")

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
577

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
406

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
267

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
222

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
220

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
360

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
437
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 07:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru