Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2019
11:30
1529
Canavarlar kəndlərdən şəhərə gəlir: necə qorunaq?

Son aylar tez-tez fermerlərin təsərrüfatlarına vəhşi heyvanların hücum etməsi ilə bağlı xəbərlər yayılır. Xüsusilə də canavarların kəndlərə, fermer təsərrüfatlarına hücum etməsi nəticəsində vətəndaşlara, iş adamlarına  bəzən külli miqdarda zərər dəyir. Sonuncu hadisə Abşeron rayonunda baş verib. Abşeron rayonunda yerləşən “Xanqulu” qış otlaq sahəsindəki yataqlardan birinə canavar sürüsünün hücumu nəticəsində 407 baş qoyun-quzu tələf olub.

Fermer təsərrüfatının rəhbəri Seyran Kərimov bildirib ki, hücum 1 saat ərzində olub. Belə ki, gecə hər saatın tamamında çobanlar heyvanları yoxlayırlar. Saat 2-də növbəti yoxlanış zamanı dəhşətli mənzərə ilə qarşılaşıblar. 400-dən çox qoyunun boğazı üzülmüş vəziyyətdə olub.

Azərbaycanda canavarların ovlanmasına, öldürülməsinə icazə verilmir. Buna görə böyük cərimələr müəyyən edilib. Nəticə olaraq əgər ötən illərdə canavarlar gecə ilə kəndə girib, mal-qaraya hücum edirdisə, hazırda onların hədəfində insanlar da var. Ötən aylarda  Lənkəranda ard-arda canavar hücumlarının yaşanması buna bariz nümunədir. Masallı, Lənkəran, Astara zonasında yaşayanlardan aldığımız məlumata görə, gündüz saatlarında belə canavarların kəndə hücum etməsi onları çətinə salıb. Sakinlər bildirirlər ki, xüsusilə də qış aylarında canavarların sayı kəskin şəkildə artıb. 

Hələ 2016-cı ildə ovçular təklif edirdilər ki, insanlara, təsərrüfatlara hücumları azaltmaq üçün canavarların vurulması üçün onlara icazə verilsin. Yuxarıda da qeyd etdiyimiz kimi, canavarların vurulmasına icazə verilmir. Bəzi ekspertlər bildirirlər ki, məhz bu faktor canavarların artmasına səbəb olub. Başqa bir varianta görə, canavarların sayının artmasına yem qıtlığının yaranması səbəb olub. Yem qıtlığından əziyyət çəkən vəhşi heyvanlar isə artıq insanların saxladığı iri və xırdabuynuzlulara hücum edirlər. Bununla yanaşı, təbiətə insanlar tərəfindən müdaxilə, təbiət qoynunda istirahət zonalarının salınması, infrastrukturun yaradılması da canavarların yaşama arealını daraldıb. Ekspertlərə görə, bu faktorun özü də kəndlərə, təsərrüfatlara canavar basqınlarının baş verməsinə səbəb olur.

Məlumat üçün qeyd edək ki, Azərbaycan 1999-cu ildən Avropada “Vəhşi təbiətin qorunması” Beynəlxalq Konvensiyasının üzvüdür. Həmin Konvensiyaya görə, Azərbaycanda da canavarların ovlanması birmənalı şəkildə qadağandır. Bu ov qanun pozuntusu hesab edilir. Yəni təqib edib, vuranda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1000-2000 manat məbləğində cərimə edilir.

Bu qanunun istisnası da var. Belə ki, canavar və yaxud hər hansı bir vəhşi heyvan insan həyatına təhlükə yaradırsa, yəni onun üzərinə hücum edirsə, özünümüdafiə tədbiri kimi həmin heyvanı vura bilər. Belə halda həmin şəxsə qanun pozuntusu şamil edilmir. Canavarı təqib edib, vuranda ekoloji qanun pozuntusu hesab olunur və həmin şəxsə qanun pozuntusu şamil edilir. Lakin digər vəhşi heyvanları ovçuluğa dair qanunvericiliyə əsasən ovçuluq bileti olan şəxslər regional ekologiya idarələrindən ova icazə bileti almaqla il boyu ovlaya bilərlər.

Onu da qeyd edək ki, canavarların çoxalması təkcə Azərbaycanda deyil, Avropa ölkələrində də müşahidə edilən tendensiyadır. Belə ki, elmi araşdırmalara görə, SSRİ çökdükdən sonra - 1990-cı illərdə Avropada canavarların 50 faiz artması müşahidə olunub. Məhz bu dövrdə canavarlar Polşa, Almaniya və Skandinaviyaya ayaq açıblar.

Avropada canavarların sayının artması insanların kəndlərdən şəhərə axın etməsi ilə izah olunur. Bildirilir ki, insanlar kəndləri boş qoyublar. Nəticədə canavarların şəhərə yaxınlaşması prosesi baş verib.

Sonuncu hadisədə fermer 1 saatın içərisində təsərrüfatından 407 baş qoyun itirib. Orta hesabla hər qoyunun qiymətini 140 manat götürsək, fermerə 60 min manata yaxın ziyan dəyib. Bəs bu zərər qanunla necə qarşılanır?

Hüquqşünas Əsabəli Mustafayev bildirib ki, belə iri təsərrüfatı olan şəxslər mallarını sığorta etdirməlidir:

“Bütün dünyada bu, belədir. Sığorta yoxdursa, deməli, dəymiş zərərin ödənilməsi məsələsi də problem yaradır. Yalnız o zaman hökumət müəyyən vəzifə daşıyır ki, təbii fəlakət və digər buna oxşar hadisələr baş verir. Belə hallarda sığorta məsələsinə diqqət edilmir və hökumət dəyən zərəri ödəyir. Son dövrlərdə görürük ki, hökumət kənd təsərrüfatının inkişafına dəstək olur. Belə hallarda fermerə dəyən zərərin ya tam, ya da qismən ödənilməsini hökumət öz üzərinə götürə bilər. Əgər bu cür hadisələr geniş yayılırsa, hökumət vəzifə daşıyır ki, gələcəkdə baş verə biləcək belə hadisələrin qarşısını alsın. Vaxt vardı ki, hər öldürülən canavara görə mükafat verilirdi. Ovçular da bunda maraqlı idi. İndi də, görünür, artıq əks tədbirə keçmək lazımdır. Mümkündür ki, hansısa regionda insanları qorumaq üçün belə tədbirlərə gedilsin. Bütün bunların hamısını mütəxəssislər analiz edib, təkliflər irəli sürməlidir”. ("Yeni Müsavat")

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
76
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 17:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru