Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2019
11:22
423
Sığorta şirkəti də məsuliyyət daşıyır - DEPUTAT

Martın 28-də dövlət başçısı İlham Əliyev Bakıda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı müşavirə keçirib.

O bildirib ki, hökumət “operativ qaydada maliyyə vəsaiti ayırlmalı” və həmin vəsait sahibkarlara verilməlidir.

Bundan başqa, digər uyğun qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır.

Milli Məclisin üzvü, deputat Vahid Əhmədov açıqlamasında bu tənqidlərə və başqa məsələlərə aydınlıq gətirib.

Vahid müəllim, “Diqlas” ticarət mərkəzindəki yanğına görə ziyan çəkən sahibkarlara yardım ediləcəyi bildirilir. Amma iqtisadçılar sual edirlər ki, niyə bu qədər yükü dövlət öz üzərinə götürməlidirmi?

Dövlət üzərinə heç nə götürmür. Cənab prezident sadəcə, yaranmış vəziyyəti nəzərə alıb. Son vaxtlar sosial layihələr həyata keçirilir. Mənim aldığım məlumata görə, cənab prezidentin çox ciddi layihələri var, bu sosial layihələr davam etdiriləcək. Belə bir vaxtda şəhərin mərkəzində yanğın baş verir və sahibkarlar faktiki olaraq pis vəziyyətdə qalırlar. Yəni kiminin 50 min, kiminin 100, kiminin də 200 min manatlıq malı yanıb. Buna yiyə duran da yoxdur. Belə vəziyyətdə cənab prezident bu işə müdaxilə edir, çünki həmin binanın sahibləri, icarəyə verənlər kənara çəkiliblər. Cənab prezident də sahibkarların, əhalinin vəziyyətini nəzərə alaraq iclas keçirib, “Sahibkarlara kömək etmək, dövlət tərəfindən dəstək vermək lazımdır” deyib. Yəni kimə nə qədər ziyan dəydiyi hesablanmalı, maliyyə vəsaiti vermək lazımdır ki, problemlər yaranmasın. Amma bu vəsaitin hamısı həmin icarəyə verənlər tərəfindən ödəniləcək! Bunu yaddan çıxartmayın. Həmin sahibkarlara dövlət tərəfindən təxminən bir milyon manat veriləcəksə, həmin vəsait binanın sahibləri tərəfindən ödəniləcək. Onlara qarşı cinayət işi açılıb. Bu, elə-belə iş deyil, axı. Əvvəla yanğının səbəbi araşdırılmalıdır. Niyə sığorta etdirilməyib, bu araşdırılmalıdır. Belə ticarət mərkəzləri, əmlaklar sığortalanmalıdır. Yoxsa “yanğın oldu, ziyanı dövlət ödəsin”, bu adi hala çevrilər. Hamı tökülüşər dövlətin üstünə, “Gəl mənə kömək et” deyər. Olmaz, axı. Dövlət nə üçün bunu etməlidir? Özəl şirkətdirsə, özü bunun öhdəsindən gəlməlidir, sahibkarlara yardım etməlidir.

Prezidentin addımını bu baxımdan necə dəyərləndirirsiniz?

Cənab prezident humanist addım atır, insanlar küçədə, işsiz qalmasın deyə kömək edir. Ancaq ödəniləcək məbləğin hamısı binanın sahiblərindən alınacaq. Hüquqi cəhətdən tamamilə düz addımdır. Mən belə hesab edirəm. Bunun ən yaxşı yolu budur.

Yanan ticarət mərkəzində çalışan sahibkarların sözlərinə görə, sığorta şirkətləri onların yerini, əmlakını sığortalamaqdan imtina edib. Bunu mütəxəssislər də söyləyirlər ki, iri ticarət mərkəzlərini sığortalanmasına imtina cavabı verilir. Sizcə, bu sığorta şirkətləri niyə belə addım atırlar?

Onların sığortalamamağa ixtiyarı yoxdur. O binanın sahibi özü bunu həll etməlidir. Əgər sən binanı icarəyə verirsənsə, binada sən sahibkara yer verirsənsə, bağışla məni, get onu sığortalat. Bu, sənin borcundur. İkincisi də, yanğınla əlaqədar çox şey danışılır. Mən fikir verirəm, biri bir nazirliyi müdafiə edir, o biri başqasını. Yanğından mühafizə üzrə xidmətlər var. Bu xidmətlər vaxtlı-vaxtında həmin binaları yoxlayırlar, lazım gələndə vaxt verirlər ki, yanğından qorunmaqla bağlı avadanlıqlar alınsın. Qanuna görə, bu deyilənlər edilməsə sahibkar cərimələnməlidir və ya obyekt bağlanmalıdır. Bunu deməklə deyil, axı. Vaxtında sığorta etdirmək lazımdır.

Həmin sığorta şirkətləri haqqında səslənən iddialar araşdırılmalıdırmı?

Yüz faiz. Maşınını sığortalatdırmayanda sığorta şirkəti gündə on dəfə zəng vurur ki, gəl bunu sığortalat. Bəs sığorta şirkəti bilmir ki, bina istifadəyə verilib, orda əmlak sığortalanmayıb? Səbəb nədir ki, bunu etmir? “Binə” ticarət mərkəzində də vaxtaşırı yanğınlar olur, oranın sahibkarları da əmlaklarını sığortalatmalıdırlar, sabah sığorta şirkəti onlara cavab versin deyə. Yoxsa etdirmirlər, sonra da yanğın olanda deyirlər ki, ay elə, ay belə... Sığorta şirkətləri də diqqətli olmalıdır. Qanun qəbul etmişik ki, əmlak, bina sığortalanmalıdır. Sığorta şirkətləri görünür, rahat yaşayırlar, onlar məsuliyyətlərini yaxşı başa düşmürlər. Azərbaycanda sığorta bazarı yetərincə inkişaf etmədiyindən öz kefləri istədiyi kimi hərəkət edirlər. Hesab edirəm, burda sığorta şirkəti də məsuliyyət daşıyır. Bina istifadəyə verilibsə gedib sığortalamalısan, onlarla işləməlisən, hadisə baş verəndəsə haqlarını ödəməlisən. Niyə dövlət buna qarışmalıdır?

Bu hadisədən sonra Fövqəladə Hallar Nazirliyi də tənqid edilir, deyilir ki, ticarət mərkəzində yanğından mühafizənin necə qurulmasına önəm verməyib, onlarla bağlı da ölçü götürülməsi istənilir. Siz bu haqda nə düşünürsünüz?

İstənilən adamı tənqid etmək olar. Ancaq bilmək olmaz, bəlkə həmin nazirlik vaxtında həmin binanın sahibinə xəbərdarlıq edib, bəlkə cərimələyib? Bəs nəyə görə cinayət işi açıldı? Cinayət işi açıldı ki, bunlar hamısı araşdırılsın. Ola bilməz FHN oranı yoxlamasın, ora göstərişlərini verməsin, cərimələməsin, deməsin ki, bunlar edilməlidir. Yanğın elə bir məsələdir ki, ona göz yummalarına inanmıram.

Bəs niyə verdikləri göstərişlərin necə yerinə yetirilməsinə sonradan nəzarət etməyiblər, tələb etməyiblər?

Vallah onu deyə bilmərəm. Bunlar araşdırılacaq, cinayət işi ilə əlaqədar yəqin millətə də məlumat veriləcək.

Vahid müəllim, dediniz ki, sizdə olan məlumata görə sosial islahatlar davam etdiriləcək. Hansı addımların atılması gözlənilir?

Fikir verirsinizsə, çox ciddi islahatlar aparılır. Düz bir ilə yaxındır ki, dollarla alınan kredit məsələsi müzakirə edilirdi. Bu məsələnin müzakirəsi Milli Məclisdə, Prezident Administrasiyasında, Mərkəzi Bankda gedirdi. Çox adam buna müdaxilə etməli olmuşdu. Mehriban xanımın yanında bir neçə dəfə müzakirə getmişdi, cənab prezidentin yanında da həmçinin. Nəhayət dövlət başçısı qərarını verdi. Bu, ciddi addım idi, təxminən bir milyard manata yaxın vəsait ayrıldı. İkincisi, bu məsələ hələ bitməyib. Söhbət təkcə fiziki şəxslərdən getmir, hüquqi şəxslər də var. Sahibkarlar var ki, kredit götürüblər, ödəyə bilmirlər və devalvasiya nəticəsində çətinliklə üzləşiblər. Bunun da həlli yollarını axtarırıq. Məsələlər çoxdur. Aldığım məlumata görə, ciddi işlər gedir. Amma deyə bilmərik ki, hansı qabağa düşəcək, hansı sonra olacaq. Bütün bunlar əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq, şəffaflığı təmin etmək üçün edilir. (Azadlıq Radiosu)

Məqalədə : Sığorta şirkətləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Yeniçağ"ın müxbiri 10 sutkalıq həbs edildi

27

May
16:34
HÜQUQ,HADİSƏ
58

Bakı-Tver-Bakı avtobus marşrutu açıldı

27

May
16:22
NƏQLİYYAT
558
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 17:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru