Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

25 Fevral

2019
18:16
884
Allahın yer üzündəki sönməz ulduzu
Hacı İlham Əliyev: "Fatimeyi-Zəhra (s.ə) şəhidlik, bəlağət, mübarizlik məktəbinin müəllimidir"

Bu gün müsəlman dünyası üçün əziz gündür. Məhəmməd Peyğəmbərin (s) sevimli qızı, nəslinin davamçısı, övladları ilə pak Əhli-Beyti (ə) təşkil edən ümmətin nuru, Cənnət xanımlarının seyyidəsi Həzrət Fatimə salamullahi-əleyhanın mübarək mövlud günüdür. Bu günün müqəddəsliyi o səviyyədədir ki, Allah-Taala Fatimənin (s.ə.) dünyaya gəlişi münasibətilə Rəsuli-Əkrəmə (s) müjdə verib, bununla bağlı Qurani-Kərimin “Kövsər” surəsini nazil edib. Allah həqiqətən, Peyğəmbərə Kövsər, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi-Zəhranın (s.ə) artan nəslini əta etdiyini, şükranlıq üçün Rəbbinə namaz qılmağı, Ona təkbir deyərək, qurban kəsməyi, düşmənin özü sonsuz və nəsli kəsilmiş olduğunu buyurur. 

Mövzunu Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi İlham Əliyevlə davam etdirib, Fatimeyi-Zəhranın (s.ə) fəzilətli məqamına, mənəvi aliliyinə, bəşər tarixindəki yerinə nəzər saldıq, ruhumuzu və qəlbimizi qidalandırmağa çalışdıq. 

Sözünə Mehriban və Bağışlayan Allahın adı ilə başlayan Hacı İlham, Həzrət Fatimənin besətin ikinci, yaxud beşinci ili cəmadius-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdığını bildirdi. Və o müqəddəs Xanımın hicri-qəməri tarixinin 11-ci ilində cəmadiul-əvvəlin 13-də, bəzi tarixi mənbələrə əsasən isə, cəmadiul-sani ayının 3-də Səqifətü Bəni-Saidə rəhbərləri tərəfindən şəhid edildiyini, İslam aləmində bu iki fərqli tarix arasında yer alan 20 günün “Fatimiyyə Günləri” kimi qeyd olunduğunu xatırlatdı. 

İ.Əliyev dedi ki, iki əsas amil insanın hansı üstün məqama sahib olduğunu sübut edir: “Bunlardan birincisi insanın əsl-nəcabəti, digəri insanın özünün şəxsi kriteriyaları, nəfsani, əxlaqi və mənəvi fəzilətləridir. Nəsli-nəcabəti baxımından Xanım Fatimə Məhəmməd Peyğəmbərdən (s) başlayaraq Həzrət Adəmə (ə) qədər bütün əcdadları baqi, nəcib və Allaha sitayiş edən bəndələr olublar. Fatimeyi-Zəhranın anası Həzrət Xədicə (s.ə) də Məkkədə sayılıb- seçilən hörmətli və izzətli qəbilənin qızı, İslam dinini qəbul edən ilk xanım olub. Zəhra salamullahu əleyhanın Həzrət Məhəmmədin (s) vəhy, iman, inanc İslam mərkəzində dünyaya gəlib boya-başa çatması, İslam Peyğəmbərindən təlim-tərbiyə alması o Xanımın əzəmət və dərəcəsinin bariz təcəllisidir.

İnsan həyatı üçün ailə mühüm faktordur. Onun müqəddəsliyini qorumaq üçün Həzrət Fatimənin ailə modeli isə insanlar üçün mənəvi saflıq bulağıdır. Fatimeyi-Zəhra Allahın sevimli bəndəsi, barəsində Quran ayələri nazil olmuş Həzrət Əli (ə) kimi bir şəxsiyyətlə ailə qurub. Görkəmli alimlər qeyd edirlər ki, İslam dini məhz Əli əleyhissalamın qılıncı sayəsində qələbə çalıb. Cənnət gənclərinin ağaları İmam Həsən (ə) və İmam Hüseyn (ə), şərafətli xanımlar Zeynəb və Ümmü Gülsüm (s.ə) İmam Əli ilə Xanım Fatimənin izdivacından dünyaya gəliblər. Onlar əxlaq, şücaət, fədakar və mübariz ruhiyyələri ilə ataları İmam Əlinin (ə) və anaları Fatimeyi-Zəhranın cəmiyyətdəki nümunələridir”. 

Fatimənin (s.ə) ailədəki roluna, ictimai fəaliyyətinə işıq tutan ilahiyyatçı alim qeyd etdi ki, nümunəvi İslam qadını kimi o Həzrətin yüksək əxlaqı, qısa, amma çox zəngin olan fəzilətli həyatı bütün dövrlər üçün ali dərəcəli məktəbdir. Əli əleyhissalam Xanım Fatimə ilə ailədaxili münasibətləri haqqında belə buyurub: “Həzrət Fatimə (ə) atasının evindən mənim evimə köçən gündən məni qəzəbləndirə biləcək heç bir hərəkətini görmədim, heç bir işində mənə itaətsizlik etmədi. Döyüş meydanlarından evə yorğun, yaralı qayıdanda onun mübarək çöhrəsinə baxıb, bütün qəm-qüssəmi, əzab-əziyyətləri, ağrılarımı unudur, özümü çox rahat hiss edirdim”. Bunlar çox incə və əhəmiyyətli məqamdır. Yəni qadın ailə daxilində elə bir xoş atmosfer yaratmalı, elə bir münasibət qurmalıdır ki, kişi üzləşdiyi çətinlikləri evə daxil olandan sonra unutsun, problemlər qarşısında özünü rahat hiss etsin, həmişə evə tələssin.

Xanım Fatimə özünü Həzrət Əlinin (ə) kənizi qismində görürdü. Hədislərdə nəql olunur ki, Zəhraya (s.ə) ədavət bəsləyən məlum iki şəxs o Xanımla görüşmək, halallıq almaq istəyirdilər. İmam Əli (ə) onların bu istəyini Fatiməyə (s) ərz edib, buyurur: “Ey Peyğəmbərin qızı, iki nəfər səninlə görüşmək üçün icazə istəyirlər”. Həzrət Fatimə “bura sənin evin, mən də kənizinəm, kənizdən isə icazə almazlar. Əgər istəyirsənsə, gəlsinlər” - deyir. 

Xanımların həyat yoldaşına qarşı bu cür səadət və itaətkarlığı ailədə xoşbəxtliyin açarıdır. Fatimeyi-Zəhradan nəql olunur ki, evlilik müddəti boyunca Əlini (ə) çətin vəziyyətə salmayıb, aza qane olub, gücü çatmayan xərcləri onun boynuna qoymayıb. Bu, ailə həyatında diqqət edilməli xüsuslardan biridir. Çünki İslam bunu buyurur. 

O Həzrətin timsalında ağıllı, xoşbəxt qadın öz həyat yoldaşını Allaha ibadət və bəndəçiliyə təşviq edən qadındır. Hədisdə deyilir ki, Peyğəmbərimiz (s) Həzrət Əlidən soruşur: “Ya Əli, qızım Fatimə sənin üçün necə həyat yoldaşıdır?” Əli (ə) buyurur: “Fatimə Allaha ibadət etmək üçün ən yaxşı köməkçidir”. 

Dünya həyatında kişini günah və fəsadlardan çəkindirmək, tövhidə, tək olan Allaha ibadətə çağırmaq və bu yolda ona yardımçı olmaq qadının üzərinə düşən ən böyük vəzifədir”.

İlahiyyatçı Həzrət Fatimənin övladları ilə münasibətlərinə də toxundu. Qeyd etdi ki, Peyğəmbər qızı övladlarının tərbiyəsilə özü məşğul olub, onları bol şəfqət və sevgi ilə böyüdüb. Atası Məhəmmd Peyğəmbərdən, anası Xədiceyi-Kübradan gördüyü mərhəmət və gözəl əxlaqı, comərdliyi uşaqlarının qəlbinə, ruhuna yeridib: “Fatimə salamullahi-əleyha övladlarından biri evə daxil olanda, “salam olsun sənə, ey gözümün işığı, ey qəlbimin səsi, canım, ciyərim”- deyə, onlara xitab edib. Uşaqlarını əzizləyən, oxşadan zaman ən müqəddəs sözlərlə onlara öyüd-nəsihət verib, ataları İmam Əli (ə) kimi ədalətli, imanlı olmağı tövsiyə edib. Hər bir ana uşağın gözündə atanı uca, dəyərli tutmalıdır... Həzrət Fatimə kimi.

Fatimeyi-Zəhranın (s.ə) insanlara qarşı rəftarı da bizim üçün bir dərsdir. Həzrət Fatimə özünü heç kimdən üstün tutmur, fərqləndirmirdi. İmam Həsən (ə) anası haqda belə buyurur: “Cümə gecəsində anamı mehrabda uzun zaman ibadət edən gördüm. Sübh çağı yetişdikdə möminələrə, qonşulara dua etdi, lakin özünə və bizə dua etmədi. Soruşdum ki, bizə niyə dua etmədin? Anam buyurdu: “Oğlum, əvvəl qonşu, sonra ev”. Peyğəmbər qızı insanlara yaxşılığı yalnız Allaha xatir edir, əvəzində heç bir mükafat gözləmirdi. 

Eyni zamanda Xanım Fatimənin çox sadə həyatı göstərir ki, xoşbəxtlik dəbdəbədə deyil, Allahın əmr etdiyi dini dəyərlər əsasında qurulan ailəyə xasdır. 

Fatimeyi-Zəhra şəhidlik, bəlağət, mübarizlik məktəbinin müəllimidir. Xanım Fatimənin həyatından danışarkən bu məktəbdən söz açmamaq qeyri-mümkündür. Axı o, vilayət yolunun ilk şəhidi, ilk fədaisidir. İmam Əliyə (ə) təzyiqlər, zülmlər başlayanda, Zəhra salamullahi-əleyha meydana atıldı, Allahın əmrini, Həzrət Əlinin vilayətini müdafiəyə qalxdı. Öz şəhadətilə həqiqətin tapdalanmasına imkan vermədi. Sonra İmam Həsən (ə), İmam Hüseyn (ə), Həzrət Zeynəb (s.ə) də həmin mübarizlik və şəhidpərvərlik ruhiyyəsini öz həyatlarında yaşatdılar.

Sadaladığımız ali xüsusuiyyətləri özündə toplayan Xanımlar Xanımı Fatimənin (s.ə) fəzilətlərini sadalamaqla bitməz. Amma ümumiləşdirib deyə bilərik ki, Fatimə anamızın fədakarlıq, doğruluq, iffət, izzət dolu həyatı bütün zamanlar, bütün məkanlar üçün ən üstün örnək və nümunədir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 24-nə manatın məzənnəsi

23

Aprel
20:28
İQTİSADİYYAT
63

PKK Türkiyədə hərbi hissəyə hücum edib

23

Aprel
19:22
BÖLMƏNİ DÜZ SEÇ!
73

Azərbaycanda yeni zavod tikiləcək

23

Aprel
19:07
İQTİSADİYYAT
85

Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb

23

Aprel
16:58
AİLƏ, SAĞLAMLIQ
174

Qadın 27 il sonra komadan ayıldı

23

Aprel
16:52
DÜNYA
118

Günün qarşılaşmaları TV AFİŞA

23

Aprel
15:08
İDMAN
299
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 00:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru