Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2019
14:54
1364
Narkoloji Mərkəzdə baş vermiş faciənin yeni təfərrüatları məlum olub

25 xəstənin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilir.

Hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Sonuncu məhkəmə iclasında Narkoloji Mərkəzin keçmiş direktoru, təqsirləndirilən Telman Məmmədhəsənovun vəkili Vasif İsrafilov bəzi sənədləri təqdim edib.

Vəkil diqqətə çatdırıb ki, yanğın vaxtı xəsarət almış zərərçəkənlərin şikayət və tələbləri yoxdur və onlar notarial qaydada təsdiqlənmiş ərizələri məhkəməyə təqdim ediblər.

Müdafiəçi həmçinin T.Məmmədhəsənovun həm özünün, həm də həyat yoldaşının səhhətində problemlər olması barədə həkim arayışı olan sənədi də diqqətə çatdırıb.

Vəkil bildirib ki, T.Məmmədhəsənov şəkərli diabetdən əziyyət çəkir, boynundakı fəqərələr də implant olunub. Həyat yoldaşı da sinir xəstəliyindən əziyyət çəkir.

Sənədlərin tədqiqi zamanı işdə olan ekspert rəyləri də təqdim olunub. Ekspert yazır ki, hadisə vaxtı Mərkəzdə alkoqolizmə görə müalicə alan və yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov anlaqlı olub, öz hərəkətlərini dərk edib. Eyni ekspertizanın rəyinə əsasən, 25 nəfər tüstüdən zəhərlənmə nəticəsində ölüb.

Ekspertizanın nəticəsində həmçinin qeyd olunur ki, hadisə baş verən bina tam yanar materialdan olmaqla, istifadəyə yararsız olub.

Vəkil V.İsrafilov iş materiallarında Məhəmməd Məmmədovla bağlı daha bir məqamı hakimlərin diqqətinə çatdırıb. İttihamda yazılıb ki, M.Məmmədov oğlunun verdiyi rüşvət hesabına, məcburi şəkildə Mərkəzdə saxlanıb. O, martın 1-də müalicə müddətinin uzadılmasını biləndə özünü öldürmək üçün yanğın törədib. Lakin Mərkəzin qəbul şöbəsinin kitabçasında yazılıb ki, M.Məmmədov öz ərizəsilə Mərkəzə qəbul olunub, o, müvafiq müqaviləyə də imza atıb.

Bu sözlərə təqsirləndirilən Məhəmməd Məmmədov etiraz edib.

O bir daha yanğını o törətmədiyini bildirib: “Mən özümə qəsd edən olsaydım, çıxıb bayırda özümü yandırardım, camaatı niyə yandırırdım?”

Prosesin davamında vəkillər rəy vermiş ekspertin dindirilməsini istəyib.

Daha sonra isə iş materiallarında olan görüntülərə baxılıb. Görüntülərdən məlum olur ki, gecə saatlarında bir sıra xəstələr, o cümlədən Məhəmməd Məmmədov da oyaq olub, siqaret çəkmək üçün sanitar qovşağa gedib.

M.Məmmədovdan həmin saatda otaq olmasını səbəbi soruşulub. O isə belə izah verib: “Orada “oxranlar” vardı, amma onlar gecə yıxılıb yatırdılar. Deyirdilər ki, lazım olanda gəlib çağırarsız. Bir çox ağır xəstələr vardı, onlar bəzən yıxılırdı, kömək lazım olurdu. Onda mən və başqaları kömək eləyirdik”.

Məhkəmə prosesi fevralın 22-də davam etdiriləcək.

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb. (musavat.com)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : narkoloji mərkəz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 13:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com