Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2019
09:36
1774
Xanım Zəhra (s.ə) zirvəsinin bəşəriyyətə təsirləri

Bismilləhir-Rahmənir-Rahim!

Əziz İslam Peyğəmbərinin (s) gözünün nuru, xanımlar Xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətdir. Başda Zəmanə Sahibi (ə.f) olmaqla İslam ümmətinə Xanım Fatimeyi Zəhranın (s.ə) ürəklərimizi xüsusilə yandıran şəhadəti münasibətilə başsağlığı veririk.

Xanım Zəhra (s.ə) haqqında danışmaq çox məsuliyyətlidir. Daha dərin elmi bəhsə daxil olmazdan öncə demək lazımdır ki, Xanım Zəhranı (s.ə) tanıtdırmaq istəyəndə, onun kimliyini başa salmaq üçün sadə bir ibarə bəs edir – Ümmü Əbiha (s.ə). Bu, nə gözəl ailədir ki, ana - Ümmü Əbiha (s.ə) adlanır, qızı - Zeynəb (s.ə) adlanır. Hər ikisinin adlarında “əb” sözü var. “Əb” - yəni ata. Ümmü Əbiha – yəni “Atasının anası”. Həzrət Fatimeyi-Zəhra (s.ə) – Ümmü Əbihadır – “Atasının anası”dır. O, Həzrət Peyğəmbərin (s) qızıdır və o Həzrətin (s) ana kimi müqəddəs və yüksək məqamla ünvanladığı bir şəxsiyyətdir. Xanım Zeynəb (s.ə) - Həzrət Əlinin (ə) və Xanım Zəhranın (s.ə) qızıdır. O, Zeynəbdir – “Atasının zinəti”dir.

Ümmü Əbiha - Atasının anası

Atasının Anası... Bu ibarə ilə bağlı çox izahlar verilir. Fəlsəfi izahlar da verənlər var, ədəbi izahları verənlər də var, yaşayışdan nümunələr göstərərək izahlar verənlər də var. Amma bu, bir tarixi faktdır ki, Xanım Fatimeyi-Zəhra (s.ə) Ümmü Əbiha adlanır. Bütün bu səbəblər də bir yerdə cəmləşib. Yaradılış baxımından da bu adın ciddi izahları var. Xüsusi cəhət budur ki, Xanım Fatimeyi-Zəhra (s.ə) Məkkə dövründə uşaq idi. Rəsulallah (s) “Lə İləhə İlləllah”ı topluma çatdıranda o Həzrətin (ə) mübarək cisminə daş atırdılar, üzərinə kül tökərdilər. Evə gələndə Həzrət Zəhra (s.ə) üzünü təmizləyərdi, başını darayardı, təmizləyərdi. Peyğəmbərimiz Həzrət Muhəmməd (s.ə) uşaqlıqdan yetim qalmışdı. Həzrət Zəhra (s.ə) ona ana nəvazişi ilə qayğı göstərərdi.

Xanım Fatimeyi-Zəhra (s.ə) Zəhra ilə bağlı bir nöqtə xüsusi olaraq diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, bir insanı dəyərləndirərkən bir neçə baxımından dəyərləndirirlər. Biri budur ki, insanlar var nə yaşayışı vaxtı, nə də öləndən sonra özləri ilə bağlı heç bir təsir qoymurlar. İnsandır, yaşayır, ölüb gedir, olmaqlığı ilə yoxluğu arasında heç bir fərq hiss olunmur. Nə yaşadığı müddət ərzində, nə də öləndən sonra müsbət və ya mənfi təsiri olmur.

Ümumilikdə təsirlər müsbət və mənfi olur. Misal üçün, Peyğəmbərimizin (s) təsiri o qədər müsbətdir ki, üstündən 1400 il keçəndən sonra da milyonlarla insanı hər il hidayət edir. Amma misal üçün, Yezidin (lən) təsiri o qədər mənfidir ki, indiyə qədər bütün yaxşı insanlar tərəfindən lənətlənir. Amma özündən sonra heç bir təsirə malik olmayan insanlar da olur.

Elə insanlar da var ki, yalnız yaşadıqları zaman kəsimində təsirləri olur. Yaşadıqları zamanda elə zənn edirlər ki, Yer onların ətrafında fırlanır. Başlarını yerə qoyandan sonra məlum olur ki, bütün mövcudiyyətləri bitdi. Öləndən sonra nə vaxtsa olmaqları ilə olmamaqlıqları arasında heç bir fərq sezilmir. Belə insanlar da çoxdur. Yaşayanda elə bilərlər ki, Günəş onlara görə mövcuddur. Başlarını yerə qoyarlar – yaxınları, qohum-əqrabası onları güclə yada salar. Hələ onlar da bilinmir necə yada salarlar.

Hər zaman təsir qoyan misilsiz dəyərli varlıq

Üçüncü növ insanlar var ki, onlar yaşadıqları zamanda da təsir qoyarlar, vəfatlarından sonra da təsir qoyurlar. Mütəxəssislər Xanım Fatimeyi-Zəhranın (s.ə) həyatını buraya aid edirlər. Xanımın (s.ə) bu mənada təsirləri fövqəladə dərəcədədir.

İnsan dünyadan gedəndə üç müstəvidə təsir qoya bilər. Xanımın (s.ə) şəxsiyyəti, yaşayışı və mübarək şəhadətində bu üç təsirin hər biri ən bariz şəkildə öz əksini tapır. Bunlardan birincisi - fiziki təsirdir. Yəni, insan dünyada gedir, onun nəslindən olan övladları, nəvələri, nəticələri olar. Yaşadığımız dünyada əlli milyondan artıq insan Xanım Fatimeyi-Zəhranın (s.ə) müqəddəs nəslinə aid olaraq mövcuddur. Dünyada əlli milyondan artıq seyid, Xanım Fatimeyi-Zəhranın (s.ə) övladlığını daşıyır. Vaxt var idi , kafirlər Həzrət Peyğəmbərə (s.ə) “əbtər”, yəni “sonsuz” deyirdilər. Nəticə tam əksinə olur. Onlar sonsuz olur, Peyğəmbərin (s) nəslindən isə həm dünya üçün, həm də Qiyamət üçün Kövsər bulağı qaynayır. Ən aşağı rəqəmlə götürdükdə, bu gün dünyada 50 000 000 insan Həzrət Zəhra (s.ə) övladı olaraq mövcuddur. Bu, Xanım Zəhranın (s.ə) özündən sonra qoyduğu fiziki təsirdir.

Bəzən fiziki baxımından məsələyə baxanda, deyirlər ki, kiminsə filan yerdə məzarıdır, insanlar ona görə həmin yerə yığışır. Xanım Fatimeyi-Zəhra (s.ə) burada da istisna təşkil edir. Xanımı (s.ə) gedib ziyarət edəcək bir yerimiz yoxdur. Xanımın (s.ə) məzarı hələ də gizlidir. Amma, xatirəsi əzizdən də əzizdir.

Xanımın (s.ə) davranışı və elmi təsiri

İkinci təsir – davranış və elmi baxımından olan təsirdir. Bir qədər də elmi cəhətdən desək, nümunəlilik təsiridir. İstər müsbət nümunələr, istərsə də mənfi nümunələr bu kateqoriyada ehtiva olunur. Tarixdə iz qoyan müsbət nümunələr olub, insanlar onlara baxıb, gözəl ibrətlər götürüb. Eyni zamanda mənfi nümunələr də olub.

Xanım Fatimeyi-Zəhranın (s.ə) – davranış təsirinin zirvəsidir. Xanımın (s.ə) nümunəliliyin zirvəsində olmasını göstərmək üçün bir bunu demək kifayətdir ki, Zəmanə Sahibi (ə.f) Xanım Fatimeyi-Zəhra (s.ə) haqqında buyurur: “Rəsulallahın (s) qızında mənim üçün gözəl nümunə var”. Bunu kim deyir? Bunu o kəs deyir ki, bəşəriyyət onun intizarındadır. Zəmanə Sahibi (ə.f) özü şəxsən Xanım Fatimeyi-Zəhradan (s.ə) davranış və rəftar baxımından nümunə götürür.

Nəzəri, maarif təsiri

Üçüncü təsir də çox önəmlidir. Nəzəri, maarif, elmi baxımından insanın özündən sonra qoyduğu təsir. Müsəlmanlar Xanımın (s.ə) elmini nə qədər araşdırır -  bu, ayrıca bəhsdir. Əhli-beyt (ə) üləması nə qədər araşdırır bu da ayrıca bəhsdir. Ümumən İslam üləması nə qədər araşdırıb, onu da bir tərəfə qoyaq. Fransanın “Sarbonna” universitetinin ən ciddi araşdırmaçılarından biri olan Lui Masinyon, zamanında Xanım Fatimeyi-Zəhra (s.ə) ilə bağlı müxtəlif dillərdən toparladığı bir neçə milyon qeydi olub. Onun arzusu olub ki, Xanım Zəhra (s.ə) ilə bağlı xüsusi ensiklopediya dərc etdirsin.

Əhli-beyt (ə) alimlərinin, İslam üləmasının bütün bu mövzuda araşdırma və qeydlərini nəzərə almadıq. Biz tam kənar bir araşdırmaçıların Xanım Fatimeyi-Zəhra (s.ə) ilə bağlı qeydlərinə diqqət etdik. Fransanın ciddi araşdırmaçılarından olan Lui Masinyon, Xanım Zəhraya (s.ə) aid müxtəlif dillərdən neçə milyon qeyd toplayıb. Bunlar diqqət olunmalı məsələdir. Lui Masionyon haqqında qısaca onu qeyd etmək olar ki, o, Anri Korben kimi böyük şəxsiyyətin müəllimi olub. Anri Korben isə bir insandır ki, İslam fəlsəfəsi, İslam mütəkəllimliyi mövzusuna öz imkanları daxilində işıq salıb.

Bir şəxsiyyətin bəşəriyyətin, insanlığın həyatına qoyduğu təsirlər budur. Bizlərin hər birimizin həyatına təsiri olan bir şəxsiyyətdir Xanım Fatimeyi-Zəhra (s.ə). Dünyanın hər bir yerində Əhli-beytə (ə) məhəbbəti olan insanlar o şəxsiyyətin şəhadət günlərində onun işığına toplaşır. Alimlər, mərcəiyyət Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə bağlı iki tarix ehtimal edir. Həm ilk ehtimal olunan şəhadət tarixinin üç günündə, həm də son ehtimal olunan şəhadət tarixinin üç günündə əzadarlıq mərasimləri keçirilir, Xanımın (s.ə) hüznlü şəhadəti anılır. Allah Təala bizlərə bunu yaşadanlardan olmağı nəsib etsin.

Onun hər buyuruşunu İlahi əmr kimi qiymətləndirənlər

Xanım Fatimeyi-Zəhranın (s.ə) şəxsiyyətini anmaq, onun şəhadət günlərini yaşatmaq – İslamı yaşatmaq, İslamı diri saxlamaqdır. Əgər ümmət Peyğəmbər (s) vəfatında, vəfatdan öncəki həftələrdə və vəfatdan sonrakı dönəmdə, Xanımın (s.ə) şəhadətinə qədər olan dönəmdə baş verənləri mütaliə etməsə, bunlardan xəbərdar olmasa – təkrar-təkrar büdrəmə halları ilə qarşı-qarşıya gələ bilər. Bütün bu dövrləri təhlil edib, ümumiləşdirsək - bir məsələ aydın olar. O da bundan ibarətdir ki, müsəlmanlar əməli halda iki qrupa bölünmüşdürlər: Allaha, Onun Rəsuluna (s) və əmr sahiblərinə (ə) itaət edənlər və deyilənlərə itaət etməyənlər. Kimlər ki, bunu sözgəlişi deyil, əməli halda yaşadırdılar, onlar Peyğəmbərin (s) rehlətinə qədər də, sonra da və bütün bu dövrlərdə də öz imtahanlarını layiqincə verirdilər. Deməli, insan davranış və rəftarları bu məsələyə də qayıdır. Hətta deyə bilərik ki, insanın davranış və rəftarları - dünyagörüşünə, etiqada, imana qayıdır. Kimlər üçünsə əziz Peyğəmbər (s) - bir Allah elçisi idi ki, öz sözü yox idi, işi - Allah sözünü çatdırmaq idi. Onlar üçün Peyğəmbərin (s) hər buyuruşu bu dəyərdə idi. Onlar Peyğəmbər (s) ətrafına nə dünya ilə bağlı məsələlərə görə toplaşmışdılar, nə də dünya ilə bağlı narahatlıqları var idi. Onlar buna görə gəlmişdilər ki, Həzrət Peyğəmbər (s) Allahın buyuruşunu çatdırır. Əgər belə dərin etiqad olmasaydı, böhranlar yaranardı. Əhli-beytin (ə) başına gələnlər də əslində bu istiqamətdə olan sınaqlardan ümmətin yetərincə və layiqincə çıxa bilməməsi idi. Ona görə də, Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərini yaşatmaq - birbaşa olaraq İslamı diri saxlamaqdır.

Xanımın (s.ə) məxsusi zikri ilə Allahı xatırlamaq

Allah Təala Qurani Kərimdə “Bəqərə” surəsinin 152-ci ayəsində buyurur: “Məni yada salın ki, sizi yad edim...”. Xanım Fatimeyi-Zəhranın (s.ə) məclisləri həm də Rəbbimizi xatırlamaqdır. Allahın xalis bəndələrini xatırlayarkən, insan Allaha tərəf yaxınlaşır. Peyğəmbərimizə (s) “əbduhu” (Allah bəndəsi) dedikdə, əslində biz o Həzrətin (s) Rəbbinə bağlanmış oluruq. Bu anlamda namazlardan sonra tövsiyə edilən Xanım Fatimeyi-Zəhranın (s.ə) məşhur təsbihi, zikri - əslində Allahı xatırlamaqla bağlı  ən böyük vasitədir. Bu zikrdə – 34 “Allahu Əkbər”, 33 “Əlhəmdulilləh”, 33 “Subhənallah” deyilir.

Həzrət İmam Baqir (ə) buyurur: “Həzrət Fatimənin (s.ə) təsbihi – o zikrlərdəndir ki, Allah ona əmr etmiş və buyurmuşdur ki, “Məni yada salın ki, sizi yada salım””. Əslində “Bəqərə” surəsinin 152-ci ayəsində olan buyuruşun ən ciddi nümunələrindən biri – Xanımın (s.ə) bəlli zikridir. İnsan əslində hər o zikri deyəndə, Allahı xatırlamağa doğru gedir. Xoş olsun o kəslərin halına ki, hər zaman o zikri deyəndə mənalarına diqqət edir.

Həzrət İmam Sadiq (ə) buyurur: “Hər kim Xanım Fatimeyi Zəhranın (s.ə) zikri ilə yuxuya gedərsə, Allahı çox yada salan qadın və kişilərdən olar”. İnsanın gün ərzində, müxtəlif zamanlarda bu zikri deməsi - Allahı xatırlamasıdır. İnsan Rəbbini xatırlasa, O da bəndəsini xatırlamış olar.

Həzrət İmam Baqir (ə) buyurur: “Hər kim Həzrət Fatimeyi-Zəhranın (s.ə) təsbihini deyərsə, bundan sonra istiğfar edərsə - bağışlanar. Bu, dildə yüz zikrdir. Ancaq əməl tərəzisində min hesablanır. Şeytanı uzaqlaşdırır və Allahı razı salır”. Əslində Allahı xatırlamanın ən gözəl vasitələrindən biridir bu zikr. Bu zikrin görün nə qədər bərəkəti var. Tövbəyə, bağışlanmağa müqəddimə rolunu oynaya bilər. İnsanın bağışlanması üçün bir giriş rolunu oynaya bilər. Şeytanı (lən) insanın həyatından uzaqlaşdırar.

Allahım, aqibətimizi Əhli-beytə (ə) məhəbbətlə qərar ver! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Məqalədə : Xanım Fatimeyi-Zəhra 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2547

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2376

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1794

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1501

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
461

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
267

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1195
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 06:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru