Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2019
10:31
1311
`Başqa cür düşünməyimiz üçün indiyə qədər heç bir əsas verməyiblər`

Hacı İlham Əliyev: "ABŞ və ümumiyyətlə Qərb Azərbaycana "demokratik Ermənistan hakimiyyətinə" güzəştə getməyi təklif edəcək"

Qarabağın işğalından 30 ilə yaxın vaxt ötsə də indiyə qədər münaqişənin həllində heç bir dəyişikliyin baş vermədiyi ortadadır. BMT-nin məlum 4 qətnaməsi də, artıq 27 ildir fəaliyyət göstərən (?) ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrlərinin regiona səfərləri də heç nəyi dəyişmədi. Bunun səbəblərindən biri də münaqişənin həlli üçün vasitəçilik etdiyi deyilən həmsədr ölkələrin problemə öz maraqları çərçivəsində yanaşmaları, xaçlı münasibətin, xristian təəssübkeşliyinin mövcudluğudur.

Qeyd edək ki, bu yaxınlarda Nikol Paşinyanın yenidən Ermənistanın baş naziri seçilməsindən sonra ABŞ prezidentinin ona ünvanladığı təbrik məktubunun mahiyyətində guya Qarabağın qaytarılmasına eyham vurduğu, bundan əvvəl isə Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun səfəri haqda deyilənlər maraq doğurur. Xatırladaq ki, məktubun mətnində "Qarabağ konflikti çözülməyincə Ermənistanla ABŞ, Qərb arasında əlaqələrin inkişafı mümkün olmayacaq" kimi xəbərdarlıq mesajının yer aldığı vurğulanır. Azərbaycan və Türkiyə ilə barışığın həm də blokadadan qurtulmaq üçün lazım olduğu bildirilir.

Bəs doğrudanmı Birləşmiş Ştatların əsas məqsədi Qarabağ probleminin ədalətli həllidir? Rəsmi Vaşinqtonun "yol xəritəsi" kimi xarakterizə olunan bu ideyası sadəcə Ermənistanı Türkiyə vasitəsilə Rusiyadan qoparmaq cəhdi deyilmi?

FaktXəbər-in bu və digər suallarına aydınlıq gətirən Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyevin fikrincə, Trampın belə bir mövqedən çıxış etməsini, əslində, son vaxtlar bölgədəki geosiyasi məğlubiyyətinin, prezidentin özünün və başçılıq etdiyi dövlətin nüfuzunun əhəmiyyətli dərəcədə azalmasının, bölgədə istədiyinə nail ola bilmədiyinin nəticəsi kimi də dəyərləndirmək olar. ABŞ eyni zamanda strateji və geostrateji baxımdan da uduzur.

İlham Əliyev hesab edir ki, Birləşmiş Ştatlar digər tərəfdən bu yolla Ermənistanı Türkiyəyə tərəf çəkməklə iki hədəfə nail olmaq niyyətindədir: “Birinci hədəf, məlum olduğu kimi, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır. Digər hədəf isə son zamanlar Türkiyə ilə Rusiya arasındakı isti münasibətlərin və bu münasibətlər fonunda müəyyən razılaşmaların mövcudluğu ilə bağlıdır. Yəni ABŞ, bütövlükdə Qərb dövlətləri bu ittifaqdan zaman-zaman əndişələniblər. Vaşinqton bunu nəzərə alaraq onları yenidən qarşı-qarşıya qoymaqla bölgədə özünün məkrli planlarını həyata keçirməyə çalışır. Və Paşinyan hakimiyyətə gələndən sonra İrəvan-Moskva münasibətlərinin soyumasından (hərçənd mən belə düşünmürəm – İ.Ə) istifadə edərək Ermənistanı ələ keçirmək istəyir. Həmin məqsədlə diplomatik hədə-qorxudan da yararlanmağa çalışır. Bu istiqamətdə yürüdülən siyasət təbii ki, öz mənfəətinın tələbinə uyğun atdığı addımdır və bunun heç də Qarabağın azadlığı ilə, ümumiyyətlə Azərbaycan dövləti və xalqına qarşı xeyirxahlıqla heç bir əlaqəsi yoxdur”.

AİP-in sədr əvəzi ABŞ-ın İrəvana öz silahlarını satmaq, Avropa Birliyi vasitəsilə və ya birbaşa Ermənistana iqtisadi dəstəyini gücləndirmək istəyinə də toxundu: “Bunu Ermənistana səfəri zamanı Con Boltonun özü bildirib. Məsələ bundadır ki, son vaxtlar Rusiyadan olan politoloqların tez-tez “erməni tərəfi təzyiq altında bir neçə rayonu güzəştə getməyə məcbur olacaq, artıq mart ayında anlaşma imzalanacaq, iyun ayında torpaqlar qaytarılacaq” kimi fikirləri, üstəlik Rusiya ilə Azərbaycanın mövqelərində müəyyən əlaqələrin olduğu, onların daha da yaxınlaşması barədə deyilənlər də Ağ Evi qıcıqlandırır, düşünməyə vadar edir. Çox güman ki, bu səbəbdən Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginlik yaratmaq, diqqəti guya Qarabağ problemini həll edəcəyinə yönəltmək istəyir. Amma əminliklə demək olar ki, əslində münaqişənin həllini uzatmağa çalışır”.   

Hacı İlhamın qənaətinə görə, ABŞ və ümumiyyətlə Qərb Ermənistanda qələbə çalacağı təqdirdə yenə də “demokratiya”dan istifadə olunacaq, Azərbaycana “demokratik Ermənistan hakimiyyətinə” güzəştə getməyi təklif edəcək: “Onlar bizim başqa cür düşünməyimiz üçün indiyə qədər heç bir əsas verməyiblər. Həmsədr dövlət kimi ABŞ həmişə birmənalı şəkildə ermənipərəst mövqe sərgiləyib. BMT işğalçı Ermənistana qarşı dəfələrlə işğal etdiyi torpaqları azad etməsi barədə qətnamə çıxarsa da, BMT-nin əsas üzvü olan ABŞ və digər Avropa dövlətləri Ermənistana həm maddi, həm də diplomatik yardımlarını göstərib və göstərməkdədir. Artıq Qarabağ problemi ilə bağlı da dünya bölünüb və xristian dünyası öz mövqeyini açıq-aşkar nümayiş etdirir. Bizlər də belə bir şəraitdə Qarabağla bağlı xristian dünyasından heç bir dəstək gözləyə bilmərik. Azərbaycan ən yaxın müttəfiqlərini müsəlman dünyasında axtarmalıdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
181

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
102
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 01:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru