Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2019
16:19
2228
Gücün şəhvətinə düçar olanlar - Venesuela

"Burada, Venesuelada və eyni zamanda bütün Latın Amerikasında neo-liberalizmin vəhşi siyasəti görünür. Bütün bazarı idarə edən görünməz bir əl var və xalqın haqqını bu bazarlar vasitəsi ilə qəsb edirlər. Onların demokratiya iddiaları bir yalandır. İstefa verməyim üçün ağla gələ biləcək ən böyük beynəlxalq təzyiqi görürük. Amma bu mənim vecimə də deyil. Əgər bir gün buna görə cəhənnəmə getmək lazım gələrsə, Bolivar xalqının, Venesuelanın maraqlarını müdafiə etmək üçün bütün şərəfimlə cəhənnəmə belə gözümü qırpmadan getməyə hazıram!"

Bu sözləri Venesuela prezidenti söyləyib. Amma Nikolas Maduro yox, mərhum prezident Uqo Çaves. 2002-ci ildə hakimiyyətdən hərbi yolla salınan və 2 gündən sonra yenidən onu dəstəkləyən hərbçilərin köməyi ilə hakimiyyətə qayıdan zaman edib bu çıxışı.

Bundan 9 il sonra, 2011-ci ildə kubalı mütəxəssislər Uqo Çavesdə xərçəng şişi aşkarladılar. Kubanın paytaxtı Havanada o şüa və kimyəvi terapiyalardan keçsə də, bir neçə dəfə əməliyyat olsa da, xəstəliyə qalib gələ bilmədi. 2013-cü ilin mart ayında paytaxt Karakasda dünyasını dəyişdi.

Onun ölümündən sonra Bolivar Respublikasının vitse prezidenti Aristobulo İstirus bəyan edirdi ki, Uqo Çavesin ölümü ilə nəticələnən xəstəlik ona dollar diktaturasına son qoymaq imkanı verməmək üçün süni surətdə yoluxdurulub, bütün bunları bilirik, ancaq sübut edə bilmirik.

İsturis vurğulayırdı ki, region ölkələrinə rəhbərlik edən bir sıra siyasətçilərdə də həmin dövrdə az vaxt fərqi ilə onkoloji xəstəliklər müəyyən edilmişdi. O, Paraqvay prezidenti  Fernando Luqo (2008-2012-ci illərdə), onun argentinalı həmkarı Kristina  Fernandes de Kirşner (2007-2015-ci illər), Braziliya lideri Luis İnasiu Lulu da Silva (2003-2010) və cari prezident Dilma Russeffin həmsin dövrlərdə xəstələndiklərini xatırladıb.

Onun sözlərinə görə, Çaves Cənubi Amerika xalqları üzərində dominatlıq üçün ən güclü ilgəklərdən birindən – beynəlxalq valyuta sistemindən və dollar diktaturasından xilas olmaq yolları barədə çıxışlar edirdi.

Ən yeni tarixin bu məqamını niyə xatırlatdıq? Qədimi bilməsək də, ən yenini unutmayaq deyə. Unutmayaq yox, unutdurulmağa qoymayaq.

Son günlərin əsas mövzusu yenə Venesueladır.

Heç kəsə sirr deyil ki, Venesuela iqtisadiyyatı neft üzərində qurulub. Bu sərvətin qiymətinin hər 1 dollar azalması ölkəyə milyonlarla dollara başa gəlir. Uzun müddətdir neft qiymətlərinin aşağı səviyyədə olması Venesuelada gərginliyi artırıb, əhalinin gəlirləri azalıb. Təbii ki, gəliri azalan və hakimiyyətdən narazı olan kütləni hər zaman kənar qüvvələr idarə edib. İllərdir Venesuelada hakimiyyətə öz adamını gətirmək üçün çalışan ABŞ üçün isə bundan gözəl fürsət ola bilməz. Belə demək mümkünsə, o fürsəti də özü yaradıb. 

Son 2 ildə Maduro hökumətinə olan davamlı basqılar və neftin qiymətinin azalması prezident Nikolas Maduronu da hərəkətə keçməyə məcbur edib. O, bəzi islahatlar həyata keçirsə də, ötən ilin mayında minimum əməkhaqqının məbləğinin 60 faiz artırılması haqqında fərman imzalasa da durum dəyişməz olaraq qaldı. Çünki bu yeni məbləğ 65 min bolivar edirdi və əhalinin xərclərini qarşılamırdı. Qeyd edək ki, minimum aylıq əməkhaqqının artırılması Venesuelada kütləvi etirazlar fonunda qəbul edilmişdi.

Həmin dövrdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri olan Mayk Pompeo Venesuela hökumətinə qarşı sağçı müxalifətə kömək etdiklərini üstüörtülü şəkildə etiraf etmişdi. O, bu barədə Koloradoda "Aspen" təhlükəsizlik forumunda çıxışı zamanı bildirmişdi: "Venesuelada keçid olacağı məsələsində çox ümidliyik və biz də MKİ olaraq oradakı dinamikanı anlamaq üçün əlimizdən gələnin ən yaxşısını edirik. Cənubi Amerika, Mərkəzi Amerika və MKİ-dən danışanda çox diqqətli oluram, burada bir çox hekayələr var. Venesuelanın sabit və demokratik olmasında ABŞ-ın dərin maraqları var."

Təbii ki, tarixə diqqət etsək, doğrudan da MKİ-nin bölgədəki ölkələrdə çoxsaylı "hekayələri" var, hamısı da qanlı.

Bundan əlavə, Venesuelaya ABŞ illərdir sanksiyalar tətbiq edir, ölkənin idxal potensialını aşağı salır, ölkədə gərginlik yaradır, rəsmi şəkildə xalqı hökumətə qarşı küçərələ çıxmağa səsləyir. Baş verən gərginliyi sakitləşdirməyə, iğtişaş yaratmağa çalışanları həbs etməyə çalışan Venesuela hökuməti isə diktator adlandırılır, ölkəyə demokratiya gətiriləcəyi açıqlanır. Maraqlıdır, hansı demokratiyadan? İllərdir qan gölünə çevrilən Əfqanıstana, Suriyaya, İraqa gətirilən demokratiyadanmı? "Diktatura rejimi" deyib İraqı qarışdır, neftini daşı apar, "terrorizmlə mübarizə" deyib Əfqanıstana hücum elə, milyardlarla dollarlıq dövriyyəyə malik olan narkotik plantasiyaları sal, "diktatura rejimi" deyib Suriyaya gir, əlaltıların olan kürd terrorçularını silahla təmin edib ölkənin neft yataqlarına əl qoy.

İndi də Venesuela. O Venesuela ki, neft ehtiyatlarına görə dünyada liderdir. Təxminən 300 milyard barel. Bu isə onu göstərir ki, ABŞ dediyi demokratiya əslində neft demokratiyasıdır. İstədiyi kuklanı prezident kürsüsünə oturdub, dünyanın o başından deyil, ağzının içində neft daşımaq istəyir, özü də ucuz qiymətə.Qısası, qan qoxusu almış köpək balığından daha təhlükəli olan, neft qoxusu alan ABŞ imperializmidir. 

Bu arada bir məsələni də qeyd etmək yerinə düşərdi. ABŞ prezidenti Donald Trampın Venesuela hökumətinə qarşı açıqlamasından sonra terrorçuların at oynatdığı Facebook və İnstagram Nikolas Maduronun rəsmi səhifələrindəki mavi işarəni götürüb. Nə qədər aciz durumdadırlar.

Trampın siyasətini sərt tənqid etdikdən sonra Çeçenistan prezidenti Ramzan Kadırovun İnstagram hesabı da bağlanmışdı. Axı bu, mübarizə üsulu deyil. Birini "diktator" adlandır, sonra da sosial şəbəkədəki hesablarını bağlatdır. 

Qısası, ABŞ-ı tənqid edənlər diktatordur, terrorçuları bəsləyən ABŞ və əlaltıları isə sülh elçisi. İmperializmə qarşı mübarizə aparan ölkələr "acından ölən" hesab edilir, küçələri evsiz adamlarla dolu Amerika isə qüsursuzdur.

Gücü əlində saxlayanların hər sahədə özlərini haqlı və dünyanın sahibi kimi görmələri, dünyanı bir az da etibarsızlaşdırır. Aylardır Fransada "sarı gödəkcəlilər"in aksiyalarına, polis qəddarlığına səssiz qalanlar, Venesuela hökumətini istefaya səsləyir, Maduronu diktator adlandırır.

Aqil Mehdi

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Venesuela 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2019 07:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com