Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Yanvar

2019
12:30
734
Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi
Bakının qərarı nə olacaq?

Qərb portalı yeni “Paris prosesi”ndən yazdı: “Nikol Paşinyanın hakimiyyətə gəlişi Bakıda optimizm yaradıb...”

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan yanvarın 16-da Parisdə Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin iştirakı ilə görüşdülər. Belə görünür ki, bu görüş yalnızca yeni il üçün ilk təmas olması və 4 saata yaxın sürməsi ilə diqqət çəkməyib. Uzaq gedən nəticə və gözləntilərdən də danışılmağa başlanıb.

Həmsədrlərin və Azərbaycan XİN-in məlumatına görə, “tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb və ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ayda davam etdirilməsi razılaşdırılıb”. Bəyanatda həmçinin bildirilir ki, “tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər”.

Elə açıqlamadakı ən intriqalı məqam da “xalqların sülhə hazırlanması” ilə bağlıdır və bir sıra təhlilçilərin müzakirə predmeti olub. Bəs doğrudanmı 2019-cu ildə başlanan sülh prosesi belə ümidlər üçün zəmin yaradır?

Bu yerdə qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ötən il sonu Bakıda Rusiyanın xarici işlər naziri Segey Lavrovla görüşü zamanı 2019-cu ilin danışıqlar prosesində ümidverici il ola biləcəyini söyləmişdi. Maraqlıdır ki, yanvarın 16-da Moskvada keçirdiyi mətbuat konfransında Rusiyanın baş diplomatı Azərbaycanın addımlarını xüsusi qeyd edib və ümid elədiyini bildirib ki, Ermənistan onlara adekvat cavab verəcək. “Mən düşünürəm ki, Bakının bu düyünü açmaqla bağlı bəyanatları hər cür təqdirə layiqdir. Ümid edirəm ki, bizim erməni dostlarımız buna adekvat cavab verəcəklər”.

Qərb mətbuatı isə artıq ehtiyatlı nikbinlik şəklində də olsa, Qarabağa dair danışıqlar prosesində Paris görüşündən sonra müsbət dinamika yarandığını yazır.

“Nazirlərin və vasitəçilərin Paris görüşündən sonra səslənən optimist bəyanatlar son aylar ərzində Azərbaycan və Ermənistan arasında diplomatik gərginliyinin hiss olunacaq dərəcədə azalmasının növbəti təzahürüdür”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Eurasianet-dəki “Azərbaycan və Ermənistan xalqları sülhə hazırlamaq barədə razılığa gəlib” sərlövhəli məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, görülə bağlı rəsmi bəyanat bir neçə qeyri-adi elementi özündə ehtiva edir - hansıları ki, iki ölkə arasında sülh tərəfdarları müsbət qarşılayıb. “Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin uzun müddət ərzində verdikləri ən pozitiv bəyanatdır”, - deyə Tiflisdəki Beynəlxalq Böhran Qrupunun analitiki Olseya Vartanyan twitter hesabında yazıb. Vartanyana görə, nazirlər əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinin vacibliyi barədə razılığa gəliblər və bu da hər iki tərəfdən güzəşt tələb edən sülh anlaşması üçün perspektivi daha ehtimallı edir.

Erməni analitik Eurasianet-ə bildirib ki, iki tərəfin həll edə biləcəyi potensial problemlərdən biri kimi erməni mallarının yeni Bakı-Tiflis-Qars dəmiryolu ilə daşınmana bilməsidir. “Ermənistan həmin dəmiryolu xəttinin üstünlüklərindən yararlanmaq üçün onun yaxınlığında iri sərhəd məntəqəsi inşa edib. Ancaq hələ də aydın deyil ki, erməni malları bu marşrut üzrə nəql ediləcəkmi?”, - deyə o sual edib.

Məqalədə daha sonra bildirilir: “Xarici işlər nazirləri həmçinin İlham Əliyev və Nikol Paşinyan arasında görüşün təşkili yönündə işləməklə bağlı razılığı gəliblər. Əliyev və Paşinyan ötən il Düşənbədə MDB sammitinin kuluarları çərçivəsində artıq bir araya gəliblər. Görüşün yekunu kimi tərəflər arasında əlaqə kanalı yaradıldı və ATƏT bunu təmas xəttində gərginliyin və qurbanların azalmasına cəhd kimi etiraf elədi. Nikol Paşinyanın hakimiyyətə gəlişi Bakıda sülh prosesini fəallaşdırmaq yönündə optimizm yaradıb. Azərbaycan hökuməti bu fürsətdən istifadə eləməyə çalışır və artıq Ermənistana münasibətdə öz ritorikasını yumşaldıb”.

Bakının yumşalan ritorikası əslində zəifliyin təzahürü deyil. Düşmən tərəfə bir daha düşünüb daşınmaq və Dağlıq Qarabağ, işğal məsələsində, işğal altındakı rayonlar məsələsində konstruktiv mövqeyə gəlmək üçün ona yaradılan unikal fürsətdir. Aydın məsələdir ki, Azərbaycan özünün ərazi bütövlüyünü şübhə altına atacaq heç bir anlaşmanın içində olmayacaq. Bunu prezident İlham Əliyev qarşı tərəfə ünvanlı son mesajlarında da birmənalı şəkildə bəyan edib. Bu məsələdə Bakıdan güzəşt gözləyənlər boşuna gözləyir.

O ki qaldı işğalçı ölkənin BTQ dəmiryoluna qoşulmasına, Azərbaycan Ermənistana ucuz təbii qaz və digər strateji əhəmiyyətli məhsullar da sata, habelə İrəvanı regional layihələrə qoşa bilər. Bütün bunların mümkünlüyünü isə İlham Əliyev 2018-ci ilin son günü xalqa Yeni il təbrikində belə ifadə edib: “Mövcud ağır, böhranlı vəziyyətdə Ermənistanın yalnız bir çıxış yolu var: Azərbaycanla münasibətləri normallaşdırmaq. Biz buna hazırıq. Ancaq bunun üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən çıxarılmalıdır”.

Əksər beynəlxalq ekspertlər də o qənaətdədirlər ki, Ermənistan Azərbaycanın işğal elədiyi ərazilərdən çıxmayınca və Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyü bərpa edilmətyincə, onun regional layihələrdə iştirakı reallığa çevrilməyəcək. Demək, iqtisadiyyatı da dirçələ bilməyəcək.//Yeni Müsavat

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Paşinyan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2019 08:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com