Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2019
16:58
1587
Hacı Şəhla məscidi bərpa olunub

Ötən il bərpası yekunlaşan tarixi abidələr sırasında Hacı Şəhla məscidi də var. Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısında yer alan Hacı Şəhla məscidi Balaxanı qəsəbəsi ərazisində, qəsəbə qəbiristanlığında hündür təpənin üzərində inşa olunub.

Təmir-bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında mütəxəssislər tərəfindən həyata keçirilib.

Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, bərpa işləri Balaxanı qəsəbəsi sakinlərindən olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə həyata keçirilib. Bərpa işləri zamanı abidənin tarixi görkəminin saxlanılmasına xüsusi diqqət yetirilib, müxtəlif təsirlər nəticəsində qopub-düşmüş daşlar yenidən öz yerinə bərpa olunub. Həyata keçirilən bərpa işlərindən sonra məscidin tarixi görkəmi geri qaytarılıb.

“Hacı Şəhla məscidi tarixin müxtəlif dövrlərində bir sıra tarixi hadisələrə də şahidlik edib. 1918-ci ildə erməni daşnaklarının məlum mart qırğınları Balaxanı kəndində də davam etdirilib. Kənd camaatı da məscidin yerləşdiyi təpədə səngər qazaraq düşməndən müdafiə olunublar. İndi də qəsəbə sakinləri tərəfindən məscidin yerləşdiyi təpənin səngər adlandırılması həmin tarixi hadisələrlə bağlıdır. Abidə bərpa olunarkən tarixi tikili ətrafında gedən döyüşlərin yadigarı olan divarlardakı həmin güllə izləri də saxlanılıb. Mart qırğınları zamanı kənddə olan cəsur insanlar düşmənlə mübarizə aparıblar, onlara kəndə daxil olmağa imkan verməyiblər. Həmin qəhrəman insanların bir qismi döyüşlərdə həlak olub. Sağ qalan döyüşçülər isə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra təhlükəsiz orqanlarında yüksək vəzifə tutan ermənilər tərəfindən təqib olunub, qətlə yetiriliblər”, - deyə F.Hüseynov söyləyib.

Qeyd edək ki, XIV əsrdə inşa olunan Hacı Şəhla məscidi iki hissədən - giriş portalı və daxili otaqdan ibarətdir. Giriş qapısının üstündə iki sətirlik kitabədə “Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci il (787-1385/86)” yazılıb. Bu kitabədən bir az solda, qapı çərçivəsindən bir az aralı kitabədə məscidi tikən ustanın adı yazılıb. İki sətirlik bu kitabədə “Ustad Arif bin ustad Musa Cibalın işidir” yazılıb. Qeyd edək ki, üzərində olan kitabələrdə məscid imarət adlandırılıb./Azərtac

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : məscid 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 14:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com