Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2019
11:40
3359
Hər bir sualın cavabını Quranda axtarmaq yanlışdır - ilahiyyatçı

Dini cameədə belə bir fikir mövcuddur ki, Qurani-Kərim hər kəsin anlayacağı tərzdə nazil edilib. Quran bəşəriyyət üçün endirilib və onu dərk etmək üçün vasitəyə ehtiyac yoxdur. Hər kəs Quranı oxuyub, özü mənalandıra bilər. Bu fikir həqiqətə uyğundurmu? Müsahibimiz Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru, ilahiyyatçı Natiq Rəhimovdur.

- Əlbəttə, Qurani-Kərim insanlar üçün nazil edilib. Quran bəşəriyyətin həyat kitabıdır, həyat dərsliyidir. Bütün mühüm sualların cavabının açarı bu və ya digər dərəcədə Qurani-Kərimdə mövcuddur. Quran düşüncəyə istiqamət verir, dünyagörüşünü formalaşdırır, zehin açıqlığı yaradır. Amma hər bir sualın cavabını Quranda axtarmaq da yanlışdır. Qurani-Kərim mövzuların ana yollarını bəyan edir. Həyatı bir şəhərə bənzətsək, Quran sanki prospektləri, iri xiyabanları göstərir. Bu ana yolları tanımaqla həyat şəhərində düzgün oriyentasiya etmək mümkündür. Lakin həyat şəhəri yalnız ana yollardan ibarət deyil və bu yolları tanımaqla hər şey həll olmaz. Xırda küçələri, cığırları, məhəllələri də tanımaq lazımdır. Bunun üçün isə bələdçiyə ehtiyac vardır. Yoxsa bu şəhərdə azmaq da olar. Ana yoldan uzaqlaşmaq, hətta ana yola çıxıb, amma əksinə getmək ehtimalı da mümkündür. Buna görə də özümüzə düzgün bələdçi seçməliyik. Allahın Rəsulundan, Əhli-beytindən, sadiq səhabələrindən, onların irsini yaşadan böyük alimlərdən daha yaxşı bələdçi varmı?

“Quran bizə kfayət edər” düşüncəsi gəlişigözəl şüardan başqa bir şey deyil. Bu, insanları aldatmaq üçün düşünülmüş gözəl bir tələdir. Bu düşüncə zahirən insan zəkasına dəyər verir, hər kəsdə özünə inam yaradır. Əslində isə şəxsi eqonu təmin etməyə, zehinlərdə özbaşınalıq yaratmağa, qırmızı xətləri keçməyə ünvanlanmış bir addımdır. Bu gəlişigözəl sözlərin arxasında müsəlmanları Quran maarifindən uzaqlaşdırmaq, risalət məktəbindən ayrı salmaq, düşüncələri Qurana deyil, Quranı düşüncələrə tabe etmək məqsədi durur.

- Bu düçüncənin yanlış olduğunu hansı yolla sübut etmək olar?

- Bu düşüncə tərzinin kökündən yanlış və absurd olduğunu anlamaq üçün bir neçə sadə sübut gətirmək kifayətdir. Bunun üçün dərin düşünmək də lazım deyil.

1. Hər bir fikir izaha ehtiyaclıdır. Sözü deyən şəxs onu nə məqsədlə dediyini hamıdan yaxşı bilir. Onun sözünü eşidənlər isə öz tutumları, istəkləri və şəraitləri baxımından onu dəyərləndirirlər. Adi insanın sözünə müxtəlif mənalar verilə bildiyi halda, Allahın kəlamının fərqli mənalarda yozulması təbiidir. Kim zəmanət verə bilər ki, onun Qurana verdiyi məna daha düzgündür? Bu meyarı kim təyin edir? Axı hər kəsin fəhmi, savadı, tutumu fərqlidir. Hətta insanların iman dərəcəsi də fərqlidir. Elə şəxslər var ki, öz nəfslərinin istəyinə uyub, Quran ayələrini təfsir edirlər. İslam tarixində buna istənilən qədər sübut vermək mümkündür. Qurana məna verənlərin arasında Peyğəmbərin özü, məsum Əhli-beyti, sadiq səhabələri, dərin zəka və iman sahibi olan alimlər var ikən, sıravi bir insan onlardan daha yaxşı məna verdiyini hansı əsasla sübut edə bilər?

2. Əgər vəhyi köməkçi vasitələr olmadan anlamaq bu qədər sadədirsə, o halda Allah niyə peyğəmbərlər göndərdi? Allah bütün bəşəriyyətə Öz kəlamını niyə vəhy etmədi? Niyə bunun üçün bəzi şəxsləri seçdi? Bu seçimin səbəblərini və mahiyyətini gözardına almaq düzgün deyil. Peyğəmbərin missiyası yalnız vəhyi ötürməkdən ibarətdirmi? Risalətin missiyasını bu qədər darlaşdırmaq, kiçiltmək heç bir məntiqə sığmır. Bu düşüncə 23 illik peyğəmbərlik dövrünü, o həzrətin bütün fəaliyyətini şübhə altına alır. Quranı, dini, əqidəni, şəriəti hər kəs özü anladığı kimi Qurandan əxz edə bilərsə, peyğəmbərliyə nə ehtiyac qalır?

3. Qurani-Kərimin onlarla ayəsi elmi nailiyyətlərdən xəbər verir. Zaman keçdikcə bəşəriyyət bu ayələrin məna qatlarını daha dərindən anlayır. Yüz il bundan əvvəl həmin ayələrə verilmiş mənalar bu gün yeni mənalarla əvəz edilir. Demək, bəşər düşüncəsi məhduddur, dəyişkəndir, daim inkişafdadır. Elm durmadan tərəqqi edir, bu gün Quranın elmi ayələrinə fərqli mənalar verilir. Elə isə, ən uca hikmətin sahibi olan Allahın məramını düzgün anladığını Peyğəmbərdən (s) və Onun şagirdlərindən başqa kim iddia edə bilər?

- Qeyd etdiniz ki, Quranı hər kəsin düzgün anlayıb şərh edə biləcəyi iddiası peyğəmbərlik missiyasını aşağılamağa gətirib-çıxarır. Bu fikrinizi açıqlayardınız.

- Allah-Taala Qurani-Kərimdə möminlərə əmr edir ki, Ona və Peyğəmbərinə itaət etsinlər: “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur” (Nisa, 80). “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin” (Ənfal, 24). Daha bir ayədə buyurulur: “Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz” (Ənfal, 46). Yenə buyurulur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (Həşr, 7).

Bu ayələrdə niyə Allaha itaətlə yanaşı, Peyğəmbərə (s) itaət də təkid edilir? Əgər peyğəmbərin missiyası yalnız vəhyi ötürməkdirsə, o halda, Allaha itaət etmək göstərişi kifayət edərdi. Deməli, Peyğəmbərin (s) buyurduqlarının bir qismi vəhydən başqadır. Deməli, Peyğəmbərə (s) itaət etmək Allaha itaət etməklə məhdudlaşmır. Çünki Allahın məramını, istəyini təkbaşına anlamaq çətindir, bəzən isə qeyri-mümkündür. Allahın istəyini bizə Peyğəmbər (s) izah edir, çətin məqamlara aydınlıq gətirir. Əgər belə deyildisə, niyə səhabələr o həzrəti addım-addım izləyir, daim Ondan öyrənirdilər? Niyə Peyğəmbər (s) vəhy olmuş ayəni oxuduqdan sonra səhabələr bunun izahını tələb edir, suallar verirdilər? Olmaya, biz özümüzü Əhli-beytdən, səhabələrdən daha zəkalı və ilkin mənbəyə daha yaxın hesab edirik?

Bütün sualların cavabına Quranın heç də bəs etmədiyini məşhur “səqəleyn hədisi” ilə də isbat etmək mümkündür. Doğrudur, qurani düşüncəsində olanlar hədisləri inkar edirlər. Amma səqəleyn hədisi kimi məşhur, möhkəm və mütəvatir bir hədisi danmağa heç bir şüurlu, vicdanlı və İslamdan azacıq xəbərdar insan cürət etməz.

- Səqəleyn hədisi barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.

- Peyğəmbərimiz (s) ömrü boyunca dəfələrlə, xüsusilə də, həyatının son günlərində bu hədisi təkrar etmişdir. Səqəleyn hədisinin bir özəlliyi də bundadır ki, Peyğəmbərimiz (s) vida həccində, yüz min nəfərdən artıq müsəlmanın qarşısında həm həcc mərasimi boyunca, həm də Qədir-Xum çölündə bu hədisi söyləmişdir. Bu da onu göstərir ki, hədisin məzmunu o həzrət üçün çox mühüm idi, buna görə həzrət son vəsiyyətlərini edərkən bu mühüm tövsiyəni də təkrar-təkrar vurğulamışdı.

Ərəb dilində “səqəleyn” iki ağır yük, iki mühüm əmanət mənasını verir. Hədisin şiə və sünni mənbələrində fərqli variantları vardır. Ümumiləşdirilmiş şəkildə deyə bilərik ki, həzrət buyurmuşdur: “Sizin aranızda iki ağır əmanət qoyuram: Allahın kitabı və nəslimdən olan Əhli-beytim. Bu ikisi Kövsər bulağının başında mənim hüzuruma yetişənə kimi bir-birindən ayrılmaz. Onlara sarılın ki, azğınlığa düçar olmayasınız”. Hədisin əksər variantlarında Quranla (Allahın kitabı ilə) yanaşı “itrətim (yəni nəslim) Əhli-beytim”, bəzi variantlarında isə “sünnəm” kəlməsi vardır. Hər iki halda Quranla yanaşı və onun qədər mühüm olan ikinci müraciət mənbəyinin xatırlandığını görürük. Peyğəmbər (s) özü müsəlmanlara əmr edirdi ki, azğınlığa düşməmək üçün Quranla yanaşı Əhli-beytə (və ya sünnəyə) sarılsınlar. Deməli, təklikdə Qurana sarılmaq kifayət etməz, bu halda azğınlığa düşmək ehtimalı yaranar.

Əhli-beyt Quranla eyni əhəmiyyəti daşıyan, Quranı izah edən mənbədir. Peyğəmbərin (s) Qurana vermiş olduğu izahları Əhli-beyt imamları öz sinələrində daşımış və sonrakı nəsillərə ötürmüşlər.

Quranın hər şeyi tam bəyan etdiyini və başqa mənbəyə ehtiyac qalmadığını iddia edənlər hansı əqidə məsələsinin, şəriət hökmünün, əxlaq normasının, tarixi hadisənin incəliklərini Müqəddəs Kitabdan əldə edə bilərlər? Allahın sifətlərindən tutmuş cəbr və ixtiyar probleminə, paklıq hökmlərindən tutmuş irs məsələlərinə kimi hansı mövzu Quranda tam şəkildə əhatə edilib? İbadət edən şəxs namazın, orucun, həccin, xüms və zəkatın, yeyəcək və içəcəklərin, izdivac və talağın bütün hökmlərini yalnız Quranla əsaslandıra bilərmi? Əlbəttə, yox.

“Quran bizə bəsdir” iddiasını irəli sürənlərin böyük bir hissəsi ibadət əhli, haram-halala diqqət yetirən şəxs olmadıqları üçün onlardan ötrü bu kimi məsələlər əhəmiyyət daşımır. Onların bir hissəsi isə bütün şəriət hökmlərini, hədisləri, fiqh alimlərinin rəylərini kənara qoyaraq, öz düşüncələri səviyyəsində Qurandan şəriət hökmləri çıxarır və buna uyğun ibadət edirlər. Hər iki yol yanlışdır. Allahdan bu insanları doğru yola hidayət etməsini diləyirəm./Islam.az

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 00:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com