Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2018
13:12
2557
ABŞ-ın `terrorla mübarizə` adı ilə növbəti hədəfi: AFRİKA

İllər əvvəl ABŞ Çad, Niger, Burkina Faso, Mali və Mavritaniya kimi Afrika ölkələrində səhiyyə ocaqları, artezian quyuları və bir sıra digər tikililərin inşası üçün vəsait ayırıb və sözügedən layihələri müxtəlif xarici şirkətlər vasitəsi ilə həyata keçirib.

Həmin vaxtlar tikinti lisenziyalarını alanlar da daxil olmaqla heç kəs ABŞ-ın nə etmək istədiyi barədə aydın təsəvvürə malik deyildi. XX əsrin son rübündə belə, orta böyüklükdə olan ABŞ səfirlikləri XXI əsrə gəldikdə qitədə on illərdir fəaliyyət göstərən İngiltərə, Fransa, Çin, Rusiya, Almaniya və s. ölkələrin səfirlikləri ilə müqayisə olunmayacaq hala gətirilib və sanki bu ölkənin qitədəki qalaları halına çevrilib. Günümüzdə də Vaşinqton rəhbərliyinin bölgədəki səfirlikləri olduqca aktiv şəkildə fəaliyyətini davam etdirir. Səfirliklərin hər birində istər ABŞ-ın, istər Afrika ölkələrinin, istərsə də üçüncü dövlətin vətəndaşı olan ən azı 300-ə yaxın əməkdaş var. Bu səyləri nəticəsində ABŞ, qitədə əlli il sonra da mövcudiyyətini qorumaq üçün sıx səy göstərir və Çindən olan bir diplomatın ölkəsi ilə bağlı ifadə etdiyi kimi, hamballıq işləri ilə deyil, qitədə birbaşa öz mənfəətlərini pərdələyəcək işlərlə məşğuldur.

Artan rəqabət və Cibuti nümunəsi

XXI əsrə qədər ABŞ Afrikaya o qədər də maraq göstərməyib. Amma 2000-ci illərin əvvəlindən başlayaraq qitənin əhəmiyyətinin gündən-günə artırması və Çin başda olmaqla müxtəlif ölkələrin ABŞ-ın Afrikadakı nüfuzunu açıq şəkildə təhdid etməsi, ABŞ-ın dünyanın hər cəhətdən hələ də ən təmiz bölgəsi olan bu qitəyə qarşı diqqətini artırması ilə nəticələndi.

ABŞ-ın Afrikaya qarşı hərbi fəaliyyətlərində isə bir vaxtlar Afrika buynuzunun ən zəif halqası kimi nəzərə çarpan Cibuti ön plana çıxdı. Ərazisində baza yaradılması üçün aparılan mübarizədə Cibuti qlobal sistemin dominant ünsürləri arasında əhəmiyyətli mövqeyə qalxdı. ABŞ-ın bir hərbi bazası və təxminən 5 min əsgərinin olduğu Cibutidə Çin, İtaliya, Fransa, Almaniya, İspaniya və Səudiyyə Ərəbistanı kimi ölkələrin də hərbi baza fəaliyyətləri var. Xüsusilə Çin və ABŞ arasında Cibuti üzərində gərgin rəqabət gedir. Bu rəqabət isə uzun perspektivdə Cibuti başda olmaqla Afrika ölkələrinin stabilliyini pozmaqdan və ölkələrin suverenliyinin bilavasitə altını qazmaqdan başqa heç bir işə yaramayacaq.

Amerikalı diplomatların gözü ilə: Sabahın müharibə meydanı olan Afrika

XXI əsrin ilk rübündən sonra qitə üçün çəkilən strateji xəritələrin üzərində Amerika əsgərlərinin yerləşdiyi regionlar göstərildikdə isə Böyük Səhranın şimalında qalan Məğrib ölkələri (Məğrib, ərəbcə qərbdə olan deməkdir. Tarixən Ərəbistana nisbətən qərb Şimali Afrikada yerləşdiyindən ərəb, sonradan isə ümumiyyətlə Orta Əsr müsəlman ənənəsinə görə buralara "Məğrib" deyirdilər. Əsasən Əlcəzair, Mərakeş, Tunis qismən Mavritaniya Məğrib adlandırılırdı) ABŞ bazalarının yerləşdiyi sahil zolağı ölkələri və Cənubi Afrikaya qədər uzanan digər ölkələr gözə çarpmaqdadır.

Hazırda ABŞ-ın hərbi bazalarının yerləşdiyi ölkələr arasında Merac adası, Burkina Faso, Burundi, Botsvana, Kamerun, Çad, Mərkəzi Afrika Respublikası, Demokratik Konqo Respublikası, Efiopiya, Qabon, Qana, Keniya, Liberiya, Mali, Mavritaniya, Niger, Nigeriya, Somali, Cənubi Sudan, Seyşel adaları, Seneqal, Uqanda, Tunis mühüm ərazilər kimi qarşımıza çıxır. ABŞ-ın Afrikadakı yerləşiminin uzun və yaxşı planlaşdırılmış prosesin məhsulu olduğunu asanlıqla söyləmək mümkündür. Çünki 1980-1990-cı illərin ABŞ-nın Afrikadakı varlığı ilə bu gün bir çox fərqli ölkədə hərbi baza yaradan və ya əsgərlərini yerləşdirən ABŞ-ın mövqeyini müqayisə etmək olmaz.

Bəzi ekspertlər ABŞ-ın Afrikadakı varlığını "yenidənqurma" kimi şərh edirlər. Amma aydındır ki, bu formada ifadə çox böyük problemlərin yaranacağının xəbərçisidir. O cümlədən, bir şeyin "yenidən" olması üçün köhnəsinin də olması lazımdır. ABŞ-ın qitədəki hərbi varlığı isə keçmişdə bənzəri yoxlanmamış bir təşəbbüsdür. Bu çərçivədə "Tom Dispatch" tərəfindən əldə edilən məlumatlara diqqət etsək görərik ki, Vaşinqton rəhbərliyi qitədə “xüsusi müharibə"yə hazırlaşır. XXI əsrin əvvəllərində amerikalı diplomatlar Afrikanı "sabahın müharibə meydanı" kimi təsvir edirdi. Müasir qlobal rəqabət işığında ABŞ və Çin başda olmaqla qlobal aktorların Afrikada hərbi və digər sahələrdə nüfuz mübarizələrinin qitəni 1884-1885-ci il Berlin Konqresindən sonra ortaya çıxan parçalanma sindromu ilə üz-üzə qoyması olduqca mümkündür. Bunu nəzərə alaraq söyləmək olar ki, bir çox dövlətin olduğu kimi ABŞ-ın Afrikadakı hərbi bazaları da qitədə daxili qeyri-sabitliyə və kənardan müdaxilə ehtimalının yüksəlməsinə zəmin hazırlayır.

ABŞ-ın Afrikaya hərbi yönəlməsi: AFRICOM

Amerika rəhbərliyinin üzləşdiyi hər bir iqtisadi çətinlikdən sonra ölkənin müxtəlif qitələrdəki hərbi bazalarının mütləq mənada məhdudlaşdıracağı yönündə rəsmi açıqlamalar verilsə də, sözügedən bəyanatlar "qorxmağınıza ehtiyac yoxdur, ölkənizdə çox qalmağa niyyətimiz yoxdur" fikri formalaşdırmaqdan başqa bir şey deyil.

ABŞ-ın hərbi formada Afrikaya daha aydın şəkildə üz tutması isə 2007-ci ilin oktyabrında Birləşmiş Ştatlar Təşkilatının Afrika Komandanlığının (AFRICOM) yaradılması nəticəsində oldu. ABŞ-ın hərbi komandanlıq yaratması, "Afrikada mən də varam" mesajı verməsi mənasına gəlsə də, perspektivdə itirənlər sırasında olacağı görünür. Fransa və İngiltərə kimi keçmiş müstəmləkəçilərin təsir sahəsi ilə yanaşı, Çin və Rusiya başda olmaqla beynəlxalq sistemdə təsirli olmaq istəyən müxtəlif aktyorların qitədəki nüfuz dairəsini artırması da, Vaşinqtonun pəncərəsindən baxanda AFRICOM-un qurulmasını labüd hala gətirdi. Zahiri məqsədi qitədə sabitliyi təmin etmək və terrorla effektiv mübarizə aparmaq olan AFRICOM, pərdə arxasında ABŞ-ın qitədəki siyasi və hərbi mövqeyini gücləndirərək, qitədəki nüfuz mübarizəsində digər aktyorları tarazlaşdırmaq və hətta blokadaya almaq məqsədi güdürdü. Bu barədə düşündükdə, 14 əsas baza və 20 hərbi şəhərcik şəklində mütəşəkkil olan AFRICOM ilə birlikdə ABŞ-ın qitədə rəqiblərinə nisbətən hərbi mənada iddialı vəziyyətə gəldiyi görünür. Buna baxmayaraq, zaman göstərəcək ki, Afrika ölkələri oyandıqca və imperialist dövlətlərin öz ərazilərindəki anarxiya yaradan əməllərini dərk etdikcə, ABŞ-a və digər Avropalı ölkələrinə qarşı “qırmızı vərəqə” göstərməyə başlayacaqdır.

Nigerdə artan ABŞ nüfuzu

Cibuti təcrübəsindən sonra özünə yeni hədəf kimi Nigeri seçən ABŞ hazırda bu ölkədə ikinci ən böyük hərbi bazasını yaratmağa çalışır. Qitənin mərkəzində yerləşdiyi üçün sahillərdəki strateji nöqtələr qədər əhəmiyyətli olmasa da, tarixin hər dövründə şimal-cənub və şərq-qərb istiqamətlərində önəmli keçid nöqtələrində yer alan Nigeriya, hava nəqliyyatı baxımından imtinaedilməz mövqedədir.

ABŞ 2017-ci ilin dekabr ayında 4 əsgərinin öldürüldüyü Nigerdə, xüsusən Agadez, Ouallam və Arlitdə, ikisi əsas baza, üçü hərbi düşərgə olmaqla ümumilikdə beş hərbi komandanlıq qurub. Vaşinqton rəhbərliyi xüsusilə paytaxt Niameydəki Beynəlxalq Diori Hamani Hava Limanı ilə əlaqəsi olan "101 Hərbi Əməliyyatlar Birliyi"nə əhəmiyyət verir. Afrikanın daxilində olduğu kimi, Nigerdəki fəaliyyətlərində də ABŞ Çin ilə intensiv rəqabət halındadır. Vaşinqton qitədə hər addımda divar kimi qarşısına çıxan, ya da kölgə kimi onu təqib edən Pekin rəhbərliyi ilə hər sahədə mübarizə aparmaq, ya da daha dəqiq desək müharibə aparmaq üçün böyük hazırlıq aparır. Təəssüf ki, bu mübarizədə uduzanlar çinlilər və ya amerikalılardan çox, Cibuti, Niger, Mali və ya Afrikanın qədim xalqları olacaq.

Qərbi Afrikada ABŞ-ın təsiri

Qərbi Afrika yalnız ABŞ üçün deyil, qitədə təsir dairəsini genişləndirmək istəyən hər kəsin prioritet olaraq gördüyü bölgədir. Nigeriya və Kamerun kimi ölkələr olmadan bu bölgədə nəinki ərzaq təchizatını təmin etmək, nəfəs almaq belə olduqca çətindir. Buna görə də ABŞ-ın Kamerunun şimalında yerləşən və mərkəzi şəhər statusunda olan Garouda yaratdığı pilotsuz təyyarə bazasından başqa, Maroua, Douala və Salakda da hərbi bazası var. Vaşinqton rəhbərliyi həmçinin Çadın paytaxtı Enceminedə pilotsuz təyyarə bazası ilə şimalındakı Faya Larqeauda hərbi birliyə malikdir. Eyni şəkildə Qabonda da Atlantik okeanı sahilində nəzarət üçün ABŞ-a icazə verilib. ABŞ rəhbərliyi Malinin paytaxtı Bamako, Seneqalın paytaxtı Dakar və hətta Qanada müəyyən hərbi gücə sahib olsa da, cənubda qalan Anqola, Ruanda, Burundi, Demokratik Konqo və Konqo Respublikası, Zambiya, Zimbabve, Malavi, Mozambik, Namibiya, Lesoto, Svazilend və Cənubi Afrika kimi bir çox ölkə hələ kifayət dərəcədə maraq sahəsinə daxil deyil. Vaşinqtonun yalnız Botsvana və Uqandada müəyyən təsir səviyyəsini saxladığı məlumdur.

ABŞ hərbi gücü kimi fəaliyyət göstərən pilotsuz aparatlar

ABŞ hərbi formada qitənin hər nöqtəsində təsirli olmaq səylərini davam etdirir. 1991-ci ildən bu yana qan dəryasına çevrilən Somali hazırda ABŞ-ın pilotsuz aparatlarına görə səmalarında ondan xəbərsiz quş uçurtmadığı ölkə halına gəlib. Belə ki, Baidoa, Bosaaso, Moqadişu, Berbera, Kismayo və Baledoqle adlı şəhərlərindəki dronlar ilə Afrika buynuzunun ən strateji ölkəsi kimi tanınan Somalinin bütün topoqrafik xəritəsi çıxarılıb.

Bunun mənası, ABŞ-ın “Əş-Şəbab” adlı terror təşkilatı ilə mübarizə bəhanəsi ilə bu ölkədə kök atacağı və planlı şəkildə parçalanan ölkənin gələcəyinə ipoteka qoymaqdır. Eyni şəkildə, Keniya və Mali də ABŞ-ın və digər beynəlxalq güclərin bölgədəki nüfuz uğrunda mübarizəsindən sabitlik kontekstində əziyyət çəkən ölkələrdəndir. Çünki 1970-ci illərdə Afrikada demokratiyanın ilk gələcəyi ölkələr arasında fərz edilən Keniya və Mali bu gün qeyri-sabitliyin pəncəsindədir və terrorla mübarizə aparır. Ancaq buna baxmayaraq, Keniyada ölkənin ən mühüm liman şəhərlərindən olan Mombasada, Manda adasında, Lakipia və Vajir şəhərlərində də ABŞ dörd hərbi baza yaradıb.

ABŞ-ın bu regionda apardığı fəaliyyətlər, eynilə İsrailinki kimi tam müəmmalıdır və bölgə insanına əmin-amanlıq vəd etmək əvəzinə, narahatlığa səbəb olub. Liviyada Qəddafidən sonra keçən illər qan, göz yaşı və vəhşiliklə yadda qalır. Vaşinqton rəhbərliyinin bu ölkədə yaratdığı dörd hərbi baza haqqında demək olar ki, heç bir ətraflı məlumat yoxdur. Üstəlik, Pentaqondan da bu mövzuda hər hansı bir açıqlama verilməyib. Tunisdə isə Vaşinqton rəhbərliyi Sidi Əhməd Hava bazasında yerləşdirdiyi pilotsuz aparatlarla ABŞ-ın regiondakı maraqları üçün lazım olan nəzarətləri artıqlaması ilə həyata keçirir.

Göbələk kimi törəyən terror təşkilatları kimin işinə yarayır?

ABŞ-ın Afrikadakı davranışı özü üçün olduqca narahatlıq yaradan prosesin xəbərçisi ola bilər. Qitədəki mövcudluğunu geniş məkanlara olduqca məhdud insan gücü ilə yayan Vaşinqton, yerli xalqların hər keçən gün artan tələblərini inkar edərək, yalnız terror təşkilatları ilə mübarizə apardığını deyir. Amma bu, ABŞ-ın Afrikadakı planlarının istədiyi hədəfə çatmadan başa çatması ilə nəticələnə bilər. Buna görə də ABŞ Şərqi Afrika buynuzunda Somali, Cibuti və Keniyanı nəzarət altında saxlayaraq buradakı hərbi bazaları vasitəsi ilə “Əş-Şəbab” təhlükəsinə qarşı mübarizə aparmağı düşünür. Bundan başqa, Vaşinqton rəhbərliyi Şimali Afrikanın ortasında “Böyük Məğrib” deyilən bölgədə Məğrib “Əl-Qaidə”si və İŞİD-i təsirsiz hala gətirməyi Liviyadakı, “Boko Haram” və buna bənzər digər terror təşkilatlarının fəaliyyət göstərdiyi Çad gölü hövzəsindən Atlantik okeanına qədər uzanan geniş ərazini isə Burkina Faso, Çad, Kamerun, Mali və Nigerdəki hərbi bazaları ilə neytrallaşdırmağı məqsəd güdür.

Əslində Afrikadakı terror təşkilatları ABŞ başda olmaqla qlobal siyasətin dominant qüvvələri tərəfindən qitəyə atılıb. Məhz bu terror təşkilatları beynəlxalq güclərin müdaxilələri üçün bəhanə hazırlayıblar. 1990-cı illərdə bu terror təşkilatlarının arasında “Boko Haram”ın adı da çəkilmirdi. “Boko Haram” isə baş verən proseslərdən sonra Nigeriyanı terror yuvasına çevirdi. Somalidəki İslam Məhkəmələri ikiyə ayrıldı. Onlardan biri “Əş-Şəbab” oldu və böyüməsinə şərait yaradıldı. Məğrib “Əl-Qaidə”si və İŞİD də eyni şəkildə 1990-cı illərin sonunda və 2000-ci illərin əvvəlində çiçəklənən terror təşkilatlarındandır. İşin maraqlı tərəfi isə, bu terror təşkilatlarının adı gündəmdə olmadığı vaxt ABŞ-ın da qitəyə qarşı marağı olduqca məhdud idi. Nə vaxt ki, ABŞ-ın Afrikaya qarşı marağı artdı, o zaman qitədə bir çox terror təşkilatı yağışdan sonra çıxan göbələk kimi çoxalmağa başladı. Qısası, Əfqanıstanda, İraqda, Suriyada olduğu kimi, Afrikada da ABŞ terrorla mübarizə çərçivəsindən onlarla baza yaratdı. Bu gün də ABŞ-ın bölgədəki hərbi fəaliyyətləri orta və uzun perspektivdə Afrikadakı dövlətlərin təhlükəsizliyinin, sabitliyinin və suverenliyinin altını qazmağa xidmət edir.

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ hərbi baza 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-03-2019 04:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com