Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2018
15:17
Şikayətimizi kimə edək: polisə, yoxsa sosial şəbəkəyə?

Ötən həftə “Whatsapp” mobil şəbəkə vasitəsiylə sürücünün şikayəti yayımlanmışdı. Səs yazısını paylaşan sürücü bildirirdi ki, Babək prospektində hərəkətdə olan zaman Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cavanşir Ələkbərov öz avtomobilini aşağı sürətlə sürərək sürücüləri yol hərəkətini pozmağa məcbur edir. 

Bir gün sonra səs yazısını ictimailəşdirmiş şəxs saxlanılaraq 15 sutka inzibati həbslə cəzalandırılmış, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Vaqif Əsədov hadisəyə münasibət bildirərək qeyd etmişdi ki, səs yazını paylaşan şəxs yol polisinin fəaliyyətinə kölgə saldığına və məsuliyyətdən boyun qaçırdığına görə cəzalandırılıb.

Bəs görəsən vətəndaşlar öz hüquqlarını təmin etmək istəyərkən sosial şəbəkələrə üz tutmalıdırlar, yoxsa hüquq mühafizə orqanlarına?

Mövzu ilə əlaqədar Faktxeber.com-a danışan sabiq polis rəisi Mahmud Hacıyev qanuna edilən dəyişikliklərdən vətəndaşların xəbərsiz olduğunu bildirdi:

“Son 5-6 ildə istər inzibati xətalar məcəlləsinə, istərsə də cinayət qanunvericiliyində dəyişikliklər olub. Hər hansı şəxsin fəaliyyətini çəkib ondan xəbərsiz sosial şəbəkədə paylaşmaq olmaz. Sözügedən qanun inzibati xətalar məcəlləsinə sonradan salınıb. Vətəndaş bunu bilməli, cəzadan kənarda qalmaq istəyirsə, qanuna riayət etməlidir. Lakin unutmamalıyıq ki, vətəndaşlarımızın böyük əksəriyyəri bundan xəbərsizdir. Məhkəmə istintaqı zamanı hakim nəzərə alsa ki, vətəndaş qanundan xəbərsiz olaraq kiminsə hətta qeyri-qanuni əməlini bilməyərəkdən işaqlandırıb, bu zaman saxlanılan şəxsə güzəşt oluna bilər. İstənilən halda araşdırmanı aparan hakimdir, qərar qəbul etmək səlahiyyəti ona məxsusdur. Vətəndaş hesab edirsə ki, hüquq mühafizəsi orqanının işçisi ona qarşı qanundan kənar hərəkət edib, polis işçilərinin tabe olduğu Bakı Şəhər Baş Polis idarəsinə, yaxud Daxili İşlər Nazirliyinin daxili təhqiqatlar idarəsinə müraciət edə bilər”.

Digər müsahibimiz vəkil Vamiq Şükürov da vətəndaşlara öz hüquqlarının həll olunması üçün 102 xidmətinə zəng edilməsini daha məqsədəuğun olduğunu hesab edir:

“Hesab edirik ki, sürücünün qanun pozuntusunu paylaşması qanunsuzluq kimi qiymətləndirilə bilməz. Konstitusiya yalnız şəxsi həyata dair qeydiyyatların götürülməsini qadağan edir, amma dövlət məmurlarının, eyni zamanda Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyəti onların şəxsi həyatı deyil. Bu səbəbdən onun fəaliyyətini izləmək, videoya çəkmək qanun pozuntusu deyil. İstənilən halda vətəndaşlar səlahiyyətli orqanlara müraciət etməsi daha yaxşıdır”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com