Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2018
16:25
Sabahının sual altında olduğu düşünülən bugünkü Rusiya

Azov dənizindəki Rusiya-Ukrayna gərginliyinin detallarından əvvəl, "icra xülasəsi" çərçivəsində əsas təsəvvürlərimizlə başlayaq. 

Əvvəlcə bunu başa düşməliyik ki, "soyuq müharibə"nin ikiqütblü və strukturu baxımından sona çatmasına baxmayaraq, Rusiya Federasiyasının geosiyasi təsir və nəzarət sahəsinin harada başlayıb harada bitməsinə dair mübarizə davam edir. 2008-ci il Gürcüstan, 2014-cü il Kırım və nəhayət 2018-ci il Azov dənizi hadisələri strateji rəqabətlə birbaşa əlaqəlidir. 

İkincisi, Rusiya Federasiyası Qərb Hərbi Dairəsində yerləşən hərbi gücü sayəsində NATO üzvü olan Baltikyanı dövlətlər və Polşa qarşısında əzici üstünlüyə malikdir. NATO üzvü olmayan Ukraynadan söhbət getdikdə isə yalnız Qərb Hərbi Dairəsi deyil, Cənub Hərbi Dairəsi qoşunlarının da əməliyyatlar cəlb olunması ilə vəziyyət Moskvanın lehinə görünür.

Üçüncüsü isə qarşıdakı dövrdə Rusiya və Ukrayna arasındakı gərginliyin dövlətlərarası hərbi vəziyyətə, dolayısı ilə müharibəyə çevrilməsi ehtimalının getdikcə güclənməsi həqiqətidir.

Azov dənizi gərginliyi: Böhranın geosiyasi çərçivəsi

Kiyev ilə Moskva arasında davam edən gərginliklər, son olaraq Azov dənizində partlayış nöqtəsinə yaxınlaşdı. Əsasən Krımın ilhaqından sonra Putin rəhbərliyinin yarımadanı Rusiyaya bağlayan körpü inşa etməsi, Krıma S-400-lər də daxil olmaqla həlledici silah sistemləri yerləşdirməsi, Ukrayna prezidenti Pyotr Poroşenkonun Azov dənizində yeni donanma quruculuğunun işarələrini verməsi gərginliyin tezliklə baş verəcəyini göstərmişdi.

Nəhayət, 25 noyabr 2018-ci ildə Rusiya Federasiyası Dəniz Qüvvələrinə məxsus gəmilər Azov dənizini Qara dənizə bağlayan Kerç boğazından keçmək istəyən Ukrayna Dəniz Qüvvələrinə məxsus üç platformaya müdaxilə etdilər. Həmin gün Təhlükəsizlik Şurasını, daha doğrusu müharibə kabinetini toplayan Ukrayna prezidenti Poroşenko ölkə müdafiəsini yaratmaq üçün məhdud müddətdə hərbi vəziyyət elan etmək qərarı verdi və Ukrayna Radasının razılığını da aldı.

Bundan əlavə, Rusiyanın Ka-52 döyüş vertolyotları və Su-25 tipli təyyarələri Azov dənizi üzərində uçuşlarını artırıblar.

Kerç boğazı regionun ən cəlbedici mərkəzlərindən biridir. Çünki Azov dənizi ilə Qara dəniz arasında yeganə əlaqə bu nöqtədən təmin olunur. Boğaz Ukrayna üçün əvəzolunmazdır. Çünki Rusiyanın dəstəklədiyi separatçıların intensiv fəaliyyət göstərdiyi Mariupol başda olmaqla bir çox şəhərin dünyaya açılan qapısı mövqeyindədir. Həmçinin Ukrayna Krımın itirilməsi nəticəsində mühüm limanlarını itirib. Buna görə də əlində qalan limanların qorunması və dünyaya çıxışı üçün ciddi milli təhlükəsizlik məsələsidir.

NATO-Rusiya tarazlığı çərçivəsində Ukrayna

Ukrayna NATO-nun üzvü olmasa da, bu siyasi-hərbi evlilik layihəsi uzun müddətdir müzakirə olunur. Beləliklə, məsələnin bir də Rusiya-NATO mübarizəsi tərəfi var.

NATO və Kiyev getdikcə yaxınlaşan əlaqəyə malikdirlər. Məsələn, ukraynalı zabitlər "Trident Juncture 18"in komandanlıq təlimlərində birbaşa iştirak ediblər. 2018-ci ilin oktyabr ayında da ABŞ daxil olmaqla NATO üzvü bəzi dövlətlərlə Ukrayna tərəfindən müştərək təşkil edilən "Clear Sky 2018" hərbi hava qüvvələrinin təlimi keçirilib.

ABŞ prezident Barak Obamadan sonra Vaşinqtonun Ukraynaya qarşı müdafiə yardımında da dəyişikliklər görünür. "Javelin" tank əleyhinə raket transferi buna ən bariz nümunədir.

Digər tərəfdən, müdafiə iqtisadiyyatı və texnologiya başda olmaqla bir çox sahədə - xüsusən ABŞ-ı nəzərə alsaq - NATO Rusiya Federasiyasından üstündür. Amma ittifaqın şərq qanadında (Baltik ölkələri və Polşa), regional hərbi tarazlıq Moskvanın xeyrinədir. Üstəlik, adi hərbi vəziyyətdə NATO-nun bölgəyə dəstək üçün əsgər göndərmək qabiliyyəti, Rusiyanın qısa müddətdə nəticə almaq imkanı və qabiliyyətindən geri qalır.

Bu vəziyyət Qərb ölkələri və analiz mərkəzləri tərəfindən də təsdiqlənir. ABŞ-ın müdafiə araşdırmaları ilə tanınmış "RAND Corporation" şirkəti tərəfindən bu il dərc olunan hesabatda göstərilir ki, Rusiya qoşunlarının hərbi hazırlıq səviyyələri çox yüksəkdir. Təkcə Rusiya Qərb Hərbi Dairəsində bütün Baltik ölkələri və (Estoniya, Litva, Latviya) Polşanın ümumilikdə silahlı qüvvələrinin şəxsi heyətindən çox əsgəri, hərbi texnikası və tankı var. Eyni qurumun 2016-cı ildə dərc etdiyi hərbi oyunu yekun hesabatında göstərilir ki, əgər Kreml qərar verərsə və NATO müdaxilə etməsə, Rusiya Federasiyası Silahlı Qüvvələri ən geci 60 saat ərzində Estoniyanın paytaxtı Tallini və Latviyanın paytaxtı Riqanı işğal edə bilər. Oxşar şəkildə ABŞ Avropa Komandanlığının rəhbəri general Kortis Skaparrotti müsahibəsində, "belə getsə, 2025-ci ildə Rusiyanın hərbi gücü ABŞ-ın Avropadakı gücünü keçəcək", - deyə bildirmişdi.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin əhatə dairəsində NATO-ya qarşı malik olduğu adi hərbi üstünlük, Moskvanın güclü hava müdafiə sistemləri ilə birlikdə təsəvvür edildikdə isə vəziyyət daha da dramatik hal alır. Çünki Rusiyanın məhdudlaşdırıcı qabiliyyətləri (A2/AD -anti access/area denial) NATO üzvü olan bir çox ölkənin inventarında olan 4-cü nəsil döyüş təyyarələrinə qarşı ciddi təhdid kəsb edir. 5-ci nəsil döyüş təyyarələri isə radara düşməmək üstünlüyünə görə daha şanslı olsalar da, qarşıdakı illərdə baş verə biləcək hər hansı bir münaqişənin gedişini dəyişdirəcək saya və sistemə malik deyillər.

Rusiyanın müharibə rejimi Ukraynanı təzyiq altında saxlayır

SSRİ/Rusiya hərbi doktrinasında Qərb anlayışa nisbətən "hərbi vəziyyət" müharibədən öncə başlayan siyasi gərginlikdən daha əvvəl başlamış qəbul edilir. Buna görə də toqquşmadan mümkün olduğu qədər əvvəl gərgin qüvvə hazırlamaq və güclü taktiki sistem yaratmaq səyləri Rusiya müdafiə elitası baxımından prioritet daşıyır.

Rusiyanın Qərb Hərbi Dairəsindəki hərbi hazırlıq səviyyəsinə (məsələn, qarışıq siniflərdən ibarət olan 20-ci Ordu və 1-ci Qvardiya Tank Ordusu), bir də bu yöndən baxmaq lazımdır. Hesabatlarda göstərilir ki, Rusiyanın 20-ci Ordusuna bağlı diviziyalar Ukraynanın şərq hissəsini işğal etməyə uyğun yüksək hazırlıq səviyyəsindədir. Cənub Hərbi Dairəsindəki birliklərdən bəzilərinin də Azov dənizi sahilləri boyunca hazır olacağı göstərilir. Əlbəttə, Rusiya Federasiyası Hərbi-dəniz Qüvvələrinin regionda uzaqmənzilli strateji zərbə qabiliyyəti olan "Kalibr" naviqasiya raketlərini daşıyan platformaları olduğu da qeyd edilir. Suriyada qarşıdurma şəraitində sınanan bu raketlər Ukraynanın dərinliklərindəki yüksək dəyər daşıyan məqsədlərə yönələ bilər.

Əlbəttə, belə bir ssenaridə ölkənin şərqindəki separatçıların hibrid hərbi fəaliyyətləri də intensivləşəcək və Ukrayna daxilində ağır cəbhə açacaq.

Sabahının sual altında olduğu düşünülən bugünkü Rusiya

1990-cı illərin ortalarında baş verən Birinci Rus-Çeçen müharibəsinin ortaya qoyduğu "soyuq müharibə"dən sonrakı Rusiya ilə Krımı ilhaq edən, Gürcüstan və Ukraynanın NATO üzvlüyünə faktiki hərbi müdaxilələrlə mane olan, Suriyada tarixin istiqamətini dəyişdirən Rusiya bir-birinə zidd iki vəziyyəti göstərir.

Prezident Vladimir Putin və ətrafındakı keçmiş Sovet və Rusiya təhlükəsizlik elitası dövləti ayağa qaldırmağı, böyük güc statusunu yenidən yaratmağı bacardı. İllər əvvəl bu addımın növbəti onilliklərdə davamlılığı məsələsində mübahisələr aparılırdı, amma hazırda Rusiya-Ukrayna qarşıdurmasından danışılır.

Hazırda istər daxili siyasi vəziyyət, istərsə də regional konyuktura Rusiya-Ukrayna qarşıdurmasının söz atışmasından dövlətlərarası müharibə vəziyyətinə çevrilməsi üçün uyğundur. Müharibənin fitilini isə iki aktor alışdıra bilər. Bunlardan biri dəhşətli səhv edərək geri qaytarılması mümkünsüz proseslərə səbəb ola biləcək taktiki səviyyəli komandir, digəri isə rəqibin reaksiyalarını, niyyətini və qətiyyətini səhv hesablayan kəşfiyyat analitikidir. Toqquşma sahəsi Ukraynanın şərqindəki vilayətlərdən Azov dənizinə qədər uzanacaq. Beynəlxalq cəmiyyətin, ya da hər iki paytaxtın dinamik proseslərə ani olaraq müdaxilə etməsi isə heç bir halda mümkün olmayacaq.

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya Ukrayna Kerç boğazı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com