Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2018
15:54
ABŞ-ın `Böyük Gerb`inin sirri və ya Troya atı - ARAŞDIRMA

1948-ci il. "Artek" pioner düşərgəsinin 20 illiyi münasibəti ilə təntənəli bayram mərasimi. Hər tərəfdə musiqi, uşaq təbəssümü, uşaq sevinci baş alıb gedirdi. Qışın oğlan çağı olmasına baxmayaraq, Suxumidən hərbi təyyarə ilə təzə-tər qızılgüllər də gətirmişdilər. Təntənəli görüşün sonunda ABŞ-ın Moskvadakı səfiri Averall Harriman pionerlərə Amerika hökuməti adından 10 min dollarlıq çek hədiyyə etdi.

Bu zaman qəflətən ABŞ-ın "Ulduzlu bayraq" himni çalındı və əsl pionerlərdən ibarət uşaq xoru himnin sözlərini təmiz ingilis dilində oxumağa başladı. Harrimanın gözləri doldu və həmin an dörd pioner zala ağacdan düzəldilmiş, əzəmətli, üzərindəki lakdan par-par yanan bir şey gətirdilər. Bu, Amerika Birləşmiş Ştatlarının gerbi idi. "Artek" düşərgəsinin müdiri gerbin sertifikatını gurultulu alqışlar altında səfirə təqdim etdi. Sertifikat Kalinin tərəfindən imzalanmışdı. Bundan məmnun olan diplomat hədiyyəni  öz kabinetindən asır.

FaktXəbər-in məlumatına görə, düz 6 ildən sonra bunun əslində nə hədiyyəsi olduğu üzə çıxır.

Sən demə, möhürün daxilinə  passiv akustik çip yerləşdirilibmiş. "Zlatoust" adlanan bu qurğunun enerji ehtiyatına ehtiyacı yox idi və ancaq  səfirliyin yaxınlığında park edilmiş yük maşınından müəyyən radiodlalğalar buraxıldıqda işə düşürdü. 

1933-cü ilin 16 noyabrında SSRİ və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələr qurulandan bəri sovet əks-kəşfiyyatçıları Moskvadakı Amerika səfirliyinin binasına yol tapmağa müntəzəm cəhdlər göstərirdilər. Və sonda Stalinin «Troya atı» adlandırdığı bu planı hazırlayırlar.

Əməliyyat həyata keçiriləndən sonra Stalin həmin otaqda qəbul olunan qərarları ABŞ prezidentindən tez bilirdi. "Zlatoust" düz 8 il işlədi, 4 səfir yola saldı. Maraqlıdır ki, hər təzə səfir otağının bütün atributlarını dəyişsə də, SSRİ uşaqlarının Amerikaya məhəbbət rəmzi sayılan bu gerbinə toxunmurdu. Onun bir sənət əsəri kimi dəyəri yüksək çinli Amerika diplomatlarına az qala hipnotik təsir göstərir, onları lap valeh edirdi. Otağın hətta pərdələrini də gerbin rənglərinə uyğunlaşdırmağa çalışırdılar!

Amerikalılar təsadüfən dalğanı tuturlar. Lakin uzun müddət  qurğunu tapa bilmirlər. Çünki xaricdən şüalanma olmadan qurunu tapmaq mümkünsüz idi. Uzun tədqiqatlardan sonra tapıldıqda isə Birləşmiş Ştatlar öz kəşfiyyatı üçün biabırçı sayılan bu faktı yeddi il sirr kimi saxladı.

Yalnız 1960-cı ildə, Harri Pauersin idarə etdiyi "U-2" kəşfiyyatçı təyyarəsini ruslar vurub salandan və Amerikanı ölkə ərazisində qanunsuz kəşfiyyat aparmaqda ittiham etməyə başlayandan sonra, Vaşinqton cavab olaraq, Moskvadakı Amerika səfirinin otağına kəşfiyyat məqsədilə yerləşdirilmiş Sovet dinləmə qurğusu haqda məlumatı dünyaya yaydı.

Birləşmiş Millətlər Təşkilatında Birləşmiş Ştatların nümayəndəsi Henri Kebot Loc fövqəladə sessiyada "Zlatoust" qurğusunu nümayiş etdirdi. Daha sonra məlum gerb və mikrofon Təhlükəsizlik Şurasının iclasında da göstərildi. Sovet diplomatlarının hazırladığı Hindistan nümayəndəsi isə amerikalılardan zarafatla xahiş etdi ki, həmin mikrofondan onun üçün də düzəltsinlər...

 

Loc çaşıb qaldı. Axı necə etiraf edəydi ki, elmi nailiyyətlərdə Birləşmiş Ştatlardan xeyli geri qaldıqlarını iddia etdiyi Sovet mütəxəssislərinin bu əməlindən kimsə baş çıxara bilmir?

Həmin vaxtdan etibarən Amerika təhlükəsizlik qüvvələri üçün biabırçılıq damğasına çevrilmiş mikrofonlu gerb daha heç vaxt ortaya çıxarılmadı...

Yeri gəlmişkən qeyd edək ki, gerbi tanınmış  sovet alimi  Lev Terman (hansı ki, termenvosku ixtira edib) hazırlaşımşdı. 

"Zlatoust" bu gün də özünün bənzərsiz həyatını yaşayır. Qurğunun gerbdə aşkarlanmasından sonra həm amerikalılar, həm ingilislər onun nümunəsini hazırlamağa girişdilər. Sovet alimlərinin düzəltdiyi qurğunun sirrini Hollandiyadakı gizli laboratoriyada çözməyə çalışırdılar. İngilis kəşfiyyatı da eyni işi görürdü...

İngilislər bu araşdırmalarında amerikalılardan bir qədər irəli gedə bildilər, amma unikal mikrofonun sirri sonadək çözülmədi - "Zlatoust"un rezonatorlarını titrədən generatorun sirri açılmamış qaldı. İngilislərin düzəltdiyi analoq cəmi 20 metrlik məsafədə çalışırdı...

FaktXəbər-in verdiyi məlumata görə, "Zlatoust" hal-hazırda Lenqlidə - Mərkəzi Kəşfiyyat İdarəsinin muzeyində saxlanılır və deyilənlərə görə, mütəxəssislər unikal mikrofonun reseptorlarını həftədə bir dəfə yoxlayırlar ki, sakit yaşaya bilsinlər...

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Troya atı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com