Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2018
09:09
`Kubik`i bahalaşdıran səbəblər...

Azərbaycanda son günlərdə bəzi tikinti materiallarının qiymətində artım müşahidə edilir. Xüsusilə də mişar daşlarının (kubik) qiyməti az da olsa bahalaşıb. Hazırda bazarda Qaradağ daşının qiyməti 45-47 qəpikdir.

Daş bazarında çalışanlar hesab edirlər ki, bahalaşmaya son zamanlar karxanalara qarşı atılan addımlar da təsir göstərib. Belə ki, bəzi işbazlar bu prosesdən istifadə edib, qiymətləri qaldırırlar.

Ekspertlər hesab edirlər ki, 2015-ci illə müqayisədə tikinti sektorunda aktivlik nəzərə çarpır. Lakin məsələ burasındadır ki, hazırda Bakıda tikilən binalarda kubikdən çox az hallarda istifadə edilir. Bu xüsusda söyləmək olar ki, mişar daşına tələbat elə də artmayıb. Bəs qiymətlər nə üçün bahalaşıb?

Əvvəlcə yada salaq ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daş karxanaları ilə bağlı 7 cinayət işi başlayıb.

ETSN-də Bakı ətrafında yerləşən 208 daş karxanasında monitorinq aparıblar. Monitorinqlər bitəndən sonra aşkarlanan pozuntularla bağlı 105 akt tərtib edib prokurorluğa göndərilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən isə bildirilib ki, müəssisələrdə istifadə olunan avadanlıqların mövcud texniki vəziyyəti təhlil edilib, onların fəaliyyətinin mövcud norma və standartlara uyğunluğu müəyyən olunub. Məlum olub ki, istifadə edilən avadanlıqların əksər hissəsi keçmiş sovetlər dövründə istismara verildiyindən, hazırda həmin qurğular müasir norma və qaydalara cavab vermir. Bu zaman karxana istifadəçilərinə yeni və müasir tələblərə cavab verən texnologiyalarla işləmələri və bu istiqamətdə fəaliyyətlərində idarəetmə üsullarının təkmilləşdirməsi tövsiyə edilib.

Bu ilin yay aylarında Bakının havasında qatı toz dumanı müşahidə olunurdu. Rəsmi məlumatlarda əvvəlcə bu dumanın digər ölkə ərazisindən gəldiyi bildirilsə də, sonrada məsələyə səbəb kimi karxanaların da adı hallandı.

Daş karxanalarının ətrafında yaşayan sakinlər də mövcud faktı təsdiq edərək bildirdilər ki, doğrudan da bəzi karxanalar müvafiq qurğuları quraşdırmayıb, ətraf mühiti çirkləndirməklə məşğuldurlar.

İqtisadçı Natiq Cəfərli söyləyib ki, iqtisadiyyatın əsas tələblərinə uyğun olaraq, təklif azaldıqca, qiymət də qalxır: “Son zamanlar karxanaların kütləvi şəkildə bağlanması, bazara çıxarılan daşın həcmində azalmaya səbəb olub. Bu, artıq faktdır. Ona görə də qiymətlərdə müəyyən artım müşahidə edilir. Bu işlə məşğul olanlar bəzi karxanaların bağlanmasını fürsətə çevirib, qiymətləri süni şəkildə qaldırmaqda da maraqlıdırlar. Guya daş qıtlığı var kimi təsəvvür yaradaraq, qiymətlərin artmasına təkan verirlər. Karxanaların bağlanması da buna rəvac verir. Yaxşı olardı ki, karxanaları bağlamaqdansa, onların bütün standartlara uyğun şəkildə fəaliyyətlərinin davam etdirilməsi ilə bağlı yollar axtarılardı.  Çünki orada onlarla insan çalışırdı və qeydiyyatsız da olsa iş yerləri yaradılırdı. Düşünürəm ki, əlaqədar dövlət strukturları bu məsələ ilə bağlı kompleks tədbirlər planı hazırlasalar, daha doğru olar. Karxanaların  standartlara uyğun şəkildə işlədilməsinə imkan varsa, onların bu standartlara uyğun formada işlədilməsini təşkil etmək lazımdır”.

Ekspert bildirib ki, kubiklərdən ən çox özəl, fərdi yaşayış evlərinin və müxtəlif dövlət layihələri üzrə tikintilərdə istifadə olunur: “Əsasən də regionlarda müəyyən obyektlərin tikintisində bu materiallardan istifadə edilir. Son zamanlar isə dövlət tərəfindən maliyyələşdirilən layihələrin həcmində artım müşahidə olunub. Gələn il bu, daha da artacaq. Nəticədə tələbatın artması da qiymətlərə təsir edən amillər sırasındadır”.( "Yeni Müsavat")

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kubik mişar daşı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com