Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2018
12:35
Arxamızca bağlanan qapılar

Bugünlərdə maraqlı bir hekayə eşitdim; balaca uşaq və qoz ağacı barədə.

Uşaqlığım yadıma düşdü. 

Bir anlıq kəndə qayıtmaq, uşaqlıq eləmək, atılıb-düşmək istədim.

Dərsdən gələrkən bağlardan meyvə oğurlamaq, küçədə gördüyümüz qoza ağacına daş atmaqlarımız yadıma düşdü.

Elə bil dünən idi...

Amma dünən deyildi, heç bu gün də deyil...

Sabah da olmayacaq... Amma bir zamanlar olub.

...Və biz o zamana qayıda bilməyəcəyik; istəsək belə.

Nə deyirdi hekayədə?..

Kiçik bir oğlan uşağının çox sevdiyi və ətrafında hər gün oyunlar oynadığı böyük bir qoz ağacı vardı. Uşaq ağacın təpəsinə dırmaşar, meyvəsi yetişəndə yeyərdi. Uşaq ağacı sevər, ağac da kiçik uşaqla vaxt keçirməyi çox xoşlayardı.

Günlər, aylar bir-birini qovdu və uşaq böyüdü. Artıq hər gün o ağacın ətrafında oynamağa gəlmirdi. Və bir gün, təkrar gəldi. Ancaq bu dəfə məyus görünürdü ağacın köhnə dostu. Ağac, "gəl, yenə oyunlar oyna ətrafımda", - dedi. "Artıq uşaq deyiləm və ağacların ətrafında oynamağımdan çox vat keçib", - deyə cavab verdi və ağlamsınaraq davam etdi: "Oyuncaq istəyirəm, amma oyuncaq almaq üçün pulum yoxdur". Ağac dərhal həll yolu təklif etdi: "Təəssüf ki, mənim də pulum yoxdur, amma meyvələrimdən götür, sat və özünə oyuncaq al." Uşaq həyəcanla qəbul etdib bu təklifi. Sürətlə ağaca dırmaşdı və ətəyini doldurdu, gülümsəyərək oradan ayrıldı. Ağac, onun meyvələri yığdıqdan sonra geri dönməməsindən çox incidi.

Və bir gün gənc bir oğlan kimi döndü həmin uşaq. Ağac həyəcanla, "gəl, yenə oyunlar oyna ətrafımda", - deyə qışqırdı. Oğlan cavab verdi: "Oyuna sərf edəcək vaxtım yoxdur. Ailəm üçün işləməyim lazımdır. Və sığınacaq üçün bir evə ehtiyacımız var. Kömək edə bilərsənmi?" Ağac, "mənim evim yoxdur ki. Amma əgər istəsən, budaqlarımı kəsib, ev tikə bilərsən", - deyə söylədi. Gənc oğlan ağacın bütün budaqlarını kəsdi və gülümsəyərək oradan ayrıldı. Ağac, onu xoşbəxt görməkdən razı qalmışdı. Amma gənc oğlan yenə qayıtmadı. Ağac yenə kədərli və təkbaşına qaldı.

İsti bir yay günü illərini keçirmiş adam ağacın yanına getdi. Ağac onu görən kimi əhvalı düzəldi, "heç olmasa indi gəl oyna", - dedi. "Qocalıram artıq",- deyərək, adam başını aşağı salladı. "Dənizə çıxıb bir az rahatlanmaq istəyirəm. Mənə bir qayıq lazımdır, verə bilərsən", - deyə sual etdi. "Qayıq düzəltmək üçün gövdəmdən istifadə edə bilərsən. Beləliklə, dənizə çıxıb bir az nəfəs alar, yaxşılaşarsan", - dedi ağac. Adam ağacın gövdəsini kəsdi və bir qayıq düzəltdi, dənizə çıxmaq üçün yola qoyuldu. Uzun müddət görünmədi. Və illər sonra yenidən geri qayıtdı. Ağacın yerində qalmış kötük, "qüsura baxma övladım, amma sənə verə biləcək heç nəyi qalmayıb, heç meyvələrim də yoxdur", - dedi. "Problem deyil. Elə məndə də onları sındıracaq diş və güc qalmayıb", söylədi qoca. Ağac davam etdi: "Dırmaşmalı budaqlarım da yoxdur". Adam, "dırmaşmaq üçün çox yaşlıyam", - deyə cavab verdi. Ağac göz yaşları içində, "həqiqətən elədir", - dedi. "Həqiqətən sənə verəcəyim heç bir şeyim yoxdur. Qalan yalnız bu çürük kötüyümdür", - deyə əlavə etdi.

Adam, “artıq mənim heç bir şeyə ehtiyacım yoxdur, heç bir şey istəmirəm. Sadəcə oturub dincələcək üçün bir yer istəyirəm. Keçib gedən illər məni o qədər yordu ki", - deyə bildirdi. "Yaxşı", - deyə cavab verdi ağac: "Qoca, çürümüş kötüyüm oturub dincəlmək üçün ən yaxşı yerdir. Gəl, gəl otur, istirahət et". Adam kötüyün üstündə əyləşdi və gövdədən qalmış kiçik qalığa söykəndi.

Ağac yenə də xoşbəxt idi. Göz yaşları içində xoşbəxtlikdən gülümsünürdü...

Həyatımız da belədir; qaçırıq, tullanıb-düşürük, oynayırıq, uşaqlıq edirik. Bir də baxırıq ki, qocalmışıq, ətrafımızda bizi sevənlər də qocalıb və bəziləri həyatda yoxdur. Geri qayıtmaq, həmin günləri bir də yaşamaq istəyirik, lap uşaq kimi, lakin keçdiyimiz qapıların arxamızca bir-bir bağlandığını görürük...

Əslində bu, hər kəsin, hamımızın hekayəsidir. Ağac, eynilə ailə kimidir. Uşaq ikən ana və atamızla oynamağı, vaxt keçirməyi xoşlayırıq. Nə vaxt ki, böyüyürük, o zaman tərk edirik onları. Uşağın ağaca mərhəmətsiz şəkildə davrandığını düşünə bilərik. Bəs bizlər ata-anamıza qarşı belə davranış göstərmirikmi?

Etiraf edək.

Onların bizim üçün etdiklərinin dəyərini görürükmü, bizim üçün göstərdikləri fədakarlıqlara diqqət edirikmi? 

Çox gec deyil ki, fikirləşmək üçün?

Aqil Mehdi

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bağlı qapı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com