Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2018
15:56
Məktəblərdə dini dərslər mütləq keçirilməlidir - Fuad Nurullayev

“Orta məktəblərdə dini dərslər tədris olunmasa, gələcəkdə İŞİD-ə qoşulanlar çox olacaq”

Bunu "Mənəvi dəyərlərin təbliğində dini təhsil amili" adlı konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib. O qeyd edib ki, mütləq şəkildə orta ümumi təhsil müəssisələrində din tədris olunmalıdır:

“Elə bir zaman gələcək ki, peşman olacaqsınız. Görəcəksiniz ki, nə qədər gənc İŞİD kimi təşkilatlara qoşulacaq. Onların beyni elə orta məktəb dövründən zəhərlənməyə başlayır.

Yalnız sağlam dini təhsili olmayanlar düşmənə tərəf ola bilərlər. Əgər dini biliklər tədris olunarsa, uşaqlar düzgün tərbiyə ediləcəklər. Məktəblərdə fizika, riyaziyyat kimi dəqiq elmlər də tədris olunur. Mən də şagirdlərə, yalnız İslamın öyrədilməsinin tərəfdarı deyiləm”.

Tədbirdə Hacı Şahin Həsənlinin də çıxışı maraqla qarşılanıb. İlahiyyatçının marifləndirmə mövzusunda çıxışı  maraqla qarşılanıb:

"Dünyada və regionda baş verən mühüm hadisələr sözsüz ki, qlobal transformasiyalardan, o cümlədən siyasi, iqtisadi, mədəni və dini baxışların yenilənməsindən xəbər verir. Aydın olan budur ki, dünya sürətlə dəyişir və ictimai proseslərə keçmiş yanaşmalar artıq işlək deyil. Təbii ki, hər bir dəyişikliyin də yan təsirləri var. Son illər radikal dini baxışların Yaxın Şərqdə etnik və dini münaqişələrə səbəb olması, bu münaqişələrin törətdiyi siyasi-iqtisadi sabitsizlik və humanitar böhran həmin yan təsirlərdəndir.

Belə bir fonda qlobal maraqların toqquşduğu regionda yerləşən və beynəlxalq proseslərdə mövqeyi güclənən Azərbaycanda dini maariflənmənin aparılması həyati əhəmiyyət kəsb edir. Çoxkonfessional və polietnik ölkəmizdə dərin köklərə və qədim ənənələrə malik tolerant və multikultural  bir mühit formalaşıb. Bununla belə mümkün təhlükələrə qarşı önləyəci tədbirlər görmək labüddür.

Digər tərəfdən qloballaşan dünyada dövlətlərin suverenliyini sual altına almaq və barmaq sayı fövqəldövlətlərin hegemonluğunu təmin etmək məqsədilə xalqların milli və dini kimliklərinə qarşı yönəlik bir mexanizm işə düşüb. Çünki, dövləti möhkəm və müstəqil edən onun əhalisinin qüruru, özünəinamı, ideyasıdır. Xalqlara böyük qüdrətlər qarşısında mədəni aşağılıq və natamamlıq aşılandıqca, onların dövlətçiliyi də daxilən zəifləməyə başlayır. Beləliklə, milli özünüdərkin ana sütunu olan din düzgün məcrada aşılanarsa, bu həm də milli kimliyin və qürurun qorunması işində əvəzsiz rol oynayacaq.   

Sovet dönəmində dini qadağalar və dinin ictimai bir fenomen kimi inkarı onunla nəticələndi ki, müsətqillik dövründə insanımız dini cəhətdən məlumatsız, din xadimlərimiz isə müasir çağırışlar qarşısında hazırlıqsız oldu. Müstəqilliklə sırf siyasi quruluş deyil, ictimai şüür, iqtisadi model, mədəni dəyərlər, sosial təsisatlar da dəyişdi. Biz bir formasiyadan digərinə qəfil keçid etdik. Bütün bunlar dini sahədən yan ötmədi. Beləki, keçid dövrünün sosial problemləri bir sıra dövlətlərə imkan yaratdı ki, maddi qarşılıq müqabilində radikal təriqətlərin yayılmasına rəvac versinlər. Lakin ölkənin siyasi və iqtisadi durumu düzəldikcə, dövlət-din münasibətləri qarşılıqlı dəstək müstəvisində inkişaf etdikcə radikal təməyüllü təriqətlər sosial bazalarını itirdilər. Artıq dövlət radikal dini cərəyanlara nəzarətini gücləndirir, vətəndaşlarını təhlükəli tendesiyalardan qorumağa çalışır, ənənəvi inanca və bu inancdan doğan mədəniyyətə qayğı göstərir. Bütün bunlar öz müsbət nəticəsini versə də, əhali ilə birbaşa işləməyə hələ də ehtiyac duyulmaqdadır. Bu həm radikalizmlə mübarizəyə aiddir, həm də milli kimliyin əleyhinə yönəlik kənar təsirlərə.

Deyilənləri nəzərə alaraq ölkəmizdə dini maariflənmənin vahid xətt üzrə aparılması gərəkdir. Ənənəvi din cəmiyyətqurucu və dövlətqurucu ideya kimi öz təsdiqini tapmalıdır. Təbii ki, burada mövzu məzhəbçilikdən getmir. Məzhəbçilik və dinçilik etnik millətçilik qədər dağıdıcıdır və şovinizmin bir növüdür. Qərb ölkələri bütün sekulyarlıqları ilə yanaşı özlərini xristian sivilizasiyası kimi dərk edir. Şərqi Avropa ölkələrində pravoslav inanc milli kimliyin əsası kimi tanınır. Bütün bunlar da onları özlərini dünyəvi və mütərəqqi cəmiyyətlər kimi təqdim etməsinə mane olmur. Biz də tariximizdə və mədəniyyətimizdə dinin rolunu süni şəkildə inkar etməməli və ya kiçimsəməməliyik. Təsadüfi deyil ki, Azərbaycan dövlətçiliyinə yad olan ideyaların və xarici ölkələrin maliyələşdirdiyi təbliğatçıların əsas hədəfi xalqımızın ənənəvi inanclarıdır. Çünki bu inanc bizim immunitetimizdir. Xalqın ilham aldığı müqəddəslər, qəhrəmanlar, dahilər, üz tutduğu dəyərlər, yaşatdığı adətlər - bir sözlə bizi biz edən bütün üsnürlər dini inanclarımızdan qaynaqlanır. Hətta qeyri-dindar bir şəxsi qəhrəman olaraq qəbul etməyimizin meyarları dini inaclarımızdan irəli gəlir. Biz şəhidlərimiz arasında dini, milli və ya sosial mənsubiyyətlərinə görə fərq qoymuruq, yaxud terrorçuları şəhid olaraq qəbul etmirik, çünki ənənəvi inancımız bəşəri haqq və həqiqət uğrunda öldürülənləri şəhid olaraq qəbul edir.   

Təbii ki, dini maariflənmə üçün lazım olan başlıca amil kadrlardır. Son illərdə bu sahədə uğurlu addımlar atılmaqdadır. Yeni yaradılmış ilahiyyat institutu da, ümid edirik ki, qısa bir zamanda bu sahənin flaqmanına çeviriləcək. Milli-Mənəvi Dəyərlərin Təbliği Fondu da bu istiqamətdə artıq ciddi fəaliyyətə başlayıb. Gənc nəslin suallarını cavablandıracaq, onlarla onların dilində danışacaq, fundamental mövzuları araşdıracaq, ideoloji çağırışlara layiqli cavab verə biləcək savadlı kadrların yetişdirilməsi zəruridir. Sadəcə savadlı deyil, mütəfəkkir və fədakar din xadimlərinə ehtiyac var. Din adı ilə, xoş əxlaqı və alim imici ilə öz fikrini yürüdən deyil, ideya cəngəlliyinə bənzəyən müasir dünyada gəncimizə özünü tapmağa yardım edən müdrik din xadimlərinə ehtiyac var. Bu baxımdan kadrların hazırlanması prosesində təhsillə yanaşı mənəvi hazırlığa da diqqət yetirilməlidir.

Dini maariflənmənin forması ilə bağlı ictimai müzakirələr ara-sıra gündəmə gəlməkdədir. Bu da təbiidir. Tarixin bu həssas dönəmində sadəcə ekranlardan dini biliklər verməklə, dərsliklərdə ensiklopedik məlumatlar göstərməklə kifayətlənmək olmaz. İnsanlarımız öz inancının qaynağını, adətlərinin səbəblərini bilməlidir. Niyə ailə institutuna önəm verilməlidir, niyə ədəb normaları qorunmalıdır, niyə şəhid üstün tutulmalıdır, niyə başqasının namusu və Vətən qeyrəti çəkilməlidir, niyə ilahi nemətlərin qədri bilinməlidir, niyə səhvlərimiz üzərində düşünməliyik, niyə çətinliklərə səbr etməliyik? Bu və digər "niyələrə" pafosdan uzaq, sağlam məntiqə əsaslanan cavablar verilməlidir. Bütün bunların həyati əhəmiyyəti, həyatın daha şirin olmasına təsiri aşılanmalıdır. Ənənəvi olaraq hər bir sözü sırf ayə və hədislə əsaslandırmaq metodundan imtina etmək, məntiq və sağlam düşüncə dilində danışmaq gərəkdir. Mədəniyyətimizdə, ədəbiyyatımızda, adətlərimizdə, musiqimizdə ilahi qatlar haqda danışılmalı, ilahi eşq və irfana əsaslanan mənəvi irsimiz xalqımıza tanıdılmalıdır. Bunun üçün müxtəlif səpkidə keyfiyyətli verilişlər və filmlər, elmi və bədii əsərlər hazırlanmalı, məsciddə müvafiq xütbələr söylənilməli və tədbirlər təşkil olunmalıdır. Ziyalılarımız məscidə, din xadimlərimiz universitetlərə getməli, dindar-ziyalı dialoqu yüksək səviyyədə təşkil olunmalı, müxtəlif konfessiyaların nümayəndələri birlikdə ictimai müzakirələr aparmalı, dini icmalar xeyriyyə tədbirlərində öncüllük göstərməlidir. Bütün bunları adekvat qarşılamaq və ifratçılığa yol verməmək  üçün cəmiyyətimiz kifayət qədər yetkinləşib. Azərbaycanda bu tədbirlərin şəffaf şəkildə və sağlam müstəvidə həyata keçirilməsi üçün bütün şəraitlər mövcuddur".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məktəblər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 18:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com