Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2018
15:45
Azərbaycan və Belarus prezidentinin təkbətək görüşü keçirilib

Noyabrın 19-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Prezidentinin Belarusa rəsmi səfəri davam edir.

***

Bu gün təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

Belarusiya prezidenti qeyd edib ki, Azərbaycan haqqında çox danışırdılar: "Dediyim kimi, bunun səbəbləri çox idi. Səbəblər əsasən xoşniyyətli idi. Beloruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər. Bu, həm Prezidentlər arasında, həm hökumətlərarası komissiyada, həm də ticari-iqtisadi sahədə münasibətlərə aiddir. Bunu demək kifayətdir ki, təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb.

Bir daha təsdiqləmək və Sizi əmin etmək istəyirəm ki, bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq. Kiminsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, bizim köklərimiz sovet dövrünə və bəlkə daha uzağa gedib çıxır – 10-15 nəsil bundan əvvəlki həmvətənlərimiz Sizin həmvətənlərinizlə yaxşı münasibətdə olublar. Siz tarixçi kimi bunu yaxşı bilirsiniz. Buna görə də Sizi Belarus torpağında salamlayırıq. Bizə tez-tez gəlin. Hava bugünkü kimi olmayanda gəlin. Hərçənd, bunun da bir ləzzəti var - xüsusən Bakının quru küləyindən sonra. Düşünürəm ki, qışqabağı Minskdə olmaq və ona tamaşa etmək Sizin üçün faydalı olacaq. Onun öz gözəlliyi var. Ən azı onu görmək lazımdır. Buna görə şadam ki, Siz bizə təşrif gətirmisiniz. Danışmağa mövzu var. Bizim bütün sahələrdə - həm ticari-iqtisadi, həm diplomatik, həm siyasi münasibətlərimiz yaxşıdır, hərbi sahədə yaxşı münasibətlərimiz var. Lakin mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır. Buna görə əminəm ki, Sizin Belarusa bugünkü səfəriniz perspektivdə bizim münasibətlərimizin möhkəmlənməsi yolunda yeni addım olacaq".

“Yenidən qardaş Belarus torpağında olmağıma çox şadam. Bildiyiniz kimi, bu, Sizin ölkənizə mənim ilk səfərim deyil. Mən Belarusda tez-tez oluram, Siz də Azərbaycana tez-tez rəsmi səfərlər edirsiniz. Bu, bizim yaxşı münasibətlərimizin, məhz ölkələrimiz arasında çox yaxın dostluq əlaqələrinin göstəricisidir. Bu əlaqələrin çox mühüm tarixi aspekti var. Xalqlarımız onilliklər boyu bir-biri ilə fəal ünsiyyətdə olub, əməkdaşlıq ediblər, müstəqillik dövründə isə bu əməkdaşlıq, əlbəttə ki, tamamilə yeni səviyyəyə çatıb”.

Bunu Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmkarı Aleksandr Lukaşenko ilə təkbətək görüşü zamanı deyib.

“Bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələri yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır. Vacib olan odur ki, bizim dostluq əlaqələrimiz ölkələrimizin cəmiyyətləri tərəfindən də çox müsbət qəbul edilir. Bilirəm ki, Belarusda da Azərbaycana çox xoş münasibət bəsləyirlər, Azərbaycanda isə Belarusu həqiqətən qardaş ölkə və nəinki keçmiş SSRİ məkanında, həm də dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər. Bunun səbəbləri çoxdur, o cümlədən Sizinlə şəxsi münasibətlərimiz. İnsanlar bütün bunları - bizim məsələləri necə həll etməyimizi, qarşıya qoyulmuş hədəfə doğru necə getməyimizi görür və qiymətləndirirlər. Son illər bizim münasibətlərimizin fəallaşması, Sizinlə razılaşdırdığımız məsələlərin həlli dövrüdür. Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz bütün məsələləri yerinə yetiririk. Biz bütün beynəlxalq qurumlarda bir-birimizi dəstəkləyirik, əməkdaşlıq edirik, Sizin qeyd etdiyiniz kimi, ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir. Sənaye kooperasiyası çox fəal inkişaf edir. Hərbi-texniki, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın da yaxşı tarixi var. Yəni, biz bütün istiqamətlərdə müsbət, yaxşı əhval-ruhiyyə, konkret nəticələr görürük və əlbəttə, əminəm ki, mənim budəfəki səfərim həm görülmüş işləri müzakirə və təhlil etmək, onlara müəyyən yekun vurmaq, həm də gələcək əməkdaşlıq, yaxınlaşma yollarını müəyyən etmək üçün bir imkandır. Əminəm ki, bu gün biz bu istiqamətdə mühüm qərarlar qəbul edəcəyik”, - dövlət başçısı əlavə edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan Belarus 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 21:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com