Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
15:11
Universitetlərin orta təhsil vermək hüququ kollecləri sıradan çıxaracaqmı?

“Azərbaycanda ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququn verilməsi, heç də kolleclərin ləğvi anlamına gəlmir. Sadəcə, təhsil müəssisəsi ali təhsil və əlavə təhsil proqramlarını həyata keçirən hüquqi şəxs statusuna malik olmaqla yanaşı, həm də orta ixtisas təhsili verən ali təhsil müəssisəsi statusu alır”

Bu sözləri açıqlaması zamanı təhsil eksperti Nadir İsrafilov deyib. Onun sözlərinə görə, təhsil sahəsində edilən hər hansı yenilik hamı tərəfindən birmənalı qarşılanmır:

“Bu təbiidir, çünki hər kəsin öz düşüncə tərzi olduğu kimi,  məsələnin mahiyyətinə yanaşması da fərqlidir. Məsələn, bəzi dövlət təhsil müəssisələrinə standartlardan əlavə tədris edilən, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququnun verilməsi, bir çoxları tərəfindən dövlət təhsil müəssisələrinin pullu olması barədə fikir yaratdı. Halbuki, hüququn verilməsi heç də dövlət təhsil müəssisələrinin pullu olması demək deyil.

Bu, universitetlərdə öz maliyyə mənbələrini tənzimləmək və digər çıxarlarını qarşılamaq üçün könüllülük prinsipi əsasında əlavə imkan yaratmaq üçündür.

Eləcə də, Azərbaycanda ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququn verilməsi, heç də kolleclərin ləğvi anlamına gəlmir. Sadəcə, təhsil müəssisəsi ali təhsil və əlavə təhsil proqramlarını həyata keçirən hüquqi şəxs statusuna malik olmaqla yanaşı, həm də orta ixtisas təhsili verən ali təhsil müəssisəsi statusu alır”

Ekspert hesab edir ki, bir-birini təkrarlayan, lazımı maddi- texniki bazaya, müvafiq infrastruktura, peşəkar pedaqoji potensiala malik olmayan, sağlam rəqabətə dözməyən kolleclərin bağlanması, eyni ixtisasdan olanların isə ali məktəblərin nəzdində fəaliyyət göstərməsi qaçılmazdır:

“Bu istiqamətdə müəyyən işlər görülüb və görülməkdədir. Bununla belə, Təhsil qanunvericiliyinə əsasən, orta ixtisas təhsili müəssisələrinin növü  kollecdir. Kollec, orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.

Dəyişiklikdə konkret şəkildə vurğulanıb ki, ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, bakalavriatı başa vurmayanların öz arzusu ilə universitetin orta ixtisas təhsili pilləsinə köçürülməsi Nazirlər Kabineti tərəfindən müəyyən olunan qaydada həyata keçirilir.

Yəni, bu halda söhbət kütləvilikdən deyil, “təsisçinin razılığı”ndan və “şəxslərin öz arzusun”dan gedir”

Xatırladaq ki, Azərbaycanda ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququ verilib. Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliklər edib. Nizamnamənin indiyədək mövcud olan variantına əsasən, ali təhsil müəssisəsi müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir.

Nizamnaməyə edilən yeni dəyişikliklərə əsasən isə ali təhsil müəssisəsi “Təhsil haqqında” qanuna uyğun olaraq ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir.

Ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə ali təhsil müəssisəsinin orta ixtisas təhsili pilləsinə köçürülməsi Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

Ali təhsil müəssisələrində “Təhsil haqqında” qanuna uyğun olaraq psixoloji xidmət təşkil olunur./AzEdu

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Nadir İsrafil 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 19:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com