Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
10:23
1605
Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür

İmam Hadi (ə) buyurur: «Məndən sonra imam, doğrudan da, mənim övladım Həsən (ə), ondan sonra isə onun övladı Qaimdir. Qaim yer üzünü zülm bürüdükdən sonra onu ədalətlə doldurasıdır».

Ləqəbləri: Əsgəri, Zəkiyy, Xalis, Sirac, Müşəffi, Hadi, Səxiyy, Samit, Mövla, Rəfiq, Müzi, Mürzi, Müstəvdi.

Künyəsi: Əbu Muhəmməd.

Bu gün, hicri qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 8-də müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) şəhadət günüdür.

İmam Həsən Əsgərinin (ə) atası, İmam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib. O, 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəmid tərəfindən zəhərlənərək şəhid edilib.

Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. İmamlıq dövrü altı il olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və İraqın Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur.

İmam Həsən Əsgəri (ə) İmam olduğu qısa müddət ərzində bir-birindən zalım olan üç Abbasi xəlifəsinin müasiri olmuşdur. Bu üç xəlifə aşağıdakılar olmuşlar:

1) Əl-Mötəzz Billah (252–255 h.q)

2) Əl-Mühtədi Billah (255–256 h.q)

3) Əl-Mötəmid (256–279 h.q).

İmam Həsən Əsgəri (ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əsgər adlı bir yerdə saxlanıldığı üçün "Əsgəri" adlandırılmışdı. O həzrətin əsas fəaliyyəti xalqın qeyb dövrünə hazırlanması olmuşdur. İmam Mehdinin (əc) dünyaya gəlişinin yaxınlaşması, qeyb dövrünün xüsusiyyətləri haqqında xalqa agahlıq verilməsi, şiələrlə birbaşa əlaqələrin məhdudlaşdırılması İmam Həsən Əsgərinin əsas fəaliyyətlərindən olmuşdur.

İmam çətinliklə də olsa, İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş  şagirdlər yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir.

Tarixi qaynaqlara əsasən, İmam Həsən Əsgəri (ə) müsəlmanlar arasında tanınmış şəxsləri seçib müxtəlif yerlərə nümayəndə göndərmiş, onlarla əlaqə saxlayaraq bütün müsəlmanlara nəzarət edə bilmişdir. İmamın fəliyyətlərindən biri də müsəlmanları, xüsusən də yaxın dostlarını maddi cəhətdən təmin etmək olub. Müsəlmanlardan bir neçəsinin İmamın hüzuruna gedib yoxsulluqdan şikayətlənməsi, İmamın da onların maddi ehtiyacını ödəməsi, hətta bəzən özləri şikayətlənmədən İmam özü onların maddi ehtiyacını aradan qaldıraraq maddi çətinlik ucbatından xəlifəyə tərəf cəlb olunmasının qarşısını alırdı.

İmam Həsən Əsgərinin cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o Həzrətə olan diqqətinin artdığını, zindanın, təzyiq və işgəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə  üsullarına əl atıb İmamı gizlincəsinə zəhərləyir.

İmamdan hədislər:

1. Adamın belini qıran fəlakət odur ki, yaxşı iş görəndə gizlədən, pis hərəkət görəndə car çəkib yayan qonşusu olsun.

2. İnsanların ən pərhizkarı (təqvalısı) odur ki, şübhə anında durmağı bacarsın (yəni şübhəli işlərdən uzaq dursun). İnsanların ən ibadətkarı vacib ibadətləri yerinə yetirən şəxsdir (yəni vacibata tam əməl etməyincə müstəhəbbata keçməyəndir). İnsanların ən zahidi haramlardan kənar duran adamdır. İnsanların ən çalışqanı isə günahları tərk edəndir.

3. Yaxşıların yaxşıları sevməsi yaxşılar üçün savabdır. Pislərin yaxşıları sevməsi yaxşılar üçün üstünlükdür. Pislərin yaxşılara ədavəti yaxşılar üçün bəzəkdir. Yaxşıların pislərə ədavəti pislər üçün rüsvayçılıqdır.

4. Hər bir izzətli adam haqqa arxa çevirsə, zəlil olar. Hər bir zəlil adam haqqa üz çevirsə, izzət qazanar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İmam Həsən Əsgəri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 13:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com