Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2018
14:37
Fiziki şəxslərin gəlir vergisinə ediləcək dəyişikliklər

Xəbər verildiyi kimi, 2019-cu ildən etibarən Vergi Məcəlləsində ciddi yeniliklər olacaq. Bu dəyişikliklərin bir hissəsi fiziki şəxslərin gəlir vergisinə aiddir.

Əhali və biznes üçün maraqlı olduğunu, eləcə də Vergilər Nazirliyi və Milli Məclis tərəfindən hələ də ictimaiyyətə açıqlanmadığını nəzərə alaraq, bu dəyişiklikləri təqdim edirik.

Vergi Məcəlləsinə aşağıdakı məzmunda 96.5-ci maddə əlavə edilsin:

“96.5. Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.”;

98.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 98.2.7-ci maddə əlavə edilsin:

“98.2.7. işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği.”;

101-ci maddə üzrə:

101.1-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:”;

101.1-ci maddənin 1-ci cədvəldən sonrakı ikinci və üçüncü hissələri ləğv edilsin;

aşağıdakı məzmunda 101.1-1-ci – 101.1-6-cı və maddələr əlavə edilsin:

“101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir   Verginin dərəcəsi

8000 manatadək -0 faiz

8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin -14 faizi

101.1-2. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

101.1-3. Fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu Məcəllənin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə uyğun olaraq hesablanır və aidiyyəti üzrə ödənilir. Bu Məcəllənin 150.1.3-cü və 150.1.7-ci maddələri tətbiq edilərkən gəlir vergisi bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan verginin dərəcəsi müvafiq olaraq pensiya alan və xidməti göstərən şəxsin gəlirlərinə tətbiq edilməklə hesablanır.

101.1-4. Vergi ödəyicisi neft-qaz sahəsində fəaliyyətlə yanaşı digər sahələrdə fəaliyyət göstərdiyi halda müxtəlif vergi dərəcəsi tətbiq edilən fəaliyyət sahələrinə cəlb edilən işçilərin uçotunu ayrılıqda aparır. Belə uçot aparılmadığı halda vergilər bu Məcəllənin 101.1-ci maddəsinə uyğun olaraq hesablanır.

101.1-5. Bu Məcəllənin 101.1-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahəsinə bilavasitə cəlb edilməyən və bölüşdürülməsi mümkün olmayan inzibati idarəetmə xərclərinə aid olan mühasibatlıq, audit, hüquq, məsləhət, məlumatların təhlili və emalı işlərinin yerinə yetirilməsi üzrə əməkhaqqı xərclərinə görə gəlir vergisi bu Məcəllənin 101.1-1-ci maddəsinə uyğun olaraq hesablanır.

101.1-6. Bu Məcəllənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

101.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“101.2. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.”;

aşağıdakı məzmunda 101.6-cı maddə əlavə edilsin:

“101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.”;

102-ci maddə üzrə:

102.1.6-cı maddədə “ölkə üzrə yaşayış minimumunun 1 misli” sözləri “200 manat” sözləri ilə, “ölkə üzrə yaşayış minimumunun 12 misli” sözləri “2400 manat” sözləri ilə əvəz edilsin;

102.1.8-ci maddədə “pensiya sığortası üzrə işəgötürənin” sözlərindən sonra “sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən” sözləri əlavə edilsin;

102.1.17-ci maddədə “və maliyyə bazarlarına nəzarət orqanının” sözləri “dövlətin adından yaradılan və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan publik hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin;

aşağıdakı məzmunda 102.1.22-1-ci maddə əlavə edilsin:

“102.1.22-1. Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri;”;

102.1.23-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.24-cü – 102.1.29-cu maddələr əlavə edilsin:

“102.1.24. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır;

102.1.25.qanuna uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;

102.1.26. müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi;

102.1.27. vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi;

102.1.28. müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilən maddi yardım (dəstək);

102.1.29. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəmanət verilmiş kredit üzrə ödəniş edilməsi hallarında borcalanların borclarının ödənilməsinin nəticəsi kimi əldə edilən gəlirləri.”;

102.2.5-ci maddədə “(ərlərinin)” sözündən sonra “və övladlarının” sözləri əlavə edilsin.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : vergi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 14:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com